Məlum olduğu kimi, Moskvaya son səfəri zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla Vladimir Putin arasında Ermənistandakı seçkilərlə bağlı maraqlı dialoq baş verib. 

Putin açıq-aşkar Ermənistanın daxili işlərinə müdaxilə edərək, Paşinyandan Rusiya vətəndaşı olan və ruspərəst mövqeyilə seçilən müxalif siyasi qüvvələrə iyunda keçiriləcək seçkilərdə münbit şərait yaradılmasını, onların seçkidə iştirakının təmin edilməsini tələb edib. Paşinyan isə cavabında deyib ki, Ermənistan konstitusiyası xarici ölkə pasportu daşıyan vətəndaşlara seçki hüququ, eləcə də Baş nazir olmaq hüququ tanımır.

“AzPolitika” xəbər verir ki, İrəvana qayıdan Paşinyan jurnalistlərin suallarını cavablandırarkən bu mövzuya yenidən qayıtmalı olub. O, Putinin açıq təzyiqini “malalayaraq” Rusiya başçısının sadəcə, Ermənistan konstitusiyasının “incəliklərini” bimədiyini iddia edib: “Düşünmürəm ki, Rusiya Prezidentinə bu detal barədə məlumat verilib (yalnız Ermənistan vətəndaşları baş nazirliyə namizəd ola bilərlər – red.)”.

Onun sözlərinə görə, Putin, xüsusən də Rusiyanın ölçüsü və məşğul olduğu gündəliyi nəzərə alsaq, Ermənistanla bağlı bütün xırdalıqlardan xəbərdar ola bilməzdi: "Beynəlxalq gündəmin əsas oyunçusu olan Rusiya Prezidentinin gündəliyini təsəvvür edə bilərsinizmi? O, Ermənistanın Konstitusiyasını və qanunvericiliyini hərtərəfli öyrənməli idimi? Əlbəttə ki, yox. Ona hərtərəfli məlumat verilməli idi. Mən sadəcə olaraq ona bu incəliklər barədə məlumat verdim".

Beləliklə, Moskva səfərini “uğurlu” adlandıran Paşinyanın belə görünür ki, ən böyük “uğuru” Putinə barəsində bəhs etdiyi “incəliyi” başa salması olub. Rusiya başçısının Ermənistanda kimlərin qanunla Baş nazir olmaq səlahiyyətinə malik olduğunu guya bilmədiyi barədə Paşinyanın dediklərinə isə nə onun özü, nə də ona qulaq asanlar əlbəttə ki, inanmır...

C.Məmmədli

“AzPolitika.info”