Milli Məclisin Təbbi ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Bakı Dövlət Universitetində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş konfransda çıxış edib.
S. Qurbanov qeyd edib ki, Bakı Dövlət Universitetinin belə aktual və qlobal əhəmiyyət daşıyan mövzunu müzakirəyə çıxarması təsadüfi deyil:"BDU Azərbaycan elminin, milli düşüncəsinin və intellektual inkişaf tarixinin əsas sütunlarından biridir. Mənim üçün Bakı Dövlət Universitetinin xüsusi mənəvi dəyəri vardır. Çünki mən bu böyük elm ocağının iki fakültəsinin məzunuyam, orada əmək fəaliyyətinə başlamışam. Müasir dünyada elmin inkişaf səviyyəsi dövlətlərin siyasi nüfuzunu, iqtisadi dayanıqlığını və beynəlxalq təsir imkanlarını müəyyən edən əsas amillərdən birinə çevrilmişdir. Bu gün qlobal siyasətdə texnologiyaya sahib olan dövlətlər üstün mövqedə dayanırlar. Süni intellekt, rəqəmsal idarəetmə, alternativ enerji, biotexnologiya və kosmik texnologiyalar uğrunda rəqabət əslində elmi potensial uğrunda mübarizənin yeni mərhələsidir".
Deputat bildirib ki, hazırda dünya ciddi ekoloji çağırışlarla üz-üzədir:"İqlim dəyişiklikləri, su qıtlığı, meşələrin məhv olması, hava çirkliliyi və urbanizasiya nəticəsində təbiət balansının pozulması artıq bəşəri təhlükə xarakteri daşıyır. Bir çox beynəlxalq hesabatlarda qeyd olunur ki, yaxın onilliklərdə dünyanın ən böyük problemlərindən biri məhz şəhərlərin ekoloji davamlılığının qorunması olacaq. Bu səbəbdən şəhərsalma anlayışı da dəyişmişdir. Müasir şəhər yalnız yollar, binalar və kommunikasiya sistemi demək deyil. Şəhər insanın təbiətlə münasibətinin göstəricisinə çevrilmişdir. "Biz Yer kürəsini atalarımızdan miras almırıq, onu övladlarımızdan borc alırıq". Bu fikir müasir urbanizasiya fəlsəfəsinin mahiyyətini çox dəqiq ifadə edir. Çünki gələcəyin şəhərləri yalnız bugünkü ehtiyaclar üçün yox, gələcək nəsillərin təhlükəsiz və sağlam həyatı üçün qurulmalıdır. Məhz buna görə dayanıqlı və dözümlü şəhər anlayışı XXI əsrin əsas strateji istiqamətlərindən birinə çevrilmişdir. Bu gün şəhərsalma siyasətində əsas məqsəd təbiətə minimum müdaxilə etməklə insan üçün maksimum rahat və təhlükəsiz mühit yaratmaqdır. Yaşıl enerji, ekoloji nəqliyyat, ağıllı idarəetmə sistemləri, su resurslarının qorunması, tullantıların düzgün idarə olunması və rəqəmsal şəhər modeli artıq müasir urbanizasiya siyasətinin əsas elementləri hesab olunur".

"Bu kontekstdə son illərdə beynəlxalq siyasi və hüquqi ədəbiyyatda xüsusi aktuallıq qazanan urbisid, kultusid, ekosid və genosid anlayışları da diqqət mərkəzində dayanır. Urbisid şəhərlərin və yaşayış məkanlarının məqsədli şəkildə dağıdılması anlamını ifadə edir. Kultusid xalqın tarixi-mədəni irsinin, dini abidələrinin və mənəvi yaddaşının məhv edilməsinə yönələn siyasəti xarakterizə edir. Ekosid təbiətin və ekoloji sistemlərin sistemli şəkildə sıradan çıxarılması deməkdir. Genosid isə bütöv xalqların fiziki və mənəvi varlığını hədəfə alan ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Azərbaycan postmünaqişə dövründə bu anlayışların acı nəticələri ilə üzləşmiş dövlətlərdən biridir. İşğal dövründə şəhərlərimizin dağıdılması urbisid siyasətinin nümunəsi idi. Tarixi və dini abidələrin məhv edilməsi kultusid siyasətini açıq şəkildə nümayiş etdirirdi. Meşələrin qırılması, su ehtiyatlarının çirkləndirilməsi və ekoloji balansın pozulması isə ekosid elementləri kimi qiymətləndirilə bilər. Bütün bunların fonunda Azərbaycan bu gün dağıdılmış məkanları yenidən həyata qayırmaqla yanaşı, yeni urbanizasiya və yeni humanitar inkişaf modeli formalaşdırır", - deyə deputat qeyd edib.
S. Qurbanovun sözlərinə görə, WUF-13 forumunun Bakı şəhərində keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzu baxımından mühüm siyasi və diplomatik uğur kimi qiymətləndirilməlidir:"Bu, eyni zamanda Azərbaycanın son illərdə həyata keçirdiyi urbanizasiya siyasətinə, ekoloji təşəbbüslərinə və dayanıqlı inkişaf modelinə verilən beynəlxalq etimadın göstəricisidir. Xüsusilə postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma layihələri dünya miqyasında maraq doğurur. Çünki burada sadəcə şəhərlər yenidən qurulmur, eyni zamanda yeni urbanizasiya fəlsəfəsi formalaşdırılır. Bu prosesdə “mədəniyyət proqramlaşdırılması” anlayışı da xüsusi aktuallıq qazanır. Müasir şəhərsalma yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır. Şəhərin kimliyi onun mədəni yaddaşı, estetik ruhu, ictimai davranış modeli və sosial münasibətlər sistemi ilə formalaşır. Mədəniyyət proqramlaşdırılması şəhər məkanında insanların düşüncə tərzinin, sosial harmoniyanın, milli kimliyin və vətəndaş məsuliyyətinin sistemli şəkildə formalaşdırılması prosesidir. Bu baxımdan şəhərlər yalnız memarlıq layihəsi yox, eyni zamanda mədəni və ideoloji inkişaf platforması hesab olunur".
Deputat əlavə edib ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası da məhz bu prinsiplərə əsaslanır: "Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi göstərir ki, müasir Azərbaycan inkişaf modelində insan amili, ekoloji təhlükəsizlik və innovativurbanizasiya vahid dövlət siyasəti çərçivəsində həyata keçirilir. Xüsusilə “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioriteti gələcəyin şəhər modelinə dövlət baxışını aydın şəkildə ifadə edir. Bu yanaşma yalnız ekoloji siyasət anlamı daşımır. Burada enerji təhlükəsizliyi, alternativ enerji mənbələrinin genişləndirilməsi, ekoloji düşüncə tərzinin formalaşdırılmasıvə dayanıqlı yaşayış mühitinin qurulması kimi məsələlər strateji hədəf kimi müəyyən olunur. Bu isə şəhərsalma siyasətinin artıq yalnız tikinti məsələsi yox, milli inkişaf konsepsiyasının mühüm hissəsinə çevrildiyini göstərir. Azərbaycan Respublikasında bu inkişaf modelinin ideoloji əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmışdır. Heydər Əliyev yaxşı anlayırdı ki, dövlətin gücü ilk növbədə insanın inkişaf səviyyəsi ilə müəyyən olunur. Onun siyasətində elm, təhsil və milli kadr potensialı strateji sahələr kimi qiymətləndirilirdi. Hələ sovet dövründə minlərlə azərbaycanlı gəncin ittifaqın aparıcı ali məktəblərinə göndərilməsi Azərbaycanın gələcək intellektual təhlükəsizliyinə hesablanmış uzaqgörən siyasət idi".

Deputat əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən müasir inkişaf strategiyası bu siyasəti yeni texnoloji mərhələyə yüksəldib:"Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri müasir urbanizasiya tarixinin ən maraqlı nümunələrindən biri hesab oluna bilər. Burada şəhərlər və kəndlər ekoloji standartlara uyğun şəkildə qurulur, alternativ enerji layihələri həyata keçirilir, ağıllı idarəetmə sistemləri tətbiq olunur. Agalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi göstərir ki, gələcəyin yaşayış məkanları texnologiya ilə təbiətin harmoniyası əsasında qurulmalıdır.
Şuşa şəhərinin bərpası isə xüsusi məna daşıyır. Şuşada həyata keçirilən layihələr zamanı tarixi memarlıq ənənələri qorunur, milli-mədəni irs müasir şəhərsalma prinsipləri ilə uzlaşdırılır. Bu yanaşma isə göstərir ki, şəhər yalnız iqtisadi və texnoloji məkan deyil. Şəhər həm də xalqın tarixi yaddaşı və mənəvi kimliyidir. Bəli, müasir dövrdə şəhərsalma ekologiya, iqtisadiyyat, sosiologiya, rəqəmsal texnologiyalar və dövlət idarəçiliyi ilə sıx bağlıdır. Bu səbəbdən universitetlərin rolu daha da artır. Çünki gələcəyin şəhərlərini yalnız mühəndislər yox, geniş dünyagörüşünə malik alimlər, hüquqşünaslar, ekoloqlar, urbanistlər və sosial tədqiqatçılar formalaşdıracaqlar. Sonda bir daha vurğulamaq istəyirəm ki, dayanıqlı və dözümlü şəhər inkişafı insan kapitalının inkişafı ilə birbaşa bağlıdır. Bu gün qətiyyətlə deyə bilərik ki, güclü şəhər elmə söykənən düşüncə, ekoloji məsuliyyət, milli dəyərlər və innovativ idarəetmə əsasında formalaşır. Azərbaycan modeli göstərir ki, insan amilini mərkəzə qoyan inkişaf strategiyası gələcəyin ən etibarlı yoludur".
"AzPolitika.info"





Şərhlər