ABŞ-nin İranda 20 hədəfə zərbə endirməsi, Tehranın Livana birbaşa müdaxilə ehtimalını gündəmə gətirməsi, Qətər nümayəndələrinin təcili şəkildə Tehrana yollanması və neft qiymətlərinin yenidən yüksəlişə keçməsi göstərir ki, Yaxın Şərqdə böhran hərbi və diplomatik mərhələlərin paralel getdiyi yeni mərhələyə daxil olub.

Son hadisələrə diqqət yetirdikdə maraqlı mənzərə yaranır. Bir tərəfdən Vaşinqton hərbi təzyiqi artırır, Donald Tramp İranın elektrik stansiyaları və digər infrastruktur obyektlərinə yeni zərbələr endirə biləcəyini açıq şəkildə bəyan edir. Digər tərəfdən isə ABŞ-la məsləhətləşmələr aparan Qətər danışıqlar prosesini xilas etmək üçün Tehrana nümayəndə heyəti göndərir. Bu isə göstərir ki, Vaşinqtonun məqsədi təkcə hərbi üstünlük nümayiş etdirmək deyil, həm də danışıqlarda daha sərfəli mövqe əldə etməkdir.

İran isə eyni vaxtda həm müqavimət mesajı verir, həm də regiondakı təsir imkanlarını nümayiş etdirməyə çalışır. Tehrandan səslənən "zərurət yaranarsa Cənubi Livana birbaşa daxil ola bilərik" bəyanatı təkcə İsrailə deyil, ABŞ-a və ərəb ölkələrinə də ünvanlanmış xəbərdarlıq kimi görünür. Bununla yanaşı, İran rəhbərliyi region ölkələrinin ABŞ və İsraildən uzaqlaşdığı barədə tezisi ön plana çıxararaq siyasi təcrid vəziyyətində olmadığını göstərməyə çalışır.

Diqqət çəkən başqa məqam isə ərəb ölkələrinin mövqeyidir. Ərəb Dövlətləri Liqasının İranın Küveyt, Bəhreyn və İordaniyaya hücumlarını pisləməsi göstərir ki, Tehran regionda gözlədiyi qədər geniş siyasi dəstək əldə edə bilmir. Bu isə İranın strateji manevr imkanlarını məhdudlaşdıran amillərdən biri hesab oluna bilər.

Bütün bunların fonunda bazarlar da öz reaksiyasını verir. Neft qiymətlərinin yenidən 90 dollar həddini aşması investorların böhranın daha da dərinləşəcəyindən ehtiyatlandığını göstərir. Xüsusilə Hörmüz boğazı ətrafında risklərin artması dünya enerji bazarları üçün əsas təhlükə olaraq qalır.

Hazırkı mənzərə onu göstərir ki, tərəflər hələlik tammiqyaslı regional müharibədən yayınmağa çalışsalar da, hərbi təzyiq və diplomatik təmaslar paralel şəkildə davam edir. Məhz buna görə də Yaxın Şərqdə növbəti həftələrdə baş verəcək hadisələr təkcə regionun deyil, qlobal enerji bazarlarının və beynəlxalq siyasətin istiqamətini müəyyən edə bilər.

"AzPolitika.info"