Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) ətrafında siyasi böhran daha da dərinləşib. Belə ki, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.
"AzPolitika" Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Ankara Bölgə Apellyasiya Məhkəməsinin 36-cı Hüquq Dairəsi qərar qəbul edib.
Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.
Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Belə ki, məhkəmə CHP qurultayını və həmin dövrdə keçirilmiş bəzi partiya konqreslərini “mütləq etibarsız” (“mutlak butlan”) hesab edərək onların hüquqi baxımdan qüvvəsiz olduğunu açıqlayıb. Bununla da qurultay nəticəsində sədr seçilən Özgür Özel və onun rəhbərlik etdiyi partiya idarəçiliyinin müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılmasına qərar verilib.
Qərara əsasən, qurultaydan əvvəl CHP-yə rəhbərlik edən Kemal Kılıçdaroğlu və əvvəlki partiya rəhbərliyi yenidən vəzifələrinin icrasına qaytarılır.
Məhkəmə qərarında hansı iddialar yer alıb?
Qərarda qeyd olunub ki, qurultay və konqres prosesləri “partiyadaxili demokratiya, bərabərlik və sərbəst iradə prinsiplərinə zidd şəkildə” həyata keçirilib.
Məhkəmə materiallarında aşağıdakı ciddi iddiaların yer aldığı bildirilir:
- Bəzi nümayəndələrə pul verilməsi;
- Bələdiyyələrdə işlə təminat vədləri;
- Siyasi vəzifə və namizədlik təklifləri;
- Müxtəlif alış-veriş kartları və maddi üstünlüklərin təqdim edilməsi;
- Gizli səsvermə prinsipinin pozulması;
- Bəzi nümayəndələrdən səs bülletenlərinin şəklini çəkərək göndərmələrinin tələb olunması.
Məhkəmə bu halların nümayəndələrin azad iradəsinə təsir göstərdiyini və bunun “ictimai qaydaya ziddlik” təşkil etdiyini vurğulayıb.
Bütün sonrakı qurultaylar da etibarsız sayıldı
Qərarda diqqət çəkən məqamlardan biri də odur ki, məhkəmə yalnız 2023-cü il noyabr qurultayını deyil, həmin tarixdən sonra keçirilmiş bütün növbədənkənar və növbəti qurultayların, eləcə də həmin toplantılarda qəbul olunmuş qərarların da hüquqi qüvvədən düşdüyünü elan edib.
Bununla faktiki olaraq CHP-də rəhbərliyin əvvəlki vəziyyətə qaytarılması prosesi başlanıb
Məhkəmə həmçinin 8 oktyabr 2023-cü ildə keçirilmiş CHP İstanbul İl Konqresini də etibarsız sayıb. Qərara görə, həmin konqresdən əvvəl fəaliyyət göstərən İstanbul il təşkilatı rəhbərliyi də yenidən vəzifəsinə qaytarılmalıdır.

Kılıçdaroğlu və Özəldən ilk açıqlamalar
CHP-də “mütləq etibarsızlıq” qərarının açıqlanmasından sonra partiyanın keçmiş sədri Kemal Kılıçdaroğlu ilk dəfə ictimaiyyət qarşısında mövqeyini açıqlayıb.
TGRT Haber-ə danışan Kılıçdaroğlu qərarı belə dəyərləndirib:“Mütləq etibarsızlıq qərarı Türkiyə və CHP üçün xeyirli olsun”.
Kılıçdaroğlu daha sonra TV100 kanalına da açıqlama verib. O bildirib ki, CHP daxilində yaranmış vəziyyət emosional deyil, təmkinli şəkildə qarşılanmalıdır:“Bütün partiya üzvləri bunu sakit qarşılamalıdır. Partiyamız çox böyük partiyadır və öz problemlərini öz daxilində həll edəcək”.

Kemal Kılıçdaroğlu sosial media hesabında da geniş bəyanat yayıb.
Kılıçdaroğlu bildirib ki, məhkəmənin CHP-nin 38-ci növbəti qurultayı ilə bağlı qərarı partiyada parçalanma deyil, birlik üçün fürsətə çevrilməlidir: “38-ci Növbəti Qurultayımızla bağlı məhkəmənin verdiyi qərar ayrışma səbəbi deyil, əsrlik çinarımızın kölgəsi altında birləşmək fürsəti olmalıdır”.
Cumhuriyet Halk Partisi lideri açıqlamasında CHP-nin şəxsi siyasi maraqlar uğrunda mübarizə meydanı olmadığını vurğulayıb: “Cumhuriyyət Xalq Partiyası şəxsi siyasi maraq axtarışlarının mübarizə meydanı deyil. CHP xalqımızın hakimiyyət sənədidir”.
Kılıçdaroğlu qeyd edib ki, proses partiyanın keçmiş rəhbərləri, Partiya Məclisi üzvləri, deputatlar, vilayət və rayon təşkilatları ilə tam koordinasiya şəraitində idarə olunacaq:“Bu prosesi ‘kaş ki’lərlə deyil, ciddiyyətlə, partiya mədəniyyətimizin verdiyi səmimiyyət və ortaq ağıl ilə idarə etməliyik. Şəxsi siyasi gələcəklər deyil, Türkiyənin gələcəyi əsasdır”.
Kılıçdaroğlu tərəfdarlarını emosional davranışlardan çəkinməyə çağıraraq bildirib:“Bu gün sevinc nidaları ilə bir-birimizi incitmək günü deyil. Bu gün inciklikləri kənara qoyaraq ciddi, sakit və qucaqlaşaraq ayağa qalxmaq günüdür”.
O əlavə edib ki, heç kəs narahat olmamalıdır və CHP bu böhrandan çıxaraq siyasi yürüşünü davam etdirəcək: “Hamını sakitliyə və ortaq ağıla çağırıram. Biz birlikdəyik!”
Kılıçdaroğlunun açıqlamaları CHP-də məhkəmə qərarından sonra yaranan gərgin siyasi atmosfer fonunda ilk rəsmi mövqe kimi qiymətləndirilir. Türkiyə mediasında isə bundan sonrakı mərhələdə həm hüquqi, həm də siyasi qarşıdurmanın daha da dərinləşə biləcəyi barədə şərhlər verilir.
Məlumata görə, məhkəmənin qərarı ilə yenidən CHP rəhbərliyinə qaytarılması nəzərdə tutulan Kılıçdaroğlu qərarı öz ofisində olarkən öyrənib. Daha sonra isə evinə gedərək prosesləri və siyasi inkişafları izləməyə başlayıb.

CHP sədri Özgür Özel “mütləq etibarsızlıq” qərarından sonra sosial media platforması X üzərindən ilk paylaşımını edib.
Özel paylaşımında tərəfdarlarına və partiya üzvlərinə mübarizə mesajı verərək bunları yazıb: “Mən sizə hakimiyyətə gül bağçasından keçərək gedəcəyimizi vəd etmirəm. Mən sizə ağrılara dözməyi, amma təslim olmamağı vəd edirəm. Mən sizə şərəf, ləyaqət, cəsarət və mübarizə vəd edirəm!”
Özelin bu açıqlaması CHP daxilində məhkəmə qərarına qarşı müqavimət mesajı kimi qiymətləndirilir. Türkiyə siyasi dairələrində isə paylaşımın partiya rəhbərliyinin qərarı qəbul etməyəcəyinə və siyasi mübarizəni davam etdirəcəyinə işarə etdiyi bildirilir.
Qeyd edək ki, CHP sədri Özgür Özel daha əvvəl belə bir qərar çıxacağı təqdirdə onu tanımayacağını bildirmişdi.
Özel demişdi: “Mən həm nümayəndələrin, həm üzvlərin, həm də bizə səs verən hər kəsin iradəsini müdafiə edirəm. Əgər ‘mütləq etibarsızlıq’ qərarı çıxarılsa, mənim nəzərimdə həmin qərarın özü də etibarsızdır və hüquqi qüvvəsi yoxdur”.
Qərarın Türkiyə siyasətində ciddi rezonans doğuracağı gözlənilir. Xüsusilə CHP daxilində yeni daxili qarşıdurmaların, hüquqi mübahisələrin və siyasi legitimlik müzakirələrinin daha da artacağı ehtimal olunur.
Hazırda gözlər həm CHP rəhbərliyinin atacağı addımlara, həm də qərarın yekun hüquqi prosesdə qüvvədə saxlanılıb-saxlanılmayacağına yönəlib.
Qərardan sonra CHP Mərkəzi İcraiyyə Komitəsinin fövqəladə iclası keçirir.
Elman
"AzPolitika.info"

Şərhlər
Heç bir rezonans da doğurmayacaq. Bir az köpürüb sonra da fıstalacaklar özəlçilər. Zaten aldığı rüşvetlerden dolayı dışarda kalmağı da imkansız. Tezliklə toxunulmazlığını kaldırıb, sonra da hakkında tutuklama kararı çıxarıb, soxacaklar ekremin goğuşuna. Gerizekalı haddini çox aşmışdı.