Ermənistandakı parlament seçkisi bitdi. Səslərin sayılması davam etsə də, artıq Nikol Paşinyan özünü qalib elan edib və bu, heç də pis xəbər deyil.
Ancaq bu seçkiyə “demokratik və şəffaf seçki etalonu” demək doğru olmazdı; necə ki, Ermənistanın özünə də müstəqil, suveren, hüquqi və öz iradəsilə idarə olunan dövlət demək doğru deyil. Buna baxmayaraq, artıq Avropa və Qərb strukturları, onların Ermənistandakı nümayəndələri və müşahidəçiləri öz maraqlarına uyğun gəldiyi üçün bu kifayət qədər çirkli seçkini az qala şəffaflıq nümunəsi kimi təqdim edərək göylərə qaldırırlar...
Seçki kampaniyası boyu hər iki tərəf - hakimiyyət və müxalifət qanunsuz, çirkli siyasi texnologiyalardan gen-bol istifadə etdi. Rusiyanın satalliti olan müxalifət erməni xalqını Azərbaycan və Türkiyə ilə qorxutdu, hakim partiyanın az qala bütün Ermənistanı azərbaycanlılarla məskunlaşdıracağına dair “fəlakətli ssenarilər” cızdı. Üstəgəl, özlərinin seçiləcəyi təqdirdə sosial-iqtisadi “xaruqələr”, gələcək təhlükəsizlik təminatı, güclü ordu, Rusiyanın təmənnasız və dönməz dəstəyi, hətta ermənilərin Qarabağa qayıdışı ilə bağlı nağıllar danışdı.
Paşinyanın partiyası da eyni üslublardan istifadə edərək, hakimiyyətdə olduğu 8 ildə etmədiklərini seçkidən sonra qısa müddətdə edəcəyinə dair mübahisəli vədlər verdi. Qarşı tərəfə həbslər, təzyiqlər, qadağalar tətbiq edildi, inzibati resurslardan seçkinin nəticəsinə təsir etmək üçün istifadə olundu. Kampaniya boyu təhdidlər, təhqirlər, şantajlar, kompromatlar havada uçuşdu...
Əlbəttə ki, səsləri və seçkinin özünü satın almağa çalışan, Rusiyanın təsiri və nəzarəti altında olan, onun sifarişini yerinə yetirən müxalifəti anlamaq asandır. Rusiya və onu əlaltılarından dürüst, ədalətli nəsə, xüsusilə də siyasi mübarizə gözləmək mənasızdır. Ancaq haqq, ədalət, demokratiya, şəffaflıq “zurnası çalan” hakim partiyanın və onun Avropadakı, Qərbdəki himayədarlarının da müxalifətdən geri qalmadığını görməmək mümkünsüzdür.

Məsələn, son günlər guya Rusiyada yaşayan ermənilərin Kreml tərəfindən kütləvi şəkildə Ermənistana göndərildiyi, 100 min erməninin seçkinin taleyinə təsir etmək üçün təlimatlandırılaraq yola salındığı barədə Qərb mətbuatı “özəl məlumatlar” paylaşdı. Bu, əlbəttə ki, hakim partiyaya xidmət edən sifarişli xəbərlərin və siyasi texnologiyaların bir fraqmenti idi. Amma heç kim düşünmədi ki, hətta fiziki olaraq 100 min nəfəri qısa müddətdə təyyarələrlə Ermənistana göndərmək mümkün deyil! Rusiyanın bütün regionlarından Ermənistana gündə üst-üstə 20-yə yaxın təyyarə reysi var. Hipotetik olaraq bu reyslərin sərnişinlərinin yarısı Paşinyanın əleyhinə səs verəcək Ermənistan vətəndaşları olsa belə, bu, son iki-üç gündə üst-üstə 3-5 min nəfər edər. Həmin 3-5 min nəfər seçkinin taleyinə ciddi təsir edə bilərdimi? Üstəlik, bu adamlara, onları işindən edərək yola salmaq üçün kifayət qədər bahalı biletlər almaq, yol xərcləri çəkmək və s. də daxil xeyli vəsait xərclənməli idi. Hələ onu demirik ki, Ermənistan hökuməti həmin adamların dərhal hərbi uçota alınaraq, hərbi toplanışa cəlb ediləcəyinə dair xəbərdarlıq etmişdi. Yəni nə ermənilər risk edib kütləvi şəkildə Rusiyadan Ermənistana seçki üçün gələn, nə Rusiyada kimsə seçkinin nəticəsinə ciddi təsir etməyəcək bu addıma gedən, nə də əlavə təyyarə reysləri təşkil edən deyildi. Lakin Qərb mətbuatı bu, yumşaq desək, mübahisəli iddianı ortaya ataraq, Paşinyan hakimiyyətini növbəti dəfə Rusiyanın təhdidlərinin qurbanı kimi qələmə verdi. Paşinyan hakimiyyəti isə öz təbii, konstitusion seçim hüququndan istifadə etmək istəyən Rusiyadakı erməniləri hərbi toplanışla şantaj və təhdid etdi, bununla da “əsl demokratiya, şəffalıq nümunəsi” göstərdi.
Hakimiyyət bir çox cəhətlərinə görə müxalifətdən geri qalmadı. Hakim partiya Paşinyan başda olmaqla, seçki kampaniyası zamanı hər cür populizmə, təlxəkliyə əl atdı – Baş nazir seçki avtobusunda gah peraşki, gah dönər, gah çiyələk yedi, xalqa “mən də sizdənəm” mesajı verməyə çalışdı, sonda da meydana toplaşan tərəfdarları qarşısında diz çökdü. Müxalifət isə Erməni Apostol Kilsəsini qabağa verdi, Paşinyanın ailə həyatına qarışdı, onun 300 min azərbaycanlını Ermənistana köçürəcəyilə erməniləri təhdid etdi, iş yerləri, maaşlarla bağlı mümkünsüz vədlər verdi və sair. Bir sözlə, əsl “seçki sirki” oynandı...
Nəhayət, seçki günü çatdı və həmin gün də seçki kampaniyasının digər günlərindən seçilmədi. Seçki günü saysız-hesabsız qanun pozuntuları qeydə alındı. Təkcə dünən saat 20:00-a olan məlumata görə, Ermənistanın İstintaq Komitəsi seçki cinayətləri ilə bağlı 59 (!) cinayət işi açıb. Azı doqquz nəfər saxlanılıb. Səsvermə günü Mərkəzi Seçki Komissiyası hətta iki məntəqə sədrinin saxlanıldığını bəyan edib.
Seçki pozuntularının sayı-hesabı yoxdur. Seçki kampaniyası dövründə, hətta seçki günü siyasi partiyalarının ofislərində, siyasi fəalların evlərində axtraışlar, həbslər aparıldı. Səslər pulla satılıb alındı. Ruspərəstlər rus rublu, avropapərəstlər avro təklif etdi - satdı, aldı.
Həbs edilənlər əsasən səsvermə üçün rüşvət vermə və qanunsuz maliyyələşdirmə ittihamları ilə üzləşdilər. Kremlin emissarı, milyarder Samvel Karapetyanın özü hakimiyyəti ələ keçirməyə cəhd ittihamı ilə ev dustaqlığlnda ikən, səsverməyə bir gün qalmış onun "Güclü Ermənistan" partiyasının 6 namizədi İstintaq Komitəsinin qərarı ilə həbs edildi. Partiya ümumilikdə 100-ə yaxın tərəfdarının saxlanıldığını bəyan etdi.

Koçaryanın “Ermənistan" bloku kampaniya dövründə 50-yə yaxın tərəfdarının və əməkdaşının saxlanıldığını açıqladı.
Hüquq-mühafizə orqanları birbaşa müxalifət qərargahlarında - İrəvanda, Gümrüdə, Lori bölgəsində və s. əməliyyatlar keçirdi. Seçki ofislərində Anti-Korrupsiya Komitəsi tərəfindən reydlər keçirildi, ofis avadanlıqları yığışdırıldı.
Seçki gününə qədər seçki fırıldaqçılığı və səsvermə hüquqlarının pozulması faktları üzrə 115 cinayət işi başlanıb. 214 nəfər saxlanılıb, ümumilikdə 237 şəxs barəsində cinayət təqibi başladılıb. İstintaqdan qaçıb gizlənən 17 müttəhim barəsində rəsmi axtarış elan edilib.
Təqsirləndirilən şəxslərdən 91-i barəsində həbs qətimkan tədbiri seçilib (50 nəfər təcridxanaya yerləşdirilib, 41-i ev həbsindədir). Digər 102 nəfər barəsində isə fərqli tədbirlər tətbiq olunub.
Təkcə 7 iyun – səsvermə günü ərzində 33 nəfər barəsində təcili cinayət təqibinə başlanılıb və onlardan 28-i dərhal həbs edilib. Hətta seçkidən sonra da həbslərin davam edəcəyi gözlənilir.
Belə bir reallıq çərçivəsində tarixi yalanları, uydurmaları, saxtakarlıqları ilə ad çıxarmış Ermənistandan, erməni cəmiyyətindən, dövlətindən nümunəvi, şəffaf və ədalətli seçki nümunəsi gözləmək sadəlövhlük olardı.
Azərbaycanın rakursundan baxdıqda, bizim üçün strateji olaraq Ermənistanın daxili siyasi intriqalarının elə də böyük əhəmiyyəti yoxdur. Necə deyərlər, itin dişi donuzun dərisi...
Lakin xüsusilə Avropanın yuxarıda sadalanan aşkar seçki pozuntularına, nəticəyə təsir edən müdaxilələrə, haqsız rəqabətə ikili münasibəti – ikili standartları açıq-aydın göründü və bunu deməmək doğru olmaz. Başqa ölkələrdə, nəticələr özlərinə sərf etməyəndə seçkilərdəki hər xırda detalı şişirdib böyük qalmaqala çevirən, seçkinin nəticələrini şübhə altına alan hesabatlar yayan Avropa strukturları bu seçkidə hər şeyə göz yumdu.
Məsələn, Avropa Parlamentinin Ermənistandakı parlament seçkilərində müşahidə missiyasının rəhbəri, fransalı deputat Natali Luazonun bütün bu qanun pozuntuları ilə bağlı səsi çıxmadı. O, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ODIHR) rəhbərlik etdiyi beynəlxalq missiyanın tərkibindəki Avropa Parlamenti nümayəndə heyətinə rəhbərlik edir. Ermənistanın “cibində olan” və öz rəhbərliyinin göstərişilə hərəkət edən bu “baş müşahidəçi” seçkiyə təsir edən heç bir ciddi qanun pozuntusu “görmədi”. Niyə? Çünki Avropanın işinə belə yarayır…
Demək istədiyimiz odur ki, Rusiya kimi, Avropa da bəşəri dəyərlər, demokratiya, şəffaflıq, insan haqları və s. kimi anlayışları tam deqradasiyaya uğradaraq, onlardan siyasi təzyiq vasitəsi kimi istifadə edir və bu zaman yalnız öz siyasi maraqlarından çıxış edir. Bu gün həmin maraqlar Paşinyanın yenidən seçilməsindən yana idi. Deməli, hər cür seçki pozuntularına göz yummaq olardı, necə ki yumuldu da...
“AzPolitika.info”

Şərhlər