Bu gün səhər Moskva vilayətinin Balaşixa şəhərində partladılan avtomobildə Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin rəisi Damir Davıdov həlak olub.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələrinə yaxınlığı ilə tanınan “VÇK-OGPU” Telegram kanalı məlumat verib.

“The Insıder” yazır ki, 57 yaşlı Damir Davıdov general-leytenant rütbəsi daşıyıb və Balaşixadakı Kojedub küçəsində yaşayıb. Əməliyyatın Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən həyata keçirildiyi bildirilir. Davıdov 4 fevral 1969-cu ildə Penza-19 (Zareçnı) qapalı şəhərində anadan olub. Atası 2002-ci ilə qədər nüvə raketləri istehsal edən "Start" istehsalat birliyində çalışıb. Davıdov ixtisaslaşmış hərbi-texniki təhsil alıb və raket mühərrikləri və artilleriya sursatı sahəsində bir neçə patent qeydiyyatdan keçirib.\\

Ukrayna uzun müddətdir ki, bu generalı müharibə cinayətlərinin iştirakçısı kimi hədəfə alıb. Ukraynanın "Cəlladlar Kitabı"na görə, Davıdov 24 fevral 2022-ci ildə Rusiya hərbi işğalının planlaşdırılmasında və təşkilində birbaşa iştirak edib.

"Kommersant" nəşri yazıb ki, Davıdovun avtomobilinin altında 500 qrama yaxın trotil gücünə malik partlayıcı qurğu partlayıb. İstintaq Komitəsi cinayət işi açıb.

“AzPolitika.info”