Etibar ƏLİYEV

HEYDƏR ƏLİYEV -103

“Tarix heç nəyi silmir” - Heydər Əliyev

Biz adətən zamanın üç bölgüsündən danışırıq: keçmiş zaman, indiki zaman və gələcək zaman. An - bir gözqırpımlıq müddət, ləhzə, dərhal, göz yumub açınca mənasını verir.

Dünyanın nəhəng siyasi xadimləri qərarları ani olaraq qəbul ediblər. Və onların biri və bəlkə də birincisi Ümummilli Liderimiz Heydər Əliyevdir. Belə bir mühüm keyfiyyət liderin dünyagörüşü, savadı, xarizması, dövlətçilik təcrübəsi, ictmai rəyi bilməsi və emosional intellekti ilə sıx surətdə bağlıdır. Millət və dövlət naminə gecikmiş qərarların fəsadları çox amansız olur. Heydər Əliyevin həyatı və fəaliyyətinə dərindən diqqət etdikdə görürük ki, onun zamanın kiçik kəsimini dəyərləndirməsi həm də millət üçün anın müqəddəsləşdirilməsidir.

Heydər Əliyev: 

- Sovetlər dövründə Qarabağımızla bağlı mənfur qərarların qəbul olunmasının qarşısını aldı;

- Azərbaycanın bir çox ziyalısını anındaca repressiyadan xilas etdi;

- 20 Yanvar - qanlı Bakı hadisələrinə dərhal münasibət bildirməklə qırğının miqyasını azalda bildi və faciəni dünyaya çatdırdı;

- Həyatını təhlükəyə ataraq Naxçıvana gəlmək qərarını da ani olaraq verdi;

- 1991-ci ildə parlamentə gəldi və o zamankı Azərbaycan rəhbərliyinin xalqa qarşı etinasızlığını kəskin tənqid etdi;

- Yenə də anında: 1993-cü il hadisələri zamanı vaxt itirmədən Naxçıvandan Bakıya gəlmək qərarını verdi;

- Ani olaraq qəbul etdiyi qərarlarla Azərbaycanın parçalanmasının qarşısını ala bildi;

- Böyük liderimiz 1994 və 1995-ci illərdə hərbi çevrilişlərə cəhdlərin qarşısını dəqiqə fərqi ilə gecikmədən qəbul etdiyi qərarlarla ala bildi.

Bunlar epizodların bir hissəsidir…

Bəşəriyyətin nəhəng şəxsiyyətlərinin həyatı və fəaliyyətinə dair saysız-hesabsız kitablar yazılıb. Yeni bioqrafiyalar yazılmaqda davam edir. Bunlarla tanış olduqda görürük ki, seçilmişlər tarixdə xalqları üçün elə izlər buraxıblar ki, bioqrafiyaları tamamlamaq mümkün deyil.

Məşhur bioqrafiya ustası Riçard Lenqvort 2008-ci ildə Uinston Çörçillə 1300 səhifəlik “Bioqrafiya” yazıb. Həmin kitabdan: “Mənim yazdığım bioqrafiyada 350.000 söz Çörçillə məxsusdur. Lakin bu rəqəm onun kitabları, çıxışları, məqalələri, məktublarında dərc olunmuş 15 milyon sözün 0,2 faizini təşkil edir. Bu kitabda onun dostları, kolleqaları, bioqraflarının yazdığı 35 milyon sözə də istinad olunub”.

Bəli, arxivlərdə oturub liderlərinin işlətdiyi sözləri sayıblar.

Heydər Əliyevdən filosoflar, filoloqlar, yazıçılar, siyasətçilər sitatlar gətirirlər. Bu təbiidir. O, yarım əsrə yaxın müddətdə siyasi arenada aparıcı şəxsiyyətlərdən biri olub. Etdiyi çıxışlar bütün sahələrin mütəxəssisləri üçün örnək olub. Əslində mənə elə gəlir ki, Heydər Əliyevin fikirlərinin cəlbediciliyinə səbəb olan faktor sözlərin anında, yüksək keyfiyyətlə deyilməsidir.

Fotoqrafik yaddaş isə bizi keçmişə qaytarmaqla indi də bu nəhəng şəxsiyyəti dərk etmək üçün yeni üfüqlər açır. O, yüksək əzmkarlıqla deyirdi: “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!” Bu paradiqma keçmişi, indini və gələcəyi özündə birləşdirir və xalqımızda xoşbəxt gələcəyə böyük ümidlər yaradır.

Heydər Əliyevin bütün fikirləri, sözləri yaşayır. Və zaman ötdükcə praqmatik gücünü artırır. Çünki anında deyilmiş və yerinə yetirilmiş sözlərdir.

Anında deyilmiş sözlər xalqın yaddaşında silinməz izlər buraxıb. Sözün cövhəri - fikrin özəyi, ideyanın ən saf formasıdır.

Və yenə də anın müqəddəşləşdirilməsi…

Prezident İlham Əliyev əzmkarcasına deyirdi: "Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm."

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu anı dəyərləndirərək torpaqlarımızı erməni işğalından azad etdi. Müharibə cəmi 44 gün çəkdi.

Zəfərlə nəticələnən müharibəmiz anında verilmiş qərarın fizikasıdır.

Ulu Öndərimizi hər an yad etməklə millətimizin dirçəlişində onun əvəzsiz xidmətlərini gənc nəsillərə çatdırırıq. Dünyanın bütün xalqları xilaskar liderlərini yüksək dəyərləndirirlər.

Unudulmaz Heydər Əliyevin timsalında biz də Xalq olaraq öz missiyamızı ləyaqətlə yerinə yetiririk…