Ötən il Azərbaycanda əmək pensiyaçıların ümumi sayı 1 milyon 98 min 651 nəfər olub.
"AzPolitika" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, il ərzində pensiya ödənişlərinə 7,1 milyard manat vəsait xərclənib ki, bu da əhaliyə yönəldilən ümumi sosial ödəniş xərclərinin 97,6 %-dən çoxunu təşkil edib.
Z. Mirzəyev qeyd edib ki, ötən il orta aylıq pensiya 2024-cü illə müqayisədə 9,3 % artaraq 543 manata, yaşa görə pensiya isə 9,1 % artaraq 578 manata çatıb.
“Orta pensiya orta aylıq əməkhaqqının 49.9 faizini, yaşa görə isə 53.2 faizini təşkil edib. Bu göstəricilər beynəlxalq təşkilatların tövsiyə etdiyi 40-60 faizlik mütənasiblik normativlərinə tam uyğundur”, - deyə, o bildirib.
Zəka Mirzəyev bildirib ki, Azərbaycanda bu il əmək pensiyalarında artım 9 % ətrafında olacaq.
Onun sözlərinə görə, bu il orta pensiya məbləğinin 543 manatdan 590 manata, yaşa görə pensiya məbləğlərinin isə hazırkı 578 manatdan 629-630 manata çatacağı proqnozlaşdırılır.
"Ötən il əmək pensiyalarında 8,1 %-lik indeksləşdirilmə aparılıb, lakin orta aylıq göstərici həmin faiz göstəricisindən də yuxarı olub, yəni 9 %-dən də yuxarı.
Əmək pensiyalarında artım bildiyiniz kimi əsasən "Əmək pensiyaları haqqında" qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə yolu ilə həyata keçirilir. Bu Dövlət Statistika Komitəsinin elan etdiyi əvvəlki ilin orta aylıq əməkhaqqı məbləğinin nominal artım göstəricisinə uyğun şəkildə həyata keçirilir. Hələ ki, bu göstərici rəsmi şəkildə açıqlanmayıb.
Lakin çox güman ki, yaxın günlərdə bununla bağlı rəsmi açıqlama olacaq və gözləntimiz ondan ibarətdir ki, operativ məlumatlara görə əmək pensiyalarında artım, indeksləşdirmə tətbiq ediləcək artım hesabına 9 % ətrafında olacaq", - Z. Mirzəyev bildirib.
O xatırladıb ki, ötən il əmək pensiyalarının illik indeksləşdirilməsi (8,1 %) ilə bağlı DSMF-nin büdcəsindən əlavə 520 milyon manat vəsait ayrılıb.
Z.Mirzəyev qeyd edib ki, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 16 % artırılaraq 400 manata çatdırılıb: "Eyni zamanda, 2025-ci il fevralın 1-dən minimum pensiya 14,3 % artırılaraq 320 manat müəyyən edilib".

Zəka Mirzəyevin sözlərinə görə, pensiya kapitalını vaxtından əvvəl almaq dünyada təcrübəsində mövcud deyil.
O bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, pensiya kapitalı – şəxsin fərdi hesabının sığorta hissəsində yığılan vəsaitlərdir:
“Bu vəsait yalnız pensiya hüququ yarandıqda istifadə oluna bilər. Beynəlxalq təcrübədə məcburi dövlət sığortası üzrə yığılan vəsaitlərin vaxtından əvvəl alınması halları mövcud deyil. Gələcəkdə əgər özəl pensiya fondları haqqında qanun qəbul olunacaq və əlavə ödənişlər nəzərdə tutulacaqsa, bu məsələ yenidən nəzərdən keçirilə bilər”, – deyə DSMF sədri qeyd edib.
Zəka Mirzəyev bildirib ki, ötən il 76 min aztəminatlı ailənin 335 mindən çox ailə üzvünə ünvanlı sosial yardım ödənilib.
Onun sözlərinə görə, onlara 420 mln manat ünvanlı sosial yardım ödənilib: “2025-ci il dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 2025-ci il dekabrın 30-u tarixinə 200 manat ünvanlı dövlət sosial yardımı alan hər bir ailəyə ödənişlər üçün dövlət büdcəsindən 15 milyon 300 min manat ayrılıb”.
Zəka Mirzəyevin sözlərinə görə, ötən il Azərbaycanda ümumilikdə 198 min nəfərə proaktiv sosial ödəniş təyinatı aparılıb.
Onun sözlərinə görə, proaktiv və rəqəmsal sosial xidmətlərə keçid çərçivəsində ötən il bu göstərici sosial müavinətlər üzrə 81 %, əmək pensiyaları üzrə 68 %, yaşa görə pensiya növü üzrə isə 85 % olub.

Sədr qeyd edib ki, DSMF-nin göstərdiyi 79 xidmətin 96 %-i elektronlaşdırılıb: "Hazırda 46 xidmət proaktiv qaydada (vətəndaşın müraciəti və sənəd toplamasına ehtiyac olmadan) həyata keçirilir. 2025-ci ildə 258 min proaktiv xidmət göstərilib ki, bunun 198 mini proaktiv sosial ödənişlərdir".
Z. Mirzəyev bildirib ki, xəstəlik vərəqələrinə görə ödənişlər də ötən ilin may ayından etibarən real vaxt rejimində proaktiv qaydada həyata keçirilir və son 8 ayda 35 527 belə hal olub.
Zəka Mirzəyev bildirib ki, bu il Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 6 milyard 591 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Onun sözlərinə görə, bu məbləğin təxminən 68 %-i qeyri-büdcə sektorunun, 32 %-i isə büdcə sektorunda fəaliyyət göstərən təşkilatların payına düşür.
Z. Mirzəyev qeyd edib ki, Fondun büdcə daxilolmalarının digər hissəsi dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına formalaşır: "Belə ki, dövlət büdcəsinin müəyyən öhdəliklərinin maliyyələşdirilməsi məqsədilə bu il DSMF-nin büdcəsinə 1 milyard 700 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub".
O əlavə edirb ki, ötən il 5-ci sosial islahat zərfi 3 milyon nəfəri əhatə edib: "Bunun üçün 1,4 milyard manatdan çox maliyyə vəsaiti ayrılıb. İndeksləşmə ilə bağlı xərclər isə 520 milyon manat təşkil edib. Bu islahat paketi sosial müdafiə sisteminin əsas sütunlarını - əməkhaqqı, pensiya, təqaüd, sosial müavinətləri kompleks şəkildə əhatə edib".
Zəka Mirzəyev qeyd edib ki, 2026-cı il yanvarın 1-dən etibarən istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri ilə bağlı mühüm hüquqi dəyişiklik qüvvəyə minib.
Yeni qaydalara əsasən, bir sıra dövlət və bələdiyyə qurumlarında çalışan şəxslər icbari sığorta sisteminə cəlb olunacaq.
Dəyişikliklər dövlət və bələdiyyə orqanlarında, eləcə də dövlət və ya bələdiyyə mülkiyyətində olan, yaxud paylarının nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə, həmçinin dövlət adından yaradılan publik hüquqi şəxslər və büdcə təşkilatlarında çalışanlara şamil olunacaq.
Qeyd olunur ki, istehsalat təcrübəsi keçən tələbə və şagirdlər, eləcə də könüllü fəaliyyətin iştirakçısı olan könüllülər də istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta ilə təmin ediləcəklər.
"Bu sığorta mexanizminin həyata keçirilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən təmin olunacaq. Məqsəd əmək fəaliyyəti zamanı risklərə məruz qalan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onların hüquqlarının daha etibarlı qorunmasıdır", - deyə, Mirzəyev bildirib.
"AzPolitika.info"

Şərhlər
Toxun acdan xəbəri olmaz! 9.2 faiz artım deyirsiniz.Bəs ərzaq,kommunal xərclərin neç faiz artdığından xəbəriniz varmı7 Bu sezonda istilik xərci 1299 faiz artıb.ötən il illik 34 manat idi.İndı hər ay 34 manat olub.Bs.hörmətli haqlı-haqszvəzifə başına oyulanlar siz bunu necə anlaya bilirsini? Sosial vziyyət yaxşılaşdı.yoxsa daha çıxılmaz hala gətirirsiniz? Axı Azərbaycanın resursları başqa şey deyir?Bəs hanı?
Neft qaz milyardları gələn ölkədə vəziyyətimiz yaxşı deyil. Görəsən bu visdansızlar nə fikirləşirlər. Bu millətin axırına çıxmaq istəyirlərmi
Verilən Pensiya ilə qiymətlər arasında böyük fərq var. Təkcə Bir Dişin plombu 100 manatdır.
1.5manata satılan astma dərmanı ssretid diskus
47 manataddrcır Pensiyaçı dərmanlara necə
Pul çatdırsın Yemək heç
Məmurlar saxta rəqəmləri bizlərin gözünə soxmaqdan həzz alır ,ancaq xalqı savadsız saymaqla özlərinin necə zavallı duruma düşdüklərinin fərqində deyillər .Bir az gözünüzü açın ,cənablar ,həyata ( öz həyatnıza yox ) eynəksiz basanız həqiqəti dərk edə bilərsiz .Sizlər artıq Müharibədə qalib gəldiyimizi də bizə unutdurdunuz ,elə bil əvvəlki illərdə qalmışıq
Birazda Ermənistan Azərbaycan dan ucuz benzin aldığı üçün Ermənistanda benzinin qiymətinin ucuzlaşdırıb ondan danışın utanın .Dünya bazarında benzin ucuzlaşaır Azər8qiymət artır dünya bazarında neft Bahalaşır Azərbaycanda bahalaşır müqayisə edin utanın
Tanisliq tanisliq tanisliq bizi mehv eden 1ci sebeb.ilk burdan baslamaq lazimdi.kimse illerle eziyyet cekib oxuyub tehsil alib yuksek neticeler gosterir is tapmir kimsede savadi yox ancaq hansisa vezifelinin telebe yoldasi namaz yoldasidi deye gelib oturub bu mesuliyyetli vezifede
İndiki qarışq .ayrıseçkili pensiya hesalamalarını nəzərə alsanız orta rəqəmlərlə manipulyasiya olduqca səhv metoddur.İnsanlarıqrupa ayırıb,fərqli hesablamaarla pensiya məbləğinin hesablanması insanlara qarş hörmətsizlik və alçaldıcı metoddur.Pensiya təminatı vahid hesablama metodu ilə təqaüdçünün iş növü.şəxsiyyəti nəzərə alınmamalıdır.Burada yalnız işləyərkən orta aylıq maaş.iş stajı əsas olmalıdır.Təqaüdçünün hansıorqanda çalışmasıona haqsız yerə yüksək təqaüd verilməsinəəsas yaratmır.bu ayrıseçkilik və qalan insanların haqlarına müdaxilə sayılmalıdır.
Bir ilə 50 manat artıb deyirsiz,
Qaz işıq ərzaq dərman və s və s. aylıq xərclər necə manat artıb?????