Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Daxili Qoşunları haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb və bir sıra təkliflərlə çıxış edib.
“AzPolitika” xəbər verir ki, deputat çıxışına qarşıdan gələn Zəfər Günü münasibətilə Silahlı Qüvvələri, Daxili Qoşunların əsgər və zabitlərini, həmçinin Daxili İşlər Nazirliyinin əməkdaşlarını təbrik etməklə başlayıb. O qeyd edib ki, bu qələbənin əldə olunmasında onların da xüsusi rolu olub. Həsənquliyev xatırladıb ki, ölkədə hərbi vəziyyət elan olunduqdan dərhal sonra respublika üzrə daxili işlər naziri komendant təyin olunub və qələbədən sonra daxili işlər naziri Vilayət Eyvazov Prezident İlham Əliyev tərəfindən ölkənin ikinci yüksək təltifi olan “Zəfər” ordeni ilə təltif edilib. Deputat bunu daxili qoşunların xidmətinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirib.
Millət vəkili daha sonra qanun layihəsinin 8.2.14-cü maddəsi ilə bağlı təklifini səsləndirib: “Burada qeyd olunur ki, daxili qoşunların komandanı ‘Dövlət satınalmaları haqqında’ Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daxili qoşunların silah, xüsusi vasitələr, döyüş texnikası və xüsusi texnika ilə təmin edilməsi üçün müqavilələr bağlayır. İnkişaf etmiş, qanunun aliliyinin və hakimiyyət bölgüsünün təmin olunduğu bütün ölkələrdə silahlı qüvvələrə nəzarəti, həmçinin kənar nəzarəti Milli Məclis – yəni qanunverici orqan həyata keçirir. Ona görə də təklif edirəm ki, bu bəndə əlavə olunsun: həmin müqavilələr Milli Məclisin müvafiq komitələri tərəfindən təsdiq edilsin. Bu, birbaşa nəzarətin təmin olunması baxımından son dərəcə vacibdir”.
Deputat daha sonra daxili qoşunların şəxsi heyəti məsələsinə toxunaraq bildirib: “Həm daxili qoşunların akademiyasında təhsil alan kursantlarla, həm də zabitlərlə işə qəbul zamanı əmək (hərbi xidmət) müqaviləsi bağlanmalıdır. Müqavilənin nümunəvi forması bu qanuna əlavə edilməlidir və orada onların hüquq və vəzifələri dəqiq göstərilməlidir. Düzdür, ‘Hərbi qulluqçuların statusu haqqında’ qanun mövcuddur və bu qanunda daxili qoşunların əsgər və zabitlərinin statusu müəyyən olunub. Lakin təəssüf ki, həmin qanuna əməl edilmir”.
Həsənquliyev əlavə edib ki, daxili qoşunlarda xidmət etmiş və hazırda ehtiyatda olan 71 zabit bu məsələ ilə bağlı ona müraciət edib: “Bu müraciətlərin hamısı Milli Məclis vasitəsilə daxil olub. Onlar xahiş edirlər ki, parlament bu qanunun icrasının təmin olunmasına kömək etsin. Hazırda onlara mənzillər verilmir. Keçən dəfə hörmətli Əli müəllim Prezidentin fərmanına istinad etdi, amma Prezidentin fərmanında nə sərhəd qoşunlarına, nə də daxili qoşunların hərbi qulluqçularına ev verilməməsinə dair hər hansı müddəa yoxdur. Bu məsələ ‘Hərbi qulluqçuların statusu haqqında’ qanunun 12-ci maddəsinin 7-ci bəndinin tələbidir və mütləq həllini tapmalıdır. Həmçinin bu məsələ də müqavilədə öz əksini tapmalıdır”.
Deputat növbəti olaraq qanun layihəsinin 14-cü maddəsi ilə bağlı təklifini səsləndirib. O qeyd edib ki, daxili qoşunların vəzifələrinin icrasına yalnız müəyyən hallarda – ölkədə fövqəladə və ya hərbi vəziyyət elan olunduqda cəlb edilməsinə dair dəyişiklik edilməlidir: “Konstitusiyanın 109-cu maddəsinin 28-ci bəndinə əsasən, Prezident silahlı qüvvələrdən təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına razılıq verilməsi üçün Milli Məclisə təqdimat verir. Daxili qoşunlar da silahlı qüvvələrin tərkib hissəsidir. Yəni daxili qoşunlar yalnız o hallarda vəzifələrin icrasına cəlb olunmalıdır ki, ölkədə fövqəladə vəziyyət elan edilib. Məsələn, dövlət institutlarının fəaliyyəti üçün təhlükə, qiyam və ya çevriliş cəhdi, vətəndaşların təhlükəsizliyinə təhdid və ya kütləvi ixtişaşlar baş verərsə, Prezident fövqəladə vəziyyət elan etməli və bundan sonra daxili qoşunlar fəaliyyətə cəlb olunmalıdır”.
Deputat əlavə edib: “Hazırda ölkədə sabitlik mövcuddur. Daxili İşlər Nazirliyinin çevik polis alayı və xüsusi təyinatlı dəstələri öz vəzifələrini layiqincə yerinə yetirirlər. Buna görə hesab edirəm ki, daxili qoşunlardan ölkə daxilində yalnız bu iki halda – hərbi və ya fövqəladə vəziyyət elan olunduqda istifadə edilməlidir”.
Qüdrət Həsənquliyev həmçinin silahlı qüvvələrin fəaliyyətinə parlament nəzarətinin olmaması problemini qaldırıb: “‘Silahlı qüvvələr haqqında” qanun qəbul edilərkən də bu məsələyə toxunmuşdum. Bizdə silahlı qüvvələrin fəaliyyətinə parlament nəzarəti yoxdur. Halbuki, dünyanın bütün inkişaf etmiş ölkələrində bu nəzarət mexanizmi mövcuddur. 29-cu maddədə göstərilir ki, daxili qoşunların fəaliyyətinə ümumi nəzarəti Silahlı Qüvvələrin Ali Baş Komandanı həyata keçirir, idarədaxili nəzarəti isə müvafiq icra hakimiyyəti orqanının rəhbəri və daxili qoşunların komandanlığı həyata keçirir. Lakin burada kənar nəzarət – yəni parlament nəzarəti nəzərdə tutulmayıb. Mən hesab edirəm ki, bu maddəyə əlavə edilməlidir: daxili qoşunların fəaliyyətinə kənar nəzarəti Milli Məclisin müvafiq komitəsi həyata keçirsin. Silahlı şəxslərin üzərində mütləq mülki nəzarət olmalıdır. Əks halda, orada baş verən nöqsanları vaxtında aşkar edib aradan qaldırmaq mümkün olmayacaq. Bu, həm dövlətin təhlükəsizliyi, həm də mümkün qanunsuzluqların qarşısının alınması baxımından vacibdir”.
Deputat sonda səsləndirdiyi fikirlərlə bağlı spiker Sahibə Qafarovanın sualını da cavablandırıb: “Çox maraqlı və doğru sualdır. Mən ABŞ nümunəsini gətirmək istəyirəm. Daxili qoşunlarda hər hansı qanun pozuntusu baş verdikdə müvafiq parlament komitələri dinləmələr keçirə, komitə üzvlərinin hərbi hissələrə və birliklərə mütəmadi səfərlərini təşkil edə, əsgər və zabitlərlə görüşlər apara bilər. Bundan başqa, alınan silahların qiymətləri, həcmi və məqsədəuyğunluğu komitələrdə müzakirə olunmalı, həm silah satışı, həm də alışı yalnız komitələrin razılığı ilə həyata keçirilməlidir. Belə bir nəzarət sistemi qurularsa, hərbi hissələrdə nizamnamə pozuntularını və digər nöqsanları vaxtında aşkar edib aradan qaldırmaq mümkün olar. İnkişaf etmiş bütün ölkələrdə silahlı qüvvələr parlament komitələri ilə birgə işləyir. Hesab edirəm ki, bizdə də belə mexanizm tətbiq olunarsa, bu, həm ümumi işin xeyrinə, həm də büdcə vəsaitlərinin xərclənməsinə nəzarətin gücləndirilməsinə xidmət edər”.
“AzPolitika.info”


Şərhlər
Azərbaycanda olmayan şeylərin partiyası ! Bu adı haradan oğurlamıspnpz?