Qardaş ölkə qapılarını xarici kapitala taybatay açır
Ötən gün Türkiyədə olduqca önəmli hadisə baş verib. Azərbaycan mediası hələlik bu hadisəyə lazımi diqqət və maraq ayırmasa da, qardaş ölkədə baş verənlərin bu və ya digər formada Azərbaycana təsiri danılmazdır.
Söhbət Türkiyədə elan edilən yeni genişmiqyaslı iqtisadi plandan gedir. Türkiyə sözün əsl mənasında qapılarını yerli və xarici investorlar üçün taybatay açır.
Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son illərin ən iddialı iqtisadi islahat paketlərindən birini açıqlayıb. Sadə və olduqca cəsarətli görünən proqram Türkiyəni həm daxili, həm də qlobal kapital üçün çox cəlbedici ölkəyə çevirə bilər. Xüsusilə də son İran münaqişəsi fonunda ciddi reputasiya və infrastruktur zədələri görən Birləşmiş Ərəb Əmirliklərinin(Dubay başda olmaqla) cəlbediciliyinin zəifləməsi fonunda Türkiyənin təqdim etdiyi yeni proqram daxili və xarici investisiyalar, kapital üçün maqnit effekti yarada bilər.
Ərdoğanın təqdim etdiyi proqramın əsas müddəalarını bu cür qruplaşdırmaq olar:
1. İxracatçılar üçün inqilab;
İstehsalla məşğul olan ixracatçılar üçün korporativ gəlir vergisi az qala 3 dəfə - 25%-dən 9%-ə endirilir. Digər ixracatçılar üçün isə bu vergi 14%-ə düşürülür. Bu, Türkiyə tarixində ən aşağı vergi dərəcələrindən biridir və qlobal istehsalçılar üçün güclü bir siqnaldır. Siqnal ondan ibarətdir ki, bundan sonra Türkiyədə istehsal, satış və ixrac olduqca əlverişlidir.
2. İstanbul Maliyyə Mərkəzi (IFM) görünməmiş güzəştlər alır;
IFM-də fəaliyyət göstərən şirkətlər tranzit ticarətindən və beynəlxalq brokerlik fəaliyyətindən əldə edilən gəlir üzrə 100% korporativ gəlir vergisindən azad ediləcəklər. Mərkəzdən kənarda da vergidən azadolma 95% -dir. Regional qərargahlarını Türkiyəyə - IFM-ə köçürən qlobal korporasiyalar üçün 20 il müddətinə güzəşt elan olunur! Bu, Dubay (DIFC) və Əbu-Dabidəki (ADGM) maliyyə mərkəzləri üçün birbaşa rəqabət elanı və çağırışıdır.
3. İnvestorlar üçün "bir pəncərə" sistemi;
Şirkət qeydiyyatı, iş və yaşayış icazələri, vergilər, sosial təminat, torpaq bölgüsü və ətraf mühit icazələrinin hamısı Prezident yanında İnvestisiya İdarəsi tərəfindən əlaqələndirilən vahid rəqəmsal mərkəz vasitəsilə həyata keçiriləcək. İllərdir xarici kapitalın qarşısını alan bürokratiya artıq keçmişdə qalır.
4. Türkiyəyə köçənlər üçün cəlbedici şərtlər;
Son üç ildə Türkiyənin vergi rezidenti olmamısınızsa və buraya köçmüsünüzsə:
-Xaricdə qazandığınız gəlirdən 20 il vergi tutulmayacaq;
-Yalnız Türkiyə daxilində qazandığınız gəlirdən vergi tutulur;
-Vərəsəlik vergisi cəmi 1% -dir;
Xaricdən nağd pul, qızıl və qiymətli kağızların güzəştli idxalı təmin olunur.
Bu, BƏƏ səviyyəsində təklifdir - lakin Türkiyə kimi Avropa səviyyəli infrastruktur, səhiyyə, təhsil və ən əsası əlverişli, əlçatan qiymətli daşınmaz əmlaka malik bir ölkədə.
5. İT mütəxəssisləri, mühəndislər və memarlar üçün əlverişli şərait;
İstanbuldasınız və xarici bir şirkətlə onlayn işləyirsinizsə, gəliriniz tamamilə vergidən azad edilir. Bununla Türkiyə İT mütəxəssislərini cəlb edir.
Bütün bunlar Türkiyə iqtisadiyyatı üçün nə deməkdir? Məsələ ondadır ki, bununla Türkiyə BƏƏ-nin 15 il əvvəl etdiyini daha geniş və sərfəli formada təklif edir. Qardaş ölkəyə köçmək, daimi yaşamaq, investisiya yatırmaq və biznes qurmaq üçün sərfəli bir yurisdiksiya yaradılır. BƏƏ kimi ölkələrdən fərq isə budur ki, burada yaşamaq, daşınmaz əmlak almaq daha ucuzdur.
Artıq mütəxəssislər bu yeni proqramın uzaq ölkələrlə yanaşı, Rusiya, Qazaxıstan, Azərbaycan və digər MDB ölkələri vətəndaşları üçün olduqca cəlbedici olduğunu qeyd edirlər. Çünki Türkiyəni Dubaydan daha sərfəli edən yeni şərtlər var. Azərbaycanın da bundan faydalanmasına, xarici investisiya cəlb edilməsi və daxili biznesin inkişafı üçün oxşar proqramların işlənməsi və tətbiqinə ehtiyac var.
Elxan Qüdrətoğlu
“AzPolitika.info”

Şərhlər
Bu, Türkiyə iqtisadiyyatının staqnasiya vəziyyətində olduğunn göstəricisidir.
Bizdə məmurun marağı olmalıdır belə şeyləri təşviq etməyə, əsas cibdi, büdcə maraqlı deyil, bəlkə büdcəmizində adın dəyişib cib qoyaq ... Çaşıb onuda dolduralar bəlkə..