Rusiyada bəzi ağır cinayətlər törətmiş şəxslərin Ukrayna müharibəsinə göndərilərək cəza məsuliyyətindən faktiki yayınması ilə bağlı iddialar səsləndirilir.
‘”AzPolitika” xəbər verir ki, bu barədə “Sibir.realii” nəşri Tuva, Altay və Yamal bölgələrindən üç konkret hadisə əsasında araşdırma dərc edib.
Yamal bölgəsinin Aksarka kəndində Ukrayna müharibəsində həlak olan 50 yaşlı Mixail Moşkin rəsmi şəxslərin iştirakı ilə dəfn edilib. Yerli hakimiyyət nümayəndələri onun “cəsarətini” vurğulayıb.
Lakin yerli sakinlərin sözlərinə görə, Moşkin əvvəllər bir neçə qətl törətmiş şəxs olub. O, 2005-ci ildə bir nəfəri öldürdüyünə görə həbs edilib, azadlığa çıxdıqdan sonra isə 2020-ci ildə yenidən qətl törədib. Sonuncu cinayətə görə 11,5 il həbs cəzası alsa da, 2023-cü ildə koloniyadan çıxarılaraq müharibəyə göndərilib və orada həlak olub.
Zərərçəkmiş ailələr yerli hakimiyyətin onu “qəhrəman” kimi təqdim etməsinə etiraz edir.
Altayda yaşayan Pyotr Sutaykin 2022-ci ildə sevgilisini döyərək ölümünə səbəb olduqdan sonra 8 il həbs cəzası alıb. Həmin il “Vaqner”qrupu ilə müqavilə bağlayaraq azadlığa çıxıb və müharibəyə göndərilib.
Mənbələrin iddiasına görə, o, müharibədən qayıtdıqdan sonra 2025-ci ildə daha bir qadını öldürüb. Sonradan yenidən həbs olunsa da, məhkəmənin onun müharibədə iştirakını “yüngülləşdirici hal” kimi qiymətləndirdiyi bildirilir.
Zərərçəkmiş tərəf isə bunun cəzasızlıq mühiti yaratdığını və təkrar cinayətlərin qarşısını almadığını vurğulayır.
Uşağın ölümünə səbəb olan sürücü də müharibəyə göndərilib
Tuva paytaxtı Kızılda 11 yaşlı məktəbli yol qəzasında həyatını itirib. Qəzanı törədən sürücünün sürücülük hüququnun olmadığı və əvvəllər dəfələrlə qayda pozuntularına görə cəzalandırıldığı qeyd olunur.
Hadisədən sonra ona 7 il həbs cəzası verilsə də, ailənin iddiasına görə, qısa müddət sonra Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayaraq azadlığa buraxılıb və müharibəyə göndərilib.
Zərərçəkmiş tərəf bu qərarın ədalətsiz olduğunu bildirərək etiraz edir.
Araşdırmada qeyd olunur ki, Rusiyada müharibə fonunda məhkumların cəbhəyə göndərilməsi mexanizmi artıq bir neçə ildir tətbiq olunur. Bu praktika bəzi hallarda ağır cinayətlər törətmiş şəxslərin cəzadan yayınmasına gətirib çıxardığı iddiaları ilə tənqid edilir.Rəsmi qurumlar isə bu yanaşmaya münasibət bildirməyib.
“AzPolitika.info”

Şərhlər