ABŞ və İsrailin İrana qarşı hərbi təzavüzü zamanı Vladimir Putin rəhbərliyindəki Rusiya ziddiyyətli və çoxqatlı siyasət yürüdüb. Rəsmi bəyanatlarda Moskva Vaşinqtonu sərt tənqid edib, lakin real addımlarda Kreml maksimum ehtiyatlı davranaraq birbaşa hərbi müdaxilədən qaçıb.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrailin İrana endirdiyi zərbələri “silahlı təcavüz” kimi qiymətləndirərək bunun Yaxın Şərqi xaosa sürükləyə biləcəyini bəyan edib. BMT-də Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya dəfələrlə Vaşinqton və Təl-Əvivi hərbi əməliyyatları dayandırmağa çağırıb.

Hətta martın 9-da Donald Trump ilə telefon danışığında Putin müharibənin tezliklə dayandırılması üçün vasitəçi rolunu öz üzərinə götürmək istədiyini bildirib.

Bununla yanaşı, 7 aprel tarixində Rusiya və Çin BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazının açılması ilə bağlı qətnaməni veto edib. Moskva bu sənədin ABŞ və müttəfiqlərinə “hərbi eskalasiya üçün açıq mandat” verəcəyini iddia edib.

Rusiya uzun illərdir İranı Qərbə qarşı mübarizədə əsas tərəfdaş kimi görür. 2025-ci il yanvarın 17-də Kremlə səfər edən İran prezidenti Masud Pezeşkian ilə “hərtərəfli strateji tərəfdaşlıq” sazişi imzalansa da, sənəddə qarşılıqlı hərbi müdafiə öhdəliyi yer almayıb.

Qərb mənbələri Rusiyanın İrana kəşfiyyat məlumatları, peyk görüntüləri, pilotsuz uçuş aparatları texnologiyası verdiyini iddia edir. Lakin Rusiya XİN bu məlumatları rəsmi şəkildə təkzib edib.

Buna baxmayaraq, Donald Tramp belə Rusiyanın İrana müəyyən səviyyədə yardım etdiyini istisna etməyib və bunu ABŞ-ın Ukraynaya dəstəyi ilə müqayisə edib.

Ekspertlərin fikrincə, İranın gözləniləndən daha dayanıqlı hava hücumundan müdafiəsi böyük ölçüdə Rusiya texnologiyaları ilə bağlıdır.

Əsas sistemlər:

S-300 “Favorit” – 2016-cı ildə verilmiş və İranın əsas hava müdafiə sistemi sayılır;

S-400 “Triumf” – rəsmi təsdiq yoxdur, amma gizli tədarük ehtimalı yüksək qiymətləndirilir;

“Pantsir-S1” – aşağı hədəflərə və dronlara qarşı effektiv qoruma;

“Rezonsans-NE” və “Nebo-M” radarları – “stealth” təyyarələri aşkar etmək üçün.

Bəzi məlumatlara görə, məhz bu sistemlərin köməyi ilə ABŞ-ın F-15E təyyarəsi vurulub.

Tehran narazıdır: “müttəfiq”, yoxsa müşahidəçi?

İran rəhbərliyi açıq şəkildə Rusiyaya təşəkkür etsə də, narazılıqlar da artır:

silah tədarükündə gecikmələr (Su-35 və S-400);

Bununla belə, Tehranda hesab edirlər ki, Moskva “strateji tərəfdaşlıq” statusuna baxmayaraq, real kömək etmədi. Rusiya üçün bu müharibə bir sıra strateji üstünlüklər yaradıb. Belə ki, neft qiymətlərinin 120–150 dollara qalxması nəticəsində büdcəyə on milyardlarla əlavə gəlir gəlib.

Həmçinin Qərbin diqqətinin Ukraynadan yayındırılması da əsas dividentlərdən sayılır.

Kreml eyni zamanda İran mövzusundan ABŞ-a qarşı təzyiq aləti kimi istifadə edib. İddialara görə, Moskva Tehrana verdiyi dəstəyi məhdudlaşdırmaq müqabilində Vaşinqtondan güzəştlər tələb edib.

Müharibə zamanı Rusiya-İran iqtisadi inteqrasiyası sürətlənib. Xüsusilə Astara–Rəşt–Qəzvin dəmir yolu, “Şimal-Cənub” (INSTC) nəqliyyat dəhlizi bu əməkdaşlığın əsas sütunlarıdır.

Bu marşrut Sankt-Peterburqdan, İran üzərindən Hindistanın Mumbay limanına qədər 7200 km-lik alternativ ticarət xətti yaradır və Qərb nəzarətindən kənar sistem formalaşdırır.

Mövcud vəziyyət göstərir ki, Vladimir Putin açıq şəkildə İrana qoşulmaq istəməyib, amma onu tam tək də buraxmayıb.

Bu isə faktiki olaraq Rusiyanın müharibədə tərəf deyil, “oyun qurucu müşahidəçi” rolunu seçdiyini göstərir.

Rasim

"AzPolitika.info"