Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fevralın 7-də əmək haqqı və sosial ödənişlərlə bağlı yaydığı məlumatda bildirilir ki, ilin ilk ayında gecikdirilmiş 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin təmin olunub.
Maraqlıdır, gecikmələr hansı sahədə və hansı səbəblərdən baş verib?
Bu barədə DSMF-nin açıqlamasında məlumat verilmir. Yalnız qeyd olunur ki, bu vəsait işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlərdir. Amma bunun konkret olaraq hansı ödənişlər olduğu göstərilmir.
Məlumatı şərh edən iqtisadçı Toğrul Maşallı bildirir ki, daha vacib sual ümumiyyətlə əmək haqlarının vaxtında ödənilib-ödənilməməsi ilə bağlıdır. Onun fikrincə, vaxtında edilən ödənişlər də mühüm iqtisadi indikator sayılır.
Maşallı misal olaraq qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiyaları 9,3% artırması üçün 5 gün vaxt lazım olub.
“Hesablamanın çətinliyinin səbəbini bilmirəm”, - deyə o, əlavə edir.
İqtisadçının fikrincə, əgər əməkhaqqı gecikmələri artarsa, bu, iqtisadiyyatda müəyyən problemlərin mövcudluğuna işarə edə bilər.
Toğrul Maşallı bildirir ki, məhz bu səbəbdən bir sıra ölkələrdə əmə khaqqı gecikmələri ayrıca statistik göstərici kimi izlənilir. Məsələn, Rusiyada Dövlət Statistika Komitəsi əmək haqqı üzrə gecikmələrə dair aylıq hesabat dərc edir.
Azərbaycanda isə, onun sözlərinə görə, hətta əmək haqqı ilə bağlı dəqiq və səhih məlumatlara çıxış məhduddur.
Ekspert ümid etdiyini bildirir ki, Dövlət Statistika Komitəsinin (DSK) yeni rəhbərliyi bu istiqamətdə təklifləri nəzərdən keçirəcək. O xatırladır ki, vaxtilə DSK-ya digər ölkələrin təcrübəsini nəzərə alaraq xarici ticarət məlumatlarının daha geniş formatda – HS-6 deyil, HS-8 və ya HS-10 səviyyəsində və ayrıca portal formatında təqdim olunmasını təklif edib.
Maşallının sözlərinə görə, Rusiya (hazırda sistem işləməsə də), Türkiyə, Gürcüstan və bir sıra Avropa ölkələri bu məlumatları məhz belə geniş və əlçatan formatda təqdim edir. Azərbaycan isə hələ də əsasən Excel cədvəllərlə kifayətlənir.
“Cavab olaraq bildirildi ki, belə bir plan yoxdur”, – deyə iqtisadçı qeyd edir.
İqtisadçı əlavə edir ki, rəhbərlik dəyişəndən sonra DSK hələ də aylıq detallı hesabatı paylaşmayıb.
Onun fikrincə, əmək haqqı gecikmələri və sosial ödənişlər üzrə daha şəffaf statistikanın təqdim edilməsi cəmiyyətin sosial vəziyyətini qiymətləndirmək üçün əlavə və vacib göstərici ola bilər.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Yanvarın 8den müraciət demişik. 19u baxış olub evə. Hələdə bir cavab vermirlər. Səbəbdə izah edə bilmirlər. Keçən ildə 3ay fırlatdılar. Əsl sosial yardımı ona görə.
Məndə sosyala görə cavab gözəliyərəm 2 həftədirki cavab gəlmir