İranın Ali Lideri Ayətullah Əli Xameneiyə qarşı sui-qəsd əməliyyatının təfərrüatları ortaya çıxdıqdan sonra Vladimir Putin Kremldəki ictimai tədbirlərdə iştirak etməyi dayandırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə “Financial Times” qəzetində dərc edilən məqalədə bildirilir. Qəzet hesab edir ki, Putinin bu davranışı Xameneiyə qarşı sui-qəsdə bənzər hadisənin Moskvada da baş verməsi qorxusundan irəli gəlir.

Qeyd olunur ki, İsrail kəşfiyyat orqanları hücumdan əvvəl Xameneinin hərəkətlərini haker hücumuna məruz qalmış müşahidə kameraları vasitəsilə izləyiblər. Eyni üsuldan kameralarla dolu Moskvada da istifadə etmək mümkündür.

“Aqentstvo” nəşri isə “Kremlin.ru” saytındakı rəsmi paylaşımlara əsaslanaraq qeyd edir ki, Putin sonuncu dəfə Kremldə martın 9-da ictimai tədbir keçirib. Bu, qlobal neft və qaz bazarı ilə bağlı görüş olub. Putinin mətbuat xidmətinin məlumatına görə, həmin vaxtdan bəri o, qubernatorlar, təhsil naziri və “Sberbank” rəhbəri ilə görüşüb, həmçinin Təhlükəsizlik Şurası ilə videokonfrans vasitəsilə görüşlərdə iştirak edib. Lakin bu cür görüşlər çox vaxt əvvəlcədən qeydə alınır və eyni kabinetlərlə təchiz olunmuş müxtəlif iqamətgahlarda həyata keçirilir.

Kremldə keçirilən tədbirlərdə fasilə artıq 10 gündür davam edir. Bu, ilin əvvəlindən bəri ən uzun fasilələrdən biridir. Müqayisə üçün, Yeni il tətillərindən sonrakı fasilə belə altı gündən çox olmayıb.

“Financial Times” qəzeti qeyd edir ki, İsrail kəşfiyyat orqanları Xameneini və digər rejim rəhbərlərini uzun illərdir Tehrandakı küçə kameralarına nüfuz etməklə izləyib. Kameralardan biri hökumət binalarının yerləşdiyi Pasteur küçəsində quraşdırılıb və bu da onlara kompleksin təhlükəsizlik sistemini öyrənməyə imkan verib. "Biz Tehranı Qüds qədər tanıyırdıq", - deyə kəşfiyyat mənbəyi qəzetə bildirib.

Bundan əlavə, sui-qəsddən əvvəl İsrail kəşfiyyatı telefon zənglərinin Xameneinin cangüdənlərinə çatmasının qarşısını almaq üçün mobil telefon qüllələrini də söndürüb.

Yazıda qeyd olunur ki, Moskvada nəzarət kameraları Tehrandakından da çoxdur. Odur ki, iki həftədir Moskvada mobil internetin faktiki kəsilməsi, ümumilikdə internetə tətbiq edilən məhdudiyyətlər məhz Putinin qorxusu və ümumi təhlükəsizlik tədbirlərilə əlaqəli ola bilər. O da qeyd olunur ki, bir neçə gün əvvəl Moskvaya Ukrayna PUA-larının kütləvi hücumu baş vermişdi…

Daha sonra Donetskdəki separatçı rejimin keçmiş “dövlət təhlükəsizliyi naziri" Andrey Pinçukun Kremlə yaxın “Tsarqrad” təbliğat kanalındakı paylaşımına diqqət yetirilir. Orada Pinçuk etiraf edir ki, İran liderlərinə qarşı "amansız ov"un Moskvadakı kütləvi rabitə və internet kəsintilərilə əlaqəsi var. Yəni, Kreml eyni ssenarinin Putin başda olmaqla, Rusiya rəhbərliyinə tətbiq olunacağını istisna etmir.

Nəzərə alsaq ki, Ukrayna öz hərbi imkanlarını xeyli artırıb və ABŞ başda olmaqla aparıcı dünya ölkələrinin texnologiyalarından, eləcə də kəşfiyyat məlumatlarından istifadə edir, o zaman Putinin qorxusunun təsadüfi olmadığına inanmaq olar. Bu, eyni zamanda “3 günə Kiyevi alan” Putin Rusiyasının bataqlığa batdığı müharibənin 5-ci ilində hansı acınacaqlı vəziyyətə düşdüyünün bariz nümunəsidir…

C.Məmmədli

“AzPolitika.info”