Azərbaycanda 1 aprel 2026-cı il tarixindən etibarən elektron siqaretlərlə bağlı tətbiq edilən qadağa, ölkənin tütünlə mübarizədə yeni mərhələnin başlanğıcı oldu. Qanunun qüvvəyə minməsindən keçən təxminən 40 gün ərzində həm daxili bazarda, həm də istehlakçı davranışlarında dəyişikliklər müşahidə edilir.

Yeni qanunvericilik elektron siqaretlərin yalnız satışını deyil, həm də idxalını, ixracını, istehsalını, saxlanılmasını və istifadəsini tamamilə qadağan edir. Həm sıravi vətəndaşlar, həm də sahibkarlar üçün sanksiyalar nəzərdə tutur.

Belə ki, küçə və ictimai yerlərdə "veyp" (vape) istifadə edən fiziki şəxslər 30 manat məbləğində cərimə olunur. Qanunsuz ticarət və saxlamaya görə sıravi vətəndaşlar 350-500 manat, vəzifəli şəxslər 1650-2200 manat cərimələnir. Hüquqi şəxslər üçün isə cərimə məbləği 4000-5000 manat arasındadır və məhsulun müsadirəsi ilə müşayiət olunur.

Qanunun qüvvəyə mindiyi aprelin 1-dən bu yana hüquq-mühafizə orqanları tərəfindən konkret neçə nəfərin məhz elektron siqaretə görə cərimələndiyi barədə rəsmi və ayrıca statistika hələ ki ictimaiyyətə açıqlanmayıb. Bu onunla izah oluna bilər ki, Daxili İşlər Nazirliyi (DİN) ümumilikdə tütün məhsullarından qadağan olunmuş yerlərdə istifadəyə görə inzibati protokollar tərtib etsə də, bu statistikada "veyp" istifadəçiləri ayrıca kateqoriya kimi təsnifləşdirilmir. Bundan əlavə, qanunun tətbiqi çox yeni olduğundan rəsmi qurumların rüblük və ya yarımillik konsolidə edilmiş hesabatları hələ tam formalaşmayıb.

Elektron siqaret və qızdırılan tütün məmulatı

Onu da qeyd edək ki, qızdırılan tütün məhsulları elektron siqaretlərlə tez-tez qarışdırılır. Onların arasındakı fundamental fərq ondan ibarətdir ki, elektron siqaretlərdə əsasən kimyəvi maye nikotin buxarlandırılır, qızdırılan tütün sistemlərində isə real tütün istifadə olunur. Qızdırılan tütün məhsulları adi siqaretlərdən fərqli olaraq tütünü yandırmır, onu xüsusi cihaz vasitəsilə təxminən 350 dərəcəyədək temperaturda qızdıraraq nikotin tərkibli aerozol yaradır. Yanma prosesi baş vermədiyi üçün bədənə daxil olan zəhərli qatranların miqdarı kəskin azalır, qanunvericinin bu cihazlara qadağa qoymamasının əsas səbəbi də elə budur.

Qanunvericilikdə də iki mühüm anlayış bir-birindən ayrılıb:

Elektron siqaret (Vape, pod sistemləri): Mayenin buxarlanması ilə işləyən cihazlar - tamamilə qadağandır.

Qızdırılan tütün məmulatları (IQOS, GLO cihazları və onların çubuqları – Terea, Heets və s.): tütünün yandırılmadan, yalnız qızdırılması ilə işləyən sistemlər - qadağan edilməyib.

"Vape Shop"lar indi nə ilə məşğuldur?

Qadağadan əvvəl Bakıda rast gəlinən, xüsusilə Çin və Malayziyadan gətirilən ("Elf Bar", "Vozol", "Vaporesso" və s.) məhsulları satan mağazalar (Vape Shop) qısa müddətdə rebrendinqə gediblər. Bu yöndə fəaliyyət göstərən sahibkarlardan fəaliyyətini dayandıranlar da olub.

Fəaliyyətini davam etdirənlər isə profillərini dəyişiblər. Həmin mağazalar hazırda elektron siqaretlərin satışını tamamilə yığışdıraraq, yalnız qanunla icazə verilən qızdırılan tütün cihazlarının (IQOS, GLO və s.), premium siqaret markalarının və qəlyan aksesuarlarının pərakəndə satışına keçiblər.

Qadağanın tətbiqi ilə istifadəçilər arasında iki əsas meyil yaranıb. Ən diqqətçəkən məqam qızdırılan tütün məhsullarına (IQOS, Ploom və s.) kütləvi keçiddir. İstehlakçılar "maye" cihazlarından tütün cihazlarına üz tutur, çünki sonuncular qadağa siyahısına daxil deyil.

Gömrük orqanları aprelin 1-dən onlayn sifarişlərlə (karqo şirkətləri vasitəsilə) göndərilən bu növ bağlamaların ölkəyə girişini tam bloklayıb. "Smart Customs" mobil tətbiqi və e.customs.gov.az portalı üzərindən elektron siqaret və onun komponentlərinin bəyan edilməsi texniki olaraq qeyri-mümkün hala gətirilib, şəxsi baqajda gətirilən cihazlar isə sərhəd-buraxılış məntəqələrində müsadirə olunur.

Bununla belə, qadağanın ardınca rəsmi vitrinlərdən yığışdırılan məhsulların bir hissəsinin "Telegram" və "Instagram" kimi platformalara daşındığı deyilir. Dövlət Gömrük Komitəsinin ötən dövrlərə dair hesabatları da göstərir ki, qadağadan əvvəl belə minlərlə bəyan edilməmiş elektron siqaret və xüsusi nikotin mayeləri gizli yollarla ölkəyə keçirilməyə çalışılarkən sərhəddə aşkarlanaraq müsadirə edilib. Aprelin 1-dən etibarən isə qadağa ilə əlaqədar DGK-nin nəzarəti artıb.

İqtisadçı ekspert Natiq Cəfərli bildirir ki, tətbiq edilən qadağalar hər zaman gizli bazara rəvac verir:

"Elektron siqaretlərin ölkəyə idxalı və satışı tam qadağan olunduğu təqdirdə, daxili tələbatı ödəmək üçün qonşu ölkələrdən (Rusiya və Gürcüstan) gizli yollarla gətirilən qaçaqmal məhsulların həcmində təbii artım meyli yaranır. Bu istiqamətdə elə bir süzgəc formalaşdırılmalıdır ki, mənşəyi və tərkibi tamamilə məlum olmayan, gənclərin sağlamlığı üçün daha böyük təhlükə yaradan gizli məhsullar daxili bazara sızmasın. Təkcə küçədə sıravi vətəndaşı cərimələməklə deyil, həm də tədarük zəncirini qırmaqla qətiyyətli mübarizə aparılmalıdır".

Natiq Cəfərli həmçinin xəbərdarlıq edir ki, sərhədlərdə nəzarətin kəskinləşməsi yaxın aylarda "qara bazar"da qalan qanunsuz elektron siqaretlərin qiymətini bir neçə dəfə bahalaşdıracaq. Odur ki, sosial şəbəkələrdəki gizli satış şəbəkələrinin və qanunsuz kuryer xidmətlərinin tam iflic edilməsi qanunun işləməsi üçün qaçılmaz şərtdir.

Bəzi ölkələrdə bu yöndə fərqli yanaşma tətbiq olunur: satışa yaş məhdudiyyəti qoyulur, lisenziyalı satış məntəqələrinə və məhsulların keyfiyyətinə ciddi nəzarət edilir. Eyni zamanda, gəncləri hədəfləyən reklam və marketinq üsulları məhdudlaşdırılır, maarifləndirmə kampaniyalarına üstünlük verilir.

E.Rüstəmli

“AzPolitika.info”