Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində 14 yaşlı yeniyetmənin orta məktəbə silahlı hücum etməsi nəticəsində 9 nəfər həlak olub.
Dəhşətli qətliamı törədən yeniyetmə atasına aid 5 tapança və 7 dolu daraqdan istifadə edib. Silahların sahibi, hücumçunun atası – birinci dərəcəli polis rəisi olan U.M. dərhal saxlanılıb.
İstintaqın davamında yeniyetmənin anası, Anadolu liseyində türk dili və ədəbiyyatı müəllimi işləyən P.P.M. də nəzarətə götürülüb.
***
Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib.
"AzPolitika" Türkiyə mediasına istinadəb xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Kahramanmaraş valisi Mükerrem Ünlüer bildirib ki, dəhşətli hadisə nəticəsində 4 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb. Hücumçunun isə 8-ci sinif şagirdi olduğu öyrənilib. Məktəbi 5 silah və 7 daraqla basan 8-ci sinif şagirdinin hücumu keçmiş polis əməkdaşı olan atasına məxsus silahla həyata keçirdiyi müəyyən edilib.
Kahramanmaraş valisi Mükerrem Ünlüer şəhərdə bir məktəbdə baş verən silahlı hücum zamanı 3-ü şagird, biri müəllim olmaqla 4 nəfərin həyatını itirdiyini, 20 nəfərin isə yaralandığını bildirib.
Ünlüer hücumun baş verdiyi Ayser Çalık Orta Məktəbində jurnalistlərə verdiyi açıqlamada hadisənin hələlik naməlum səbəbdən baş verdiyini deyib.
O qeyd edib ki, bir uşaq silahları çantasına qoyaraq məktəbə gətirib və belə deyib: “8-ci sinif şagirdi olan bir uşaq çantasına qoyduğu silahlarla hədəf seçmədən şagirdlərin olduğu 2 sinfə daxil olaraq atəş açıb və nəticədə ölüm və yaralanmalar baş verib. Təəssüf ki, 4 nəfər həyatını itirib. Bunlardan biri müəllim, 3-ü isə şagirddir. 20 nəfər yaralımız var. Onlardan 4-ü hazırda əməliyyatdadır, vəziyyətlərinin ağır olduğunu düşünürük. İşlərimiz davam edir. Ümid edirik ki, yaralı qardaşlarımız tezliklə sağlığına qovuşar. Başqa bir məktəbdə hər hansı bir mənfi hal yoxdur. Sosial mediada bu istiqamətdə xəbərlər yayılır, lakin doğru deyil.”
Hadisənin hüquqi baxımdan da araşdırıldığını bildirən Ünlüer, hücumçunun vəziyyəti ilə bağlı suala belə cavab verib: “O da həyatını itirdi. Qarışıqlıq anında özünə atəş açdı. Bunun intihar məqsədli olub-olmadığı, yoxsa qarışıqlıq zamanı təsadüfən baş verib-vermədiyi hələlik məlum deyil. Hadisəyə səbəb olan 8-ci sinif şagirdi bizim məktəbin şagirdidir və atası keçmiş polis əməkdaşıdır. Onun silahlarını götürdüyünü güman edirik. 5 silah və 7 daraqla gəlib, 2 sinfə daxil olub.”
***
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib. “NTV” xəbər verir ki, hadisə Onikişubat bölgəsində qeydə alınıb.
İlkin məlumata görə, məktəbə silahlı hücum baş verib və insident zamanı 6 nəfər yaralanıb.
Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisə zamanı ölənin olduğunu açıqlayıb.
Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətində Ömer Ket adlı 19 yaşlı gənc avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib.(qafqazinfo)



Şərhlər
Silah dövletde olmalıdır,vetendaşda yox.