Müğənni Rəqsanə İsmayılovanın həbsinin təfərrüatı məlum olub.

"AzPolitika" Milli.Az-a istinadən xəbər verir ki, o, vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir.

Sayt bildirir ki, müğənni 2 il əvvəl Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağına vəd verərək dələduzluq əməlini törədib.

Həmin iş adamının yaxınlarının Rəqsanə İsmayılovaya 520 min dollar pul verdiyi deyilir.

Lakin 2 il keçməsinə baxmayaraq həmin şəxs azadlığa buraxılmayıb.

Bildirilir ki, həmin şəxslərin şikayətindən sonra cinayət işi başlanıb və Rəqsanə İsmayılova polis əməkdaşları tərəfindən tutulub. Müğənni barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

***

Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.

"AzPolitika"nın verdiyi məlumata görə, araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.

“Qafqazinfo”nun məlumatına görə, müğənninin ittihamı xüsusilə külli miqdarda dələduzluq cinayətində aiddir.

Rəqsanəyə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu maddənin sanksiya həddində 10 ildən 14 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Amma dələduzluq cinayətində dəymiş ziyanın tam ödənilməsi və cinayət nəticəsində dəymiş ziyanın 50 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

"AzPolitika.info"