“Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır”.
“AzPolitika” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki proqram xarakterli çıxışında bəyan edib. Dövlət başçısının ötən il Vaşinqtonda keçirilən və Zəngəzur dəhlizinin taleyini həll edən üçtərəfli sənədə istinad etməsi qlobal siyasətdə regional gedişatın istiqamətini göstərən ən mühüm detal kimi diqqət çəkir.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov dövlət başçısının çıxışını şərh edərək bildirib ki, Azərbaycanın iqtisadi və hərbi qüdrəti Bakını qlobal güclərin hesablaşdığı əsas mərkəzə çevirib.
Deputat vurğulayıb ki, hazırda ölkəmizin makroiqtisadi göstəriciləri olduqca müsbətdir və maliyyə müstəqilliyimiz pik həddədir: “Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcumuzu 18 dəfədən çox üstələyir. Məhz bu maliyyə təhlükəsizliyi və iqtisadi müstəqillik ölkəmizə istər hərbi sahədə torpaqlarını işğaldan azad etmək, istərsə də beynəlxalq masada öz şərtlərini diktə etmək gücü verir”.
Komitə sədri Azərbaycanın tranzit və enerji qovşağı kimi qlobal çəkisinə də diqqət çəkilib. Bildirib ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı artıq 16 ölkəyə nəql olunur və ən maraqlısı, bu ölkələrdən 10-u birbaşa Avropa İttifaqının üzvüdür.
S.Novruzov qeyd edib ki, Bakı Enerji Həftəsi çərçivəsində verilən mesajlar Azərbaycanın təkcə regionun yox, Avropanın enerji təhlükəsizliyinin əsas qarantına çevrildiyini bir daha nümayiş etdirir. Neft-qaz gəlirlərinin emal sənayesinə və regional layihələrə yönəldilməsi Bakını Şərqlə Qərb arasında yeganə və əvəzedilməz nəqliyyat-logistika qovşağına çevirib.
"AzPolitika.info"

Şərhlər