Azərbaycanlıların da tez-tez istifadə etdiyi məşhur “Zolotaya Korona” pul köçürmə sistemi Gürcüstan, Qazaxıstan və Belarusa pul köçürmələrini dayandırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mediasında dərc edilən məlumatı şirkətdən təsdiqləyiblər.
Şirkətin dəstək xidməti bildirib ki, "bəzi köçürmə istiqamətləri əlçatan deyil". Rusiyadan “Zolotaya Korona” vasitəsilə pul göndərilə bilən yaxın ölkələrin siyahısında hələlik yalnız dörd ölkə qalıb: Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstan. Lakin köçürmə istiqamətlərinin ümumi siyahısı artıq şirkətin veb saytında göstərilmir.
Bir gün əvvəl Avropa Birliyi(AB) Rusiyaya qarşı maliyyə sektoruna, enerjiyə, ticarətə, kriptovalyutalara, müdafiə sənayesinə və “kölgə donanması”na təsir edən 21-ci sanksiya paketini tətbiq edib. Sanksiyalar siyahısına 218 maddə daxildir. Maliyyə tədbirlərinin bir hissəsi olaraq, AB 94 Rusiya bankının əməliyyatlarını qadağan edib. Məhdudiyyətlər arasında “Zolotaya Korona”-nın operatoru və hesablaşma mərkəzi də var.

Məlumatlı mənbə RTVI-yə bildirib ki, "Zolotaya Korona" vasitəsilə köçürmələrin məhdudlaşdırılmasından sonra xaricdə yaşayan ruslar arasında "panika" hökm sürür. Mənbənin sözlərinə görə, bir çoxları bu xidmətdən Rusiyadan pul köçürməyin yeganə yolu kimi istifadə edirdilər.
"Zolotaya Korona" 2003-cü ildən bəri fəaliyyət göstərən ən böyük Rusiya pul köçürmə xidmətlərindən biridir. Onun şəbəkəsi banklar, poçt şöbələri və pərakəndə satış şəbəkələri də daxil olmaqla 50 ölkədə 50.000-dən çox xidmət nöqtəsini əhatə edir. Onun tərəfdaşları və iştirakçıları arasında 550-dən çox bank və iri pərakəndə satış şəbəkələri var. Şirkətin öz hesablamalarına görə, onun köçürmələrdəki bazar payı ölkələrə görə dəyişərək orta hesabla təxminən 50% təşkil edir.
Son məlumata görə, artıq “Zolotaya Korona” vasitəsilə pul göndərilə bilən yaxın ölkələrin siyahısında Azərbaycanın da adı yoxdur.
“AzPolitika.info”

Şərhlər