NAZİR OĞLU 2 İLLİK SUSQUNLUQDAN SONRA DANIŞDI - “Günahımız onda idi ki...”

...Şəhərin düz mərkəzində qəfildən qiyam qalxdı. İsmayıllıdakı “Çıraq” oteli minlərlə insanın gözü önündə bir andaca yanıb külə döndü.

Minlərlə adam Yemelyan Puqaçovun və ya İvan Bolotnikovun kəndli üsyanları dövründə olduğu kimi əlinə yaba və bel alıb ayağa qalxdı və hakimiyyətə od püskürməyə başladı.

Niyə məhz İsmayıllı? Niyə məhz “Çıraq”? Azərbaycan hakimiyyətinə qarşı çıxışlar niyə məhz bu sabit və inkişaf edən rayondan başladı?

Doğrudur, buna qədər də Quba hadisələri, sonuncuya qədər isə digər şəhər və qəsəbələrdə xalq etirazları olmuşdu. Amma bu sual yenə aktual olaraq qalır: bəs onda tarixin küllüyündən baş qaldıran puqaçovşina nəyə görə bu balaca rayonda mütləq hakimiyyətin toxunulmazlığının təcəssümü olan məhz bu əyalət otelinin üstünə şığıyırdı?

...Hər şey məhz külə dönmüş bu oteldən başlamışdı. O otelin sahibi isə o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri, ölkənin ən iri oliqarxlarından biri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov idi.

İsmayıllı rayonu qeyri-rəsmi idarəçilik bölgüsü qaydalarına əsasında Ələkbərovlar ailəsinə təhkim edilmişdi. Rayonun icra başçısı da Vüqarın əmisi Nizami Ələkbərov idi...

Bu vaxta qədər adı heç kimə məlum olmayan Vüqar Ələkbərovun fotoşəkilləri İsmayıllı qiyamından sonra sosial şəbəkələrdə ildırım sürəti ilə yayılmağa başladı. O zaman nəyə görəsə bütün ölkədə belə şayiələr yayıldı ki, ölkədəki sistemli sabitliyi az qala dəfn edəcək bu ümumxalq qiyamının başlanmasınını səbəbi nazir oğlunun yerlilərlə münaqişəsi olub.

Bəziləri isə hətta belə deyirdi ki, Vüqar Ələkbərov həmin vaxt sərxoş imiş. Buna görə də özünü təhqir olunmuş sayan kasıb kəndli yabasını götürərək əyalət hakimiyyətinin rəmz-qalası hesab olunan “Çıraq” otelinin üstünə yürüyüb...

Çox sonralar, hay-küylü “İsmayıllı işi” məhkəməsində isə məlum olacaqdı ki, rayon mərkəzindəki mərkəzi küçələrin birində baş vermiş bu adi dava-dalaşda nazir oğlunun özü yox, ona məxsus “Çıraq” otelinin Emil adlı inzibatçısı iştirak edib, “Puqaçov üsyanı”nın “əsas günahkarı” elan edilən Vüqar isə həmin gün ümumiyyətlə İsmayıllıda olmayıbmış...

Xalq qəzəblə ayağa qalxanda şayiələr daha çox və sürətlə yayılır ki, bu da cürbəcür rəvayətlərin uydurulmasına rəvac verir...

İsmayıllı üçün faciəvi sayılan həmin yanvar günlərindən iki il keçir. Prezident bu üsyanın bir neçə iştirakçısını bağışlayandan sonra, növbəti ildönüm ərəfəsində ilk növbədə Vüqar Ələkbərov yada düşür.

Xalq arasında gəzən rəvayətlər bu dəfə də düz çıxmadı. Məlum oldu ki, oliqarx oğlu heç də Cenevrə gölünün qırağında dincəlmir, burada - Bakıdadır. Burada yaşayır, işləyir, atasının yolunu davam etdirməyə çalışır. Vüqar Ələkbərov hazırda atası Füzuli Ələkbərovun 90-cı illərdə hüdudsuz biznes imperiyasına çevrilmiş “İmprotex” şirkətinin rəhbərlərindən biridir. O, holdinqin vitse-prezidenti postunu tutur...

V.Ələkbərov İsmayıllı hadisələrindən sonra mətbuatda görünmədi. KİV-də yalnız belə bir “xəsis” xəbər getdi ki, sabiq nazirin oğlu “İsmayıllı işi” üzrə məhkəmə prosesində iştirak edib, vəssalam...

***

İsmayıllı hadisələrinin ildönümü ərəfəsində V.Ələkbərovla görüşmək qərarına gəldim. Zəng vurdum, görüşüb virtualaz.org saytının suallarına cavab verməsini təklif etdim. Cavab vermək əvəzinə xeyli düşündü. Hiss edirdim ki, təklifdən necə imtina etmək barədə fikirləşir, amma bunu etməkdə ona nəsə mane olur.

Birdən gözləmədiyim halda dillənib belə dedi: “Bəlkə sonraya saxlayaq?”

Yox, bu şansı əldən vermək olmazdı. Əgər sonraya saxlasaydıq, bu müsahibə bəlkə də heç vaxt alınmayacaqdı.

“Sonra, yəni haçan?” - deyə jurnalist zəngindən çaşıb qalan həmsöhbətimdən əl çəkmirəm.

Sonra da öz səsimdəki tərəddüdü hiss etdirməmək üçün əlavə edirəm: “Axı mənim kimi sən də Bakının məşhur 20 saylı məktəbini bitirmisən. Gəl heç olmasa köhnə məktəb yoldaşları kimi görüşək”.

Həmsöhbətimin dəstəyin o başında gülümsədiyini hiss edirəm. Razılaşır: “Yaxşı, gəl...”

Razılaşırıq. Onunla “İmprotex” şirkətinin baş ofisindəki kabinetində görüşürük. 90-cı illərin dəbində bəzədilmiş adi bir otaqdır. Söhbətimiz də elə bundan başlayır - həmsöhbətimə ünvanladığım bir sualdan:

-Məncə, burada çoxdan bəri heç nə dəyişməyib, elə deyilmi?!

-Bu, atamın kabineti idi. O, öz biznes karyerasına 90-cı illərdə elə burada başlayıb. Mən isə bu otaqda heç nəyə toxunmamışam, heç nəyi dəyişməmişəm.

Hiss edirəm ki, Vüqar öz atasına kulta baxırmış kimi baxır. O deyir ki, evdə ağsaqqalın sözünün üstünə söz demək olmaz, bu, Ələkbərovlar ailəsinin heç vaxt pozulmayan qaydası və ailənin möhkəmliyinin əsas şərtlərindən, ailə ənənələrinin sütunlarından biridir. Bir vaxtlar Füzuli Ələkbərov özü də atasına - SSRİ KQB-sinin tanınmış zabitinə belə münasibət bəsləyib.

Bəlkə də mənə belə gəldi, amma 90-cı illər dəbindəki otaqda nəsə rahatlıq, komfort hiss olunmurdu. Üstəlik kabinet çox soyuq idi, bu otaq demək olar ki, heç qızdırılmırdı.

Bunun səbəbini Vüqardan soruşuram. Cavabından belə anlayıram ki, gənc Ələkbərov “morj”dur. Qışda çimmək, ov həvəskarıdır. İdmanla məşğul olur.

Adi rusdilli şəhər uşağı olan Vüqar nə snob, nə də puritan deyil. O, məndə heyrət doğuracaq heç bir təəssürat oyatmadı. Bizlərdən biridir...

Vüqar Ələkbərov 20 saylı orta məktəbi bitirəndən sonra ilk ali təhsilini Bakıda Qərb Universitetində alıb. Sonra isə İsveçrədə ikinci ali təhsilini alıb. Otel biznesi üzrə ixtisaslaşmış təhsil verən məşhur Glion Universitetini bitirib. Daha sonra Bakıya qayıdıb. Həyat onun qarşısında geniş üfüqlər açıb. Həmin vaxt atası əmək və əhalinin sosial müdafiəsi naziri idi. Bu vəziyyətdə oliqarx oğlunun başına hər hansı bir fəlakətin gələcəyi ağla da gəlməzdi. Lakin İsmayıllı hadisələri uğur qazanmaq şansları böyük olan gənc Ələkbərovun həyatında hər şeyi alt-üst etdi.

Vüqar Ələkbərov həmin qaynar hadisələrdən soyuq iş otağından söz açmaqla danışmağa başlayır:

-Bağışlayın, amma mən yaxşı qızdırılmış isti otaqda otura bilmirəm. Məni uşaqlıqdan ağır Sparta şərtlərinə, məsələn, soyuğa öyrədiblər.

Sizin əsas sualınıza keçək. İsmayıllı hadisələri baş verən günlərdə mənim üçüncü oğlum doğuldu. Yanvarın 24-də mən xəstəxanada idim və oğlumun doğulacağını gözləyirdim. Başa düşürsünüzmü, mən həmin gün İsmayıllıda deyildim. Qəzetlərin yazdıqlarının heç biri düz deyildi, ağ yalan idi. Həmin gün mən Nardarandakı “Sea-breeze” istirahət mərkəzində idim. Uşaqlarla, dostlarımla orada dincəlirdim. Birdən uşaqlardan kimsə həyəcanlı səslə məni çağırdı: “Vüqar, televizorda sənin otelini göstərirlər. Onlar “Çıraq” otelini yandırdılar...”

Mən baş verənlərdən sadəcə şoka düşmüşdüm. Nə baş verdiyini anlaya bilmirdim. İsmayıllıda heç kimə pisliyim dəyməyib. Bacardığım qədər hamıya kömək etmişəm. Özü də təkcə mən yox, bütün ailəmiz belə olub. Ona görə də bu hadisə məndən ötrü əsl şok effektli idi.

Hər gün dünyada müxtəlif insanlar arasında yüzlərlə, minlərlə mübahisələr olur, hansısa anlaşılmazlıqlar yaşanır. Ayrı-ayrı adamlar arasındakı bu münaqişələrin hər birindən sonra bəyəm qiyam başlayır? Adamlar məgər gedib otelləri və maşınları yandırırlar? Bu, nə cəfəngiyyatdır?!

Bəli, iki maşın toqquşmuşdu, yol qəzası olmuşdu. Hə, nə olsun?! Bundan ötrü bəyəm barrikada qurarlar?

-Əgər kütləvi narazılıq üçün heç bir ciddi səbəb yox idisə, onda minlərlə adam yerli hakimiyyətə qarşı niyə üsyan edirdi?

-Xatırlayırsınızsa, həmin il prezident seçkiləri ili idi. Çoxsaylı xarici qüvvələr ölkəmizdə vəziyyətin gərginləşməsində, sabitliyin pozulmasında maraqlı idi. Guya təkcə İsmayıllı hadisələri idi? Bəs Qubadakı iğtişaşlar? Bəs “Binə”dəki hadisələr? Bəs bir əsgərin ölümündən ötrü Bakının mərkəzində “facebook inqilabı” cəhdi?

Əminəm ki, İsmayıllı hadisələrinin arxasında xarici qüvvələr və müxalifət dayanırdı. Sonrakı həbslər də mənim bu dediklərimi təsdiqlədi.

-Bu hadisələrdən sonra İsmayıllıya getdinizmi heç?

-Yox. Niyə getməli idim ki?! Bircə dəfə getməli oldum. Şəkidəki məhkəmədə iştirak etmək lazım idi. Şahid kimi ifadə verdim. Həbs olunan şəxslərə görə təəssüflənirəm. Onları sadəcə çətin vəziyyətə saldılar. Onlar böyük siyasi oyunların qurbanı oldu. Bunu məhkəmədə də açıq dedim. Şəkidən İsmayıllıya qayıdanda sadə adamlar, rayon sakinləri yolda məni saxlayıb söhbət elədilər. Onlar da baş verənlərə görə heyfsilənirdilər, mənə ürək-dirək verirdilər. Axı biz o rayonda doğrudan da heç kimə pislik eləməmişik. Bunu heç ağlımızın ucundan da keçirməmişik. Onlara bacardığımız qədər kömək etmişik.

-Amma belə söhbətlər gəzirdi ki, siz özünüzü rayonda saymazyana və harın aparmısınız, yerli sakinləri qıcıqlandırmısınız...

-Yalandır. Doğrudur, mən İsmayıllıya tez-tez gedirdim, orada ova çıxırdıq. Meşədə balaca bir vaqon qoymuşduq. Ovdan qayıdandan sonra orada yaşayırdıq. Amma sonralar qəzetlər yazdı ki, mən meşədə guya böyük bir malikanə tikdirmişəm. Yaxşı, belədirsə, gəlin gedək o vaqonu sizə də göstərim. Nə malikanə? Bunlar nədən danışır? Atamın İvanovka kəndində balaca bir evi var. Amma o evi hələ “İmprotex”in rəhbəri olanda tikdirib.

-Demək istəyirsiniz ki, sizin İsmayıllıda saraylarınız olmayıb?

-Ümumiyyətlə, bizim ailədən heç kim saraylar tikdirməyib. Biz belə yaşamağa öyrəşməmişik, başqa cür tərbiyə olunmuşuq. Babam hələ də Mərdəkandakı birmərtəbəli evdə yaşayır. Yeri gəlmişkən, hamımız o balaca evdə böyümüşük. Gəlib özünüz də görə bilərsimiz. O evdə qeyri-adi heç nə yoxdur. Əmimi İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edəndən sonra o, rayonun keçmiş məmurlarından birinin evini satın aldı. Çox adi, sadə bir kənd evidir. Haqqımızda bilirsinizmi nə qədər rəvayət danışdılar?! Ən pisi odur ki, mənim “Çıraq” otelini guya fahişəxanaya çevirdiyimi yazmışdılar. Söhbət hansı pritondan, hansı fahişəxanadan gedirdi? Bizim müxtəlif qurumlarla, o cümlədən Gənclər və İdman Nazirliyi ilə müqaviləmiz vardı. Bu müqavilələrə görə, təlim-məşq toplanışları vaxtı idmançılar bizim oteldə qalırdılar. Elə olurdu ki, Bakıdan, digər şəhərlərdən, hətta xarici ölkələrdən gələn idmançı qızlar şortikdə çıxıb otelin ətrafında, meşədə Olimpiya-İdman Kompleksinə qədər qaçırdılar. Bu qızlar barədə bilirsinizmi nə qədər dedi-qodu yayırdılar?! Əgər mentalitetimiz belədirsə, mən nə edə bilərdim? Halbuki biz orada birinci dərəcəli otel yaratmışdıq. Onun xidmətlərinə gündə üç dəfə yemək, Lahıca, İsmayıllının özünə turist səfərləri və s. daxil idi.

-Bəs İsmayıllının icra başçısı olan əminiz Nizami Ələkbərovun uşaqları necə, onlar da rayona tez-tez gəlib-gedirdimi?

-Onlar rayona demək olar ki, gedib-gəlmirdilər. Onlar atalarının yanında cəmi bir neçə dəfə qonaq olmuşdular.

Mənə inanmasanız, İsmayıllıya gedin, camaatdan soruşun. Mən İsmayıllıya öz “BMW” maşınımda gedir, sonra isə “Niva”ya minib gəzirdim. Ova da, işlərimin dalınca da “Niva”da gedirdim.

Digər tərəfdən, dünyanın otel biznesi sahəsində ixtisaslaşan ən yaxşı universitetlərindən birini bitirmişəm. Məgər mənə yaxın olan bir sahədə öz biznesimi yaratmaq hüququm yox idi? Mən bununla hansı yazılmış və yazılmamış qanunları pozmuşam? Haqqımda deyilənlərin hamısı uydurma və cəfəngiyyatdır. Məni düzgün başa düşün, sadəcə olaraq lazımi zamanda və məkanda deyildik. Bütün günahımız da bundadır. Müəyyən qüvvələr ölkədəki sabitliyi pozmağı planlaşdırmışdılar. Ən qaynar nöqtələrdən biri kimi İsmayıllı seçilmişdi.

Bundan əlavə, onu da başa düşdüm ki, atam nazir olandan sonra mən özümə daha çox qadağalar qoymalı idim. Mən artıq sadəcə olaraq biznesmenin və oliqarxın oğlu deyildim. Buna uyğun olaraq da yeni davranış kodeksini əsas götürməli idim.

-Bəs Vüqar Ələkbərov bu gün - atasının və əmisinin vəzifəsini itirməsindən sonra hansı davranış kodeksini əsas götürür? Axı onların vəzifəsini itirməsinə məhz bu məşum hadisələr səbəb olub...

-Nə bilim, nə deyə bilərəm?! Mənim babam Heydər Əliyevə sadiq adam idi, atam və əmim isə indiki prezidentə sadiqdir. Biz heç nəyə baxmadan, heç nəyə fikir vermədən bütün ömrümüz boyu yalnız prezident İlham Əliyevə sadiq olacağıq. Prezident bizim ailənin nümayəndələrinə böyük etimad göstərib. Biz bu gün yenidən “İmprotex” şirkətində birləşmişik. “İmprotex” bizdən ötrü ailə deməkdir.

-Keçmiş icra başçısı Nizami Ələkbərov da şirkətə qayıdıb?

-Hə. Ona görə də biz heç nəyə baxmadan yaşamaqda və işləməkdə davam edirik. Məndən ötrü ən əsas məsələ şərəf və ləyaqəti qorumaqdır. Mən elə bir iş tutmamışam ki, sonradan haçansa uşaqlarımın qarşısında utanım. Və mən çox istəyərdim ki, atamın 90-cı illərdə başladığı işləri davam etdirim. Yalnız bu arzu ilə yaşayıram...

***

...Qəhvəmi içib qurtarıram. Yeri gəlmişkən, Bakıda adətən belə qəhvə olmur, beləsini hazırlamağı bacarmırlar. Artıq getmək vaxtıdır...

İllər keçəcək. Vüqarın oğlanları böyüyəcək və ailə arxivində qurdalanmaq onlardan ötrü yəqin maraqlı olacaq. Ola bilsin, onlar Ələkbərovların başladığı işi davam etdirmək qərarı verəcəklər... Bax, onda onlar onlarla adamın taleyini param-parça etmiş, onların atasına “əlcək atmış” məşhur “İsmayıllı işi” ilə üz-üzə qalacaqlar. O uşaqlar bəlkə bu müsahibəni də oxuyub tarix barədə - öz ölkələri və öz ataları barədə düşünəcəklər...

Mən bütün bu müddət ərzində susan adamın iş otağını bu düşüncələrlə tərk edirəm. Elə bu vaxt telefonuma zəng gəlir. “İsmayıllı məhbusları”nın üçünün prezident sərəncamı ilə əfv edilərək azadlığa buraxıldığını xəbər verirlər.

Vüqarla artıq xudahafizləşsəm də geri dönüb bu xəbəri ona da çatdırıram. Gülümsünür...

Eynulla Fətullayev (Virtualaz.org)

QEYD: Hörmətli Oxucu! Saytımızdakı reklam banerlərinin üstünə vurmaqla, AzPolitika.info-nun büdcəsinə cüzi (4 qəpik!) xeyir verə bilərsiniz…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar