Sumqayıt şəhərində yanğın hadisəsi baş verib. Hadisə şəhərin 42-ci məhəlləsində yerləşən 14 saylı yataqxanada qeydə alınıb.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı binadan 12 nəfər təhlükəsiz əraziyə təxliyə edilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Hadisə şahidləri Baku TV-yə qorxu dolu anları belə təsvir ediblər: "Namaz qılırdım. Birdən elə bir səs gəldi ki, sanki yuxarıdan aşağıya bomba düşdü. Tez özümü çölə atdım, alovun üstümə gəldiyini gördüm. Ondan sonrasını isə xatırlamıram", - deyə sakinlərdən biri bildirib.

Digər sakin isə tüstü səbəbindən binada sıxılıb qaldıqlarını qeyd edib: "Aşağı düşə bilmirdik, yuxarı mərtəbədə qalmışdıq. Hər yeri qatı tüstü bürümüşdü. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldikdən sonra bizi xilas etdilər".