Rusiyanın Ukraynada bir neçə ay əvvəl planlaşdırdığı yaz-yay hücumu fiaskoya uğradı. Artıq cəbhədəki vəziyyətdən məlumdur ki, bu yay işğalçı ordu heç bir ciddi uğur əldə edə bilməyəcək.

“AzPolitika” xəbər verir ki, “New York Post” qəzeti Vladimir Putinin hərbi uğursuzluqları və artan daxili təzyiqi aradan qaldırmaq üçün Ukraynaya qarşı genişmiqyaslı qış hücumuna hazırlaşdığını yazıb. Qəzetin məlumatına görə, Qərb ekspertləri bununla bağlı əsasən Rusiyada pisləşən iqtisadi vəziyyətə, orduya canlı qüvvə cəlb edilməsindəki problemlərə və artan büdcə kəsirinə işarə edirlər.

Qəzetə danışan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) baş elmi işçisi Mariya Sneqova hesab edir ki, Kreml indidən qış dövründən Ukraynaya təzyiqi artırmaq üçün istifadə edəcəyinə ümid edir.

Onun sözlərinə görə, uğursuz yaz-yay hücumundan sonra Rusiya cəbhə xəttində gözlənilən nəticələrə nail ola bilməyib və buna görə də mülki infrastruktura genişmiqyaslı hücumlara qayıda bilər: "Putin Donbas məsələsində Ukraynanı güzəştlərə məcbur etməkdən ötrü genişmiqyaslı hücumları bərpa etmək və humanitar böhran yaratmaq üçün yenidən qışa qədər gözləyəcək".

Analitiklər Rusiyanın hücumlarının yalnız enerji sistemini deyil, həm də Ukraynanın dəmir yolu və su infrastrukturunu hədəfə ala biləcəyini, logistika və təchizatları pozmağa çalışacağını irəli sürürlər.

Müharibə ilə yanaşı, Kreml pisləşən iqtisadi vəziyyətlə mübarizə aparmaq məcburiyyətində qalır. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, ilin ilk beş ayı üçün federal büdcə kəsiri 81,4 milyard dollara çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə çoxdur.

Eyni zamanda, büdcə xərcləri 17% artıb, neft və qaz gəlirləri isə təxminən 30% azalıb.

Problemin daha bir əlaməti Rusiyanın qızıl ehtiyatlarının son 25 ildə ilk dəfə əhəmiyyətli dərəcədə azalmasıdır. Rusiya Mərkəzi Bankının məlumatına görə, qızıl ehtiyatları təkcə aprel ayında 5,7 ton azalıb.

"Rusiyanın qızıl ehtiyatları tükənir, əmək bazarında işçi qüvvəsi çatışmazlığı yaşanır və iqtisadiyyat ciddi zərbə alır", - ABŞ Müharibə Tədqiqatları İnstitutunun Rusiya qrupunun rəhbəri Yekaterina Stepanenko bildirib.

İqtisadi çətinliklər Rusiyanın ordusunun imkanlarına da getdikcə daha çox təsir göstərir. Ekspertlərin hesablamalarına görə, may ayında müqavilə ilə orduya qəbul təxminən 30.000 nəfərə düşüb ki, bu da artıq Rusiya ordusundakı aylıq döyüş itkilərindən aşağıdır. Nəticədə, Rusiya hakimiyyəti tələbələri orduya cəlb etmək üçün kampaniyaları gücləndirib. Medianın məlumatına görə, gənclərə müqavilə imzalamaq müqabilində maddi güzəştlər, təhsil haqqından azad edilmə və digər bonuslar təklif olunur. Kreml daha əvvəl məhbusları, xüsusən də ağır cinayətlərdə məhkum edilmiş şəxsləri orduya götürüb. Ancaq indi bu kontingent də azalıb. 

Analitiklər hesab edirlər ki, pisləşən iqtisadi vəziyyət və orduya canlı qüvvə yığımındakı çətinliklər Kremli populyar olmayan qərarlar qəbul etməyə sövq edə bilər. Mümkün ssenarilərə yeni səfərbərlik dalğası, hərbçilərin və veteranların maaşlarının azaldılması, iri müəssisələrin aktivləri üzərində dövlət nəzarətinin artması daxildir: "Bu problemlərin çoxu nəhayət ki, Putinə də çatdı”. 

Rusiya ordusunun cəbhədəki vəziyyətinə gəlincə, qeyd edək ki, artıq işğalçı qüvvələr iri miqyaslı hücumlardan tamamilə imtina etmək məcburiyyətində qalıb. Məsələn, bu yay məqsəd Donetsk vilayətinin Ukraynanın nəzarətindəki bütün hissəsini – Slavyansk, Kramatorsk və digər nisbətən iri şəhərlərdən ibarət "qalalar qurşağı"nı bütünlüklə işğal etmək idi. Lakin rus ordusu bu hücumda prioritetlərini dəyişdirib. Slavyansk istiqamətində irəliləmək üçün uğursuz cəhdlərdən sonra səylərini kiçik Konstantinovkanı ələ keçirməyə yönəldib. Bu kiçik şəhərdə 2022-ci ilə qədər 78 min əhali yaşayırdı. Hazırda burada 15 mindən də az insan yaşadığı bildirilir. 

Bütün bunlar bir daha göstərir ki, “dünyanın ikinci ordusu” Ukraynada fiaskoya uğrayıb və kiçik şəhərlər, qəsəbələr, hətta kəndlər uğrunda mənasız kütləvi itkilər verməklə, sadəcə, Putinin hikkəsinin qurbanı olmaqda davam edir.      

C.Məmmədli

“AzPolitika.info”