“Epşteyn məni Donald Trampla tanış etməyib...Onunla münasibətdə olmamışam”
ABŞ-nin birinci xanımı Melaniya Tramp xeyli müddətdir ki, “Epşteyn işi” ilə bağlı diqqət mərkəzindədir. Onun Epşteynin “qurbanları” siyahısında olduğu, eləcə də Donald Trampla tanışlığının da Epşteyn vasitəsilə baş verdiyi barədə iddialar var.
“AzPolitika” xəbər verir ki, M.Tramp bütün bu iddialara cavab vermək məcburiyyətində qalaraq, geniş bəyanatla çıxış edib.
Onun açıqlamaları qısa olaraq aşağıdakı tezislərdən ibarətdir:
"Mən Epşteynin qurbanı deyiləm".
“Məni məşhur Ceffri Epşteynlə əlaqələndirən yalan iddialara bu gün son qoyulmalıdır”.
“Mən heç vaxt Epşteynin dostu olmamışam”.
“Donald və mən bəzən Epşteynlə eyni məclislərə dəvət olunurduq”.
“Mən heç vaxt Epşteyn və ya onun ortağı Maksvell ilə münasibətdə olmamışam”.
“Epşteyn məni Donald Trampla tanış etməyib. Mən ərimlə təsadüfən tanış olmuşam”.
“Mən Epşteynin cinayətləri ilə bağlı adı çəkilən şahid və ya şəxs deyiləm. Mənim adım heç vaxt “Epşteyn işi” ilə bağlı heç bir məhkəmə sənədində, ifadələrdə, zərərçəkmişin ifadələrində və ya FTB-nin dindirmə hesabatlarında görünməyib”.
“Mən heç vaxt Epşteynin qurbanlarına qarşı zorakılığı barədə heç nə bilməmişəm”.
“Mən iştirakçı olmamışam, heç vaxt Epşteynin təyyarəsində uçmamışam və heç vaxt onun şəxsi adasına baş çəkməmişəm”.
“Konqresdə Epşteynin qurbanı olan qadınlara, xüsusən də sağ qalanlara yönəlmiş ictimai dinləmələr təşkil etməyə çağırıram. Bu qurbanlara Konqres qarşısında and içərək ifadə vermək imkanı və onlara and içərək ifadə vermək səlahiyyəti verin. Yalnız bundan sonra həqiqəti biləcəyik”.
“AzPolitika.info”

***
ABŞ-nin birinci xanımı Melaniya Tramp ona qarşı səsləndirilən ittihamlara sərt reaksiya verərək, pedofil maliyyəçi Ceffri Epşteyn ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib.
Ağ Evdə nadir çıxışlarından birində Melaniya Tramp bildirib ki, onun Epşteyn və onun yaxın çevrəsindən olan Gisleyn Maksvell ilə heç vaxt münasibəti olmayıb.
O, bu iddiaları “böhtan” adlandırıb və dərhal dayandırılmasını tələb edib: “Məni Epşteynlə əlaqələndirən yalanlara son qoyulmalıdır. Mən onunla dost olmamışam”.
Birinci xanım qeyd edib ki, yalnız Nyu-Yorkun eyni sosial çevrələrində olduqları üçün bəzən eyni tədbirlərdə iştirak ediblər, lakin bu, şəxsi münasibət demək deyil.

Məsələ həm də ABŞ Prezidenti Donald Tramp üçün siyasi problem olaraq qalır. Epşteyn işi uzun illərdir ABŞ siyasətində qalmaqallı mövzulardan biri sayılır və müxtəlif sənədlər onun çoxsaylı tanınmış şəxslərlə əlaqələrini üzə çıxarıb.
Melaniya Tramp çıxışında diqqəti daha çox qurbanlara yönəldərək Konqresi hərəkətə keçməyə çağırıb. O, Epşteyn tərəfindən zərər görmüş qadınlar üçün açıq dinləmələrin keçirilməsini istəyib: “Bu qadınlar dinlənilməlidir. Onların səsi eşidilməlidir”.
Ceffri Epşteyn 2019-cu ildə yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar ittihamı ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmışdı. Onun işi ABŞ-da siyasət, biznes və maliyyə elitasını əhatə edən geniş qalmaqala çevrilmişdi.
Açıqlanan sənədlərdə Melaniya Trampın 2002-ci ildə Maksvellə yazışmasının olduğu qeyd edilsə də, birinci xanım bunun yalnız səthi əlaqə olduğunu vurğulayıb.
Melaniya Trampın bu çıxışı həm şəxsi imicini qorumağa, həm də siyasi təzyiqləri azaltmağa yönəlmiş addım kimi qiymətləndirilir. Eyni zamanda, Epşteyn işi ətrafında müzakirələrin hələ uzun müddət ABŞ siyasətinin gündəmində qalacağı görünür.
Rasim
"AzPoltika.info"

Şərhlər