ABŞ və İsrailin yer aldığı koalisiya ilə İran arasında savaş, belə görünür ki, müvəqqəti xarakter daşıyan atəşkəsə baxmayaraq, hələ də davam edir və vəziyyət kifayət qədər mürəkkəb olaraq qalır. 2 həftəlik atəşkəs qərarından dərhal sonra hər iki tərəf özünü qalib elan edib. Elə hər iki tərəfin özünü qalib hesab etməsindəndir ki, danışıqların ilk raundu, gözlənildiyi kimi, nəticəsiz bitdi.

Bəs üstünlük daha çox kimdədir və mövcud vəziyyət hansı tərəfin maraqlarına daha uyğundur?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlama verən politoloq Murad Sadəddinov bildirib ki, üstünlük ABŞ və İsrail koalisiyasındadır. Onun sözlərinə görə, təxminən 40 gün davam edən hərbi əməliyyatlar nəticəsində koalisiya demək olar ki, İranın həm hərbi hava qüvvələrini, həm də hərbi dəniz qüvvələrini tamamilə sıradan çıxarıb. Lakin İran bu sahədə koalisiyaya qarşı hər hansı ciddi addım ata bilməyib. “Hərbi dəniz qüvvələri ilə bağlı vəziyyətdə koalisiya İranın potensialını xeyli zəiflədib. İran tərəfi isə, xüsusilə ABŞ-nin bölgədəki hərbi dəniz qüvvələrinə qarşı əhəmiyyətli zərbə endirə bilməyib. Eyni zamanda İran nüvə proqramı ilə bağlı da ciddi zərbələrlə üzləşib. Bu sahədə fəaliyyət göstərən müəssisələrə, təhsil ocaqlarına və xüsusilə bu istiqamətdə çalışan alimlərə qarşı ciddi sarsıdıcı zərbələr endirilib. Buna baxmayaraq, İran cavab addımları ilə əhəmiyyətli nəticə əldə edə bilməyib”.

M.Sadəddinov qeyd edib ki, koalisiya İranın raket ehtiyatlarına və istehsal müəssisələrinə də ciddi zərbələr vurub: “Bu müəssisələr yalnız yeraltı bunkerlərdə deyil, həm də ölkə ərazisində yerləşən açıq obyektlərdə fəaliyyət göstərirdi və onların böyük əksəriyyəti sıradan çıxarılıb. Bundan əlavə, İranın yüksək vəzifəli dövlət rəsmilərinə – həm hərbi, həm də təhlükəsizlik sahəsində çalışan şəxslərə qarşı ciddi zərbələr endirilib və 40-a yaxın yüksək rütbəli şəxs həlak olub. Əks tərəfdə isə İran bu istiqamətdə hər hansı ciddi nailiyyət əldə edə bilməyib”.

Siyasi şərhçi hesab edir ki, koalisiya öz məqsədlərinə nail olur: “Bu məqsədlərdən birincisi İranın hərbi potensialını elə səviyyəyə endirməkdir ki, gələcəkdə qonşu ölkələrə, xüsusilə İsrailə və Körfəz ölkələrinə qarşı təhdid imkanları minimuma ensin. Digər hədəflərin nədən ibarət olacağı isə müəyyən vaxt keçdikdən sonra daha aydın olacaq. İranın Körfəz ölkələrinə və İsrailə cavab olaraq atəş açması isə onların nə hərbi, nə də iqtisadi potensialına ciddi təsir göstərmir. Əksinə, bu vəziyyət müsəlman Körfəz ölkələri ilə İsrail arasında gələcək əməkdaşlıq və mümkün ittifaq üçün əlavə stimul yaradır.

Hörmüz boğazı ilə bağlı vəziyyət isə müvəqqəti xarakter daşıyır”.

Oğuz Ayvaz