Azərbaycanda bank kreditləri ilə bağlı yeni təminat mexanizmi hazırlanır. Gözlənilən yeniliyə əsasən, borcalan şəxs işsiz qaldığı təqdirdə və müəyyən şərtlərə cavab verərsə, kredit ödənişlərinin bir hissəsi və ya hamısı sığorta vasitəsilə qarşılana bilər. Bu təşəbbüs həm vətəndaşların maliyyə risklərini azaltmaq, həm də problemli kreditlərin sayının azalmasına töhfə vermək məqsədi daşıyır. Yeni mexanizmin hansı qaydalarla tətbiq ediləcəyi isə ictimaiyyət üçün maraq doğuran əsas məsələlərdəndir.

Yeni kredit sığortası mexanizmi necə işləyəcək? Yeni sistem banklar, sığorta şirkətləri və vətəndaşlar üçün hansı üstünlükləri və riskləri yarada bilər?

Mövzu ilə bağlı “AzPolitika”ya danışan iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, hazırda kreditlərin sığortalanması üçün hüquqi və praktiki mexanizmlər mövcuddur. Lakin bu imkanlardan istifadə, əksər hallarda, vətəndaşın seçimindən asılı olur və əlavə sığorta haqqının ödənilməsini tələb edir.

Onun sözlərinə görə, məhz bu səbəbdən bir çox borcalan əlavə xərc çəkməmək üçün kredit sığortasından imtina edir ki, bu da sonradan problemli kreditlərin sayının artmasına gətirib çıxarır:“Hazırda gündəmdə olan yeni mexanizmlərin şərtləri və tətbiq qaydaları hələ ictimaiyyətə tam açıqlanmadığından onların effektivliyi barədə qəti fikir söyləmək tezdir. Kreditlərin sığortalanmasının məcburi xarakter daşıması həm vətəndaşların, həm də maliyyə institutlarının maraqlarına xidmət edə bilər”.

Kredit götürən şəxsin vəfat etməsi və ya öhdəliklərini yerinə yetirməsinə mane olan digər gözlənilməz hallar baş verdikdə, kredit borcu əksər hallarda vərəsələrin üzərinə keçir. Bu isə mirasın bölüşdürülməsi zamanı əlavə hüquqi və maliyyə problemlərinin yaranmasına səbəb olur. Belə vəziyyətlərdə ailələr həm maddi, həm də psixoloji baxımdan çətinliklərlə üzləşirlər”.

Ekspert vurğulayıb ki, bu cür halların artması bankların və digər kredit təşkilatlarının kredit portfelinə də mənfi təsir göstərir: “Problemli kreditlərin çoxalması maliyyə sektorunda riskləri artırır, kredit təşkilatlarının itkilərinə səbəb olur və nəticədə həm kreditor, həm də borcalan tərəf zərər çəkir. Kredit sığortasının məcburi tətbiqi bu risklərin əhəmiyyətli hissəsini aradan qaldıra bilər. Belə ki, borcalanla bağlı gözlənilməz hadisə baş verdiyi halda, sığorta şirkəti müqavilə şərtlərinə uyğun olaraq öhdəlikləri qarşılayar və kredit borcu kompensasiya olunar. Bu, bir tərəfdən vətəndaşın ailəsini əlavə maliyyə yükündən qoruyar, digər tərəfdən isə bankların problemli kreditlərinin azalmasına və maliyyə sabitliyinin güclənməsinə töhfə verər”.

G.Hüseynova hesab edir ki, kredit bazarında risklərin minimuma endirilməsi üçün sığorta mexanizmlərinin daha geniş tətbiqi vacibdir:“Məcburi kredit sığortası həm borcalanların sosial müdafiəsini gücləndirə, həm də bank sektorunda risklərin idarə olunmasını daha səmərəli edə bilər. Lakin bu istiqamətdə qəbul ediləcək yeni qaydaların şəffaf, əlçatan və vətəndaşların maliyyə imkanlarını nəzərə alan prinsiplər əsasında hazırlanması mühüm əhəmiyyət daşıyır”.

Oğuz Ayvaz

AzPolitika.info”