Son illər müasir savaşlarda pilotsuz uçuş aparatlarından (PUA) istifadə sürətlə genişlənib. Əgər ötən əsrdə hərbi üstünlük əsasən tankların, döyüş təyyarələrinin və raket sistemlərinin sayı ilə ölçülürdüsə, bu gün həmin rolu getdikcə daha çox PUA-lar öz üzərinə götürür. Son illərdə baş verən münaqişələr də göstərib ki, nisbətən ucuz qiymətə başa gələn dronlar milyonlarla dollar dəyərində hərbi texnikanı sıradan çıxarmaq, strateji obyektlərə zərbələr endirmək və döyüş əməliyyatlarının gedişinə təsir göstərmək gücünə malikdir.
Rusiyanın Baş nazirinin birinci müavini Denis Manturovun açıqladığı son rəqəmlər də bu tendensiyanın miqyasını göstərir. Onun sözlərinə görə, Rusiya hazırda gündə 15 mindən çox FPV tipli hücum dronu istehsal etmək imkanına malikdir. Bu gün dünyanın aparıcı hərbi gücləri də bu sahəyə milyardlarla dollar sərmayə yatırır. ABŞ, Çin, Rusiya, Türkiyə, İsrail və İran PUA-ların hazırlanması və istehsalında lider ölkələr sırasında yer alırlar.
Hərbi dronların sayı əksər ölkələrdə gizli saxlanılsa da, bir sıra araşdırmalara görə, mövcud rəqəmlər təxminən belədir:
- ABŞ – 12 000 ədəd;
- Çin – 8 500 ədəd;
- Rusiya – 5 000 ədəd;
- İran – 3 700 ədəd;
- Türkiyə – 2 800 ədəd;
- Hindistan – 2 100 ədəd;
- İsrail – 1 800 ədəd;
- Fransa – 1 300 ədəd;
- Böyük Britaniya – 1 100 ədəd;
- Pakistan – 1 000 ədəd.
Cənubi Qafqaz ölkələrindən Azərbaycanın 315, Gürcüstanın 312, Ermənistan isə 309 hərbi drona sahib olduğu təxmin edilir.
Daha az maliyyə vəsaiti hesabına daha böyük zərər

Mövzu ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev "AzPolitika"ya bildirib ki, müasir müharibələrin tarixi göstərir ki, artıq hərbi əməliyyatların taleyini həll edən əsas hərbi-texniki vasitələrdən biri dronlardır: "Dronların müharibələrdə kütləvi tətbiqi bizim 44 günlük Vətən müharibəsindən başlasa da, onların daha geniş miqyasda istifadəsini Rusiya–Ukrayna müharibəsində müşahidə edirik. Ordu texnikaları, raketlər və digər silah sistemləri mövcud olsa da, həm Ukrayna, həm də Rusiya dronların istehsalına və tətbiqinə üstünlük verir. Bunun əsas səbəbi zərbə və FPV dronlarının hava hücumundan müdafiə vasitələri ilə tam şəkildə qarşısının alınmasının mümkün olmamasıdır. Nə Rusiya Ukrayna ərazisindən göndərilən, nə də Ukrayna Rusiyanın dərinliklərinə yönəldilən dronların qarşısını tam ala bilir. Bu isə mövcud hava hücumundan müdafiə sistemlərinin effektivliyinin məhdud olduğunu göstərir".
"Hazırda həm Rusiya, həm də Ukrayna tərəfindən gündəlik istifadə olunan dronların sayı 15 min ədədi keçsə də, Ukrayna antidron texnologiyalarının tətbiqində müəyyən üstünlük əldə edib. Ukrayna Rusiyadan göndərilən dronların idarəetmə sistemlərinə və proqram təminatına müdaxilə edərək onları yanlış hədəflərə yönləndirmək imkanına malikdir. Bu istiqamətdə fəaliyyətlər əsasən gizli həyata keçirilir və Ukrayna bu sahədə ilk uğur qazanan tərəf olub. Rusiyada isə hələlik belə imkanların olmadığı bildirilir. Buna görə də Rusiya Ukraynaya qədər uçub gələn dronların qarşısını tam ala bilmir, Ukrayna isə onların bir hissəsini yanlış istiqamətlərə yönləndirə bilir", - deyə ekspert bildirib.
Ekspert hesab edir ki, Rusiya–Ukrayna müharibəsinin taleyinə təsir edən əsas amillərdən biri də məhz dron texnologiyalarının tətbiqi və onlara qarşı effektiv müdafiə imkanlarının məhdud olmasıdır: "Hazırkı mərhələdə Ukraynaya ayrılan maliyyə vəsaitlərinin müəyyən nəticələr verdiyi görünür. Gələcəkdə dron texnologiyalarından istifadə edə bilən, yeni nəsil texnologiyalarla döyüşməyi və onları idarə etməyi bacaran ordular daha güclü hesab olunacaqlar. Azərbaycan da 44 günlük Vətən müharibəsində dron texnologiyalarının tətbiqi ilə mühüm üstünlük nümayiş etdirib. Ölkə həm dronların istifadəsi, həm də istehsalı sahəsində ciddi elmi-mühəndislik və idarəetmə potensialına malikdir. Müdafiə Sənayesi Nazirliyinin bu istiqamətdə fəaliyyətləri davam edir. Dron istehsal edən, onları silahlanmaya daxil edən və kütləvi şəkildə tətbiq etmək imkanına malik olan Azərbaycan Silahlı Qüvvələri artıq XXI əsrin müharibələrinə uyğunlaşdırılmış ordulardan biri hesab oluna bilər. Bir çox ölkələr isə hələ də köhnə hərbi yanaşmalarla fəaliyyət göstərdiklərindən bu fərq münaqişə və müharibələr zamanı daha aydın görünür".
Ekspert qeyd edir ki, orduların və dövlətlərin gələcəyi dron texnologiyalarının istehsalı və tətbiqi ilə sıx bağlı olacaq: "Rusiya–Ukrayna müharibəsində dronların kütləvi istehsalını və tətbiqini şərtləndirən digər mühüm amil onların iqtisadi səmərəliliyidir. Nisbətən aşağı xərclə hazırlanan zərbə və FPV dronları çox baha başa gələn hərbi hədəfləri məhv edə bilir. Bir dron vasitəsilə tankların, piyadaların döyüş maşınlarının, artilleriya sistemlərinin və ya idarəetmə məntəqələrinin sıradan çıxarılması maliyyə baxımından qat-qat sərfəlidir. Eyni zamanda Ukrayna Rusiyanın dərinliklərində yerləşən neft emalı və yanacaq istehsalı müəssisələrinə nisbətən ucuz vasitələrlə ciddi zərər vurmağı bacarır. Bu da göstərir ki, klassik müharibə texnikaları ilə müqayisədə dronlar daha az maliyyə vəsaiti hesabına daha böyük zərər vurmaq imkanına malikdir. Birinci səbəb onların qarşısının alınmasının çətin olmasıdır. İkinci səbəb isə az maliyyə vəsaiti ilə çox böyük nəticələr əldə edilməsidir. Hazırkı mərhələdə orduların və müharibələri idarə edən şəxslərin qərarlarına təsir göstərən əsas amillər bunlardır".
Onlar bir çox qərarları operatorun birbaşa müdaxiləsi olmadan qəbul edə bilirlər

Hərbi ekspert Ədalət Verdiyev də "AzPolitika"ya bildirib ki, pilotsuz uçuş aparatlarından (PUA) istifadəyə XIX əsrin sonlarından başlanılıb: "İlkin mərhələdə bu vasitələr əsasən hərbi məqsədlər üçün nəzərdə tutulur, ərazilərin kəşfiyyatı və müxtəlif yüklərin, o cümlədən döyüş sursatlarının daşınmasında istifadə edilirdi. 1960-cı illərdən etibarən pilotsuz vasitələrin tətbiqi daha intensiv xarakter almağa başlayıb. Hazırda isə onlar müxtəlif sahələrdə geniş istifadə olunur. Pilotsuz uçuş aparatları kütləsinə, sürətinə, konstruksiyasına və təyinatına görə müxtəlif siniflərə bölünür. Bununla belə, onların əhəmiyyətli hissəsi hərbi məqsədlər üçün hazırlanıb".
Ədalət Verdiyev qeyd edib ki, dronlardan istifadə üçün ənənəvi mənada pilot hazırlığına ehtiyac yoxdur: "İdarəetmə yerüstü nəzarət məntəqələrindən həyata keçirilir ki, bu da istismar xərclərinin azalmasına imkan verir. Bəzi pilotsuz uçuş aparatlarında daxili yanma mühərriklərindən istifadə olunması yanacaq sərfiyyatına qənaət baxımından da üstünlüklər yaradır. PUA-lar təkcə hərbi sahədə deyil, daşınma, tikinti, kənd təsərrüfatı, energetika, təhlükəsizlik və digər istiqamətlərdə də geniş tətbiq olunur. Hər bir aparatın konkret sahənin tələblərinə uyğunlaşdırılması mümkündür ki, bu da onların istifadə dairəsinin getdikcə genişlənməsinə şərait yaradır".
Ekspert bildirib ki, hazırda çətin relyefli ərazilərdə axtarış-xilasetmə əməliyyatları, yol hərəkətinin tənzimlənməsi və monitorinq məqsədləri üçün müxtəlif növ dronlardan istifadə edilir: "Müasir pilotsuz uçuş aparatları artıq süni intellekt texnologiyalarından istifadə etməklə idarə olunur. Onlar bir çox qərarları operatorun birbaşa müdaxiləsi olmadan qəbul edə, böyük həcmdə informasiyanı təhlil edə və aşkar olunan hədəflərə qarşı proqram təminatına uyğun reaksiya verə bilirlər. Döyüş əməliyyatları zonasında pilotsuz uçuş aparatları artıq avtomatik şəkildə hədəfləri aşkar edir, izləyir və onları zərərsizləşdirə bilir".
Ekspert qeyd edib ki, müharibələrdə iştirak edən ölkələr pilotsuz uçuş aparatlarının istehsalına xüsusi diqqət ayırırlar: "Ukrayna, Rusiya və digər dövlətlər hər gün minlərlə dron istehsal edir və onları döyüş əməliyyatlarında tətbiq edirlər. Azərbaycan, Türkiyə və İsrail dron istehsalı sahəsində mühüm nailiyyətlər əldə ediblər. İstehsal həcmləri ilə bağlı rəsmi statistika açıqlanmasa da, adıçəkilən ölkələrin həm daxili tələbatı ödədiyi, həm də dost və müttəfiq dövlətlər üçün müxtəlif təyinatlı pilotsuz uçuş aparatları istehsal etdiyi məlumdur".
E. Bəyməmmədli
"AzPolitika.info"

Şərhlər