Menu

Rusiya Ukraynanı qadağan edilmiş raketlərlə vurur – Avropa narahatdır

31.10.2025, 16:33
Rusiya Ukraynanı qadağan edilmiş raketlərlə vurur – Avropa narahatdır

Cəbhədə heç bir ciddi uğur qazana bilməyən Rusiya eskalasiyanı artırmaq üçün daha təhlükəli vasitələrə əl atır.

“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyinin iki yüksək vəzifəli Ukrayna rəsmisinə istinadla verdiyi məlumata görə, bu ilin avqust ayından bəri Rusiya Ukrayna ərazisinə ən azı 23 ədəd “9M729” raketi atıb.

Vaxtilə ABŞ-nin Orta Mənzilli Nüvə Qüvvələri (INF) Müqaviləsindən çıxmasının səbəbi olan bu raketlər həm adi, həm də nüvə başlıqları daşıya bilər.

“Reuters”-in məlumatına görə, onların ilk istifadəsi 2022-ci ildə baş verib və son aylarda müntəzəm hala gəlib. Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa deyib ki, Moskva “9M729” raketlərini real döyüş şəraitində ilk dəfə Ukraynada istifadə edib. “9M729” raketi Donald Tramp administrasiyasının 2019-cu ildə INF Müqaviləsindən çıxmaq qərarına gəlməsinin səbəblərindən biri olub. Vaşinqton o zaman onun mənzilinin 500 km həddini aşdığını əsas gətirmişdi. Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, raketin faktiki mənzili təxminən 2500 km ola bilər. Sibiqa qeyd edib ki, "Rusiyanın INF Müqaviləsi ilə qadağan edilmiş “9M729” raketindən istifadə etməsi Vladimir Putinin ABŞ-nin və şəxsən Prezident Trampın diplomatik səylərinə etinasızlığını nümayiş etdirir".

Hərbi mənbələrin məlumatına görə, 5 oktyabrda Rusiya tərəfindən buraxılan raketlərdən biri 1200 km-dən çox məsafə qət edərək Ukraynadakı hədəfə çatıb. Ekspertlər vurğulayırlar ki, “9M729”-un istifadəsi təkcə Rusiyanın uzaqmənzilli zərbə imkanlarını genişləndirmir, həm də Avropa ölkələri üçün yeni təhlükəsizlik riskləri yaradır. Britaniyanın Moskva və Kiyevdəki keçmiş hərbi attaşesi Con Forman bununla bağlı deyib: "Əgər Rusiyanın nüvə daşımaq qabiliyyətli raketlərdən istifadə etdiyi təsdiqlənərsə, bu, təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün problemə çevriləcək".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol