"Bu, Ali Məclis sədrinin tapşırığı idi. Pulların hamısını Maliyyə Nazirliyi görürdü”
“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” (AAYDA) publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
“AzPolitika” xəbər verir ki, hakim Arzuyar Kərimovun sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda təqsirləndirilən şəxsin ifadəsi dinlənilib.
Müttəhim Bəhruz Əsgərov bildirib ki, o, 2009-cu ildə “Naxçıvan Avtomobil Yolları Dövlət Şirkəti”nə baş direktor vəzifəsinə təyin edilib: “Daha sonra publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışmışam. Qurumun 8 idarəsi olub və azad olunana kimi mənə heç kim heç nə deməyib. Maliyyə Nazirliyi tərəfindən yoxlamalar aparıldı, mən onların heç birində iştirak etməmişəm. Bəzi idarələrin 2018-ci ildə olmalı yoxlamaları 2023-cü ildə başladıldı.
Bizə sifarişlər Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən gəlirdi, buna uyğun olaraq “Forma 2”lərin əsasında pul ayrılırdı. Ayrılan pullardan Səbuhi Məmmədovun xəbəri var idi. Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov sifarişi verirdi, gedib baxırdıq, ölçürdük. Yolların çəkilməsinə ayrılan vəsaitin üzərinə əlavə olaraq 12 faiz qoyulurdu. Sonra hər ay iclas olurdu, orada gördüyüm işlər barədə məlumat verirdim. Sonra baş nazir Səbuhi Məmmədov sərəncam imzalayırdı, pul ayrılırdı.
Yol idarələrinin müdirləri götürülən yola ayrılan pulların 10 faizini gətirib mənə verirdilər, mən də elə həmin gün aparıb Hicran Rüstəmova təqdim edirdim. O da pulu Seymur Talıbova (Vasif Talıbovun oğlu - red.) çatdırırdı. 2022-ci ilədək bu belə davam edirdi. Digər iki faiz isə bank xərclərinə gedirdi.
Aldığımız “bonuslara”, paketlərə gəlincə, bunu maaşlarımız az olduğuna görə alırdıq. Məsələn, mühəndis 350 manat, digər işçilər daha az maaş alırdı, aldığımız bonuslar gördüyümüz işə görə verilirdi. Bu, Ali Məclis sədrinin tapşırığı idi. Pulların hamısını Maliyyə Nazirliyi görürdü”.
Təqsirləndirilən şəxs bildirib ki, 2023-cü ildə Maliyyə Nazirliyinin Mübariz adlı işçisi onun yanına gəlib: “Mübariz yanıma gələndə özü ilə bərabər Cavid adlı birini gətirmişdi. Bildirdi ki, ona 20 min manat ödəniləcək, asfaltın qalınlığını yoxlayacaqlar. Nazirlər Kabinetinə məlumat verdim, maliyyə naziri Həsən İsmayılova bildirdim, etiraz etdim. Sonra Mübariz dedi ki, görərsiniz, başınıza oyun açacağıq. Mən də dedim ki, tenderdən kənar qorxuram, onlar da tərs düşdülər. Fuad Nəcəfli gələnə kimi 2 min manata yaxın maaş alırdım. Özü Bakıya zəng etdi, ezam kimi bir nümayəndəmizi göndərdik, əməkhaqqılarımız onların maaşlarına uyğun olaraq tarazlaşdırıldı.
Özümü qismən təqsirli bilirəm. Bilsəydim belə olacaq, heç əvvəldən burada işləməzdim”.
Məhkəmə növbəti iclası mayın 1-dək təxirə salınıb.
Qeyd edək ki, Bəhruz Əsgərova Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Şərhlər
Bunu hamı bilir, lakin onlar hələ də sultan həyatı sürür
Sizcə, uyğun göstəriş almış Talıbov hansı dövlətə aidmiş? Ya, Akademik şir-mzdalarını hansı dövlətlə bölüşürmüş?
Talan qarət davam edir. Milləti bizdən olmayanlar atmaqda davam edirlər
İnandırıcı yaziya bənzəmir? Necə yəni, sivil-demokrat sayılan BMT, avropa-Aİ, AŞPA, ATƏTdə ayrılmaz hüquqlarını rəsmən iddia edən ölkəmizdə *Avtomobil Yolları Dövlət Agentliyi* öz smeta xərclərində *Şəhərsalma və Arxitektura İdarəsi* üçün 12%lik nağd-məbləğ ayırırmış? Maliyyə İdarəsinin də rizası iləmi?
Talibovlarin hakimiyətdə olduqlari dövrdə Azərbaycan dövlətciliyinə vurduqlari zərər milyardlarla ölcülür.Talibovlar Azərbaycan dövlğtciliyinə və Azərbaycan xalqina xəyanət etmişlər.Onlarin bu gün azadliqda qalmalari Azərbaycan dövlğtciliyinə qarşi ədalətsizlikdir.
"Yol idarələrinin müdirləri götürülən yola ayrılan pulların 10 faizini gətirib mənə verirdilər, mən də elə həmin gün aparıb Hicran Rüstəmova təqdim edirdim. O da pulu Seymur Talıbova (Vasif Talıbovun oğlu - red.) çatdırırdı. 2022-ci ilədək bu belə davam edirdi. Digər iki faiz isə bank xərclərinə gedirdi."... Görəsən bu Talıbovların gözü puldan niyə doymurmuş?????......