ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın ABŞ Ordusuna məxsus “Apache” helikopterini vurmasına cavab olaraq İrana qarşı özünümüdafiə xarakterli zərbələrə başladığını açıqlayıb.

Bu barədə CENTCOM-un "X" sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edilib.

“ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:00-da Ali Baş Komandanın göstərişi ilə İrana qarşı özünümüdafiə məqsədli zərbələr endirməyə başlayıb. Bu əməliyyat dünən ABŞ Ordusuna məxsus ‘Apache’ helikopterinin vurulmasına cavab olaraq həyata keçirilir”, – paylaşımda qeyd olunub.

Açıqlamada bildirilir ki, əməliyyat İranın “əsassız təcavüzünə” qarşı proporsional cavab xarakteri daşıyır.

Əməliyyat bir neçə saat davam edib və artıq başa çatıb. CENTCOM-un yaydığı bəyanatda bildirilir ki, əməliyyat iyunun 9-da ABŞ Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanının göstərişi ilə həyata keçirilib.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin qırıcı təyyarələri Hörmüz boğazı yaxınlığında yerləşən İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqələrini və müşahidə radarlarını yüksək dəqiqlikli sursatlarla vurub.

CENTCOM əməliyyatın ABŞ qüvvələrinə və regional sulardan keçən beynəlxalq ticarət gəmilərinə qarşı son hücumlara proporsional cavab olduğunu bildirib.

Açıqlamada qeyd olunub ki, ABŞ qüvvələri İran tərəfindən mümkün təhdidlərə qarşı ayıq vəziyyətdə qalır və müdafiə tədbirlərini davam etdirir.

***

Daha sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)) İrana qarşı həyata keçirilən “özünümüdafiə xarakterli” hərbi əməliyyatların başa çatdığını açıqlayıb.

Bildirilir ki, əməliyyatlar ABŞ hərbi helikopterinə qarşı hücuma cavab olaraq, ABŞ Prezidenti Donald Trampın əmri ilə həyata keçirilib.

Zərbələr zamanı Hörmüz boğazı yaxınlığında yerləşən hava hücumundan müdafiə sistemləri, radarlar və yerüstü müşahidə infrastrukturu hədəf alınıb. Qurum bu addımı “ABŞ qüvvələrinə və beynəlxalq ticarət gəmilərinə qarşı son hücumlara mütənasib cavab” kimi qiymətləndirib.

Açıqlamada həmçinin ABŞ qüvvələrinin regionda “İranın təcavüzkar addımlarına qarşı ayıq-sayıq qalacağı” vurğulanıb.

***

İran da ABŞ-nin bu hücumuna cavab verildiyini bəyan edib.

"AzPolitika" "Tasnim" xəbər agentliyinə istinadən xəbər verir ki,  İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran ərazisi üzərində Amerikaya məxsus "MQ-9 Reaper" pilotsuz təyyarəsinin vurulduğunu və ABŞ-nin bölgədəki obyektlərinə raket zərbələri endirildiyini elan edib.

SEPAH-ın məlumatına görə, Hərbi Dəniz Qüvvələri Buşehr əyalətindəki Cəm dairəsi səmasında "MQ-9 Reaper" pilotsuz təyyarəsini vurub. Həmçinin ABŞ-nin regiondakı hərbi bazalarındakı 21 hədəfə zərbələr endirilib.

Bundan əlavə, SEPAH-ın Aerokosmik Qüvvələri uzun mənzilli bərk yanacaqlı raketlərdən istifadə edərək İordaniyadakı Əl-Əzraq aviabazasındakı F-35 qırıcı təyyarələrinin anqarları da daxil olmaqla dörd hədəfi vurub.

SEPAH İranın hərbi qüvvələrinin hər hansı yeni təcavüzə sarsıdıcı və qətiyyətli cavab verməyə hazır olduğunu vurğulayıb və nəticələrə məsuliyyəti ABŞ-nin üzərinə atıb.

"AzPolitika.info"