ABŞ Prezidenti Donald Tramp dünən bəyan edib ki, ABŞ və İran Hörmüz boğazını gəmiçilik üçün yenidən açacaq sülh sazişi imzalamaq üzrədir.

“AzPolitika” xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Trampın bəyanatına cavabında bunu nə təsdiq, nə də təkzib edib. Tehran hələ ABŞ ilə müqaviləyə dair yekun qərar vermədiyini bildirib.

Tramp yazıb ki, İranın ali rəhbərliyi ilə danışıqlardan sonra münaqişənin dinc həlli yolu ortaya çıxıb. Nəticədə o, dünən İslam Respublikasına planlaşdırılan bombardmanı ləğv edib: "İran İslam Respublikası ilə müzakirələrin İranın ali rəhbərliyinə çatdırıldığı və təsdiqləndiyinə görə, bu axşam üçün planlaşdırılan zərbələri ləğv etdim".

Tramp əmin edib ki, ABŞ-dən başqa, sazişin son şərtləri "bütün tərəflər" - İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digər ölkələr tərəfindən razılaşdırılıb. "Dəniz blokadası saziş yekunlaşana qədər tam qüvvədə qalacaq - imzalanma vaxtı və yeri tezliklə açıqlanacaq", o əlavə edib.


Həmin axşam jurnalistlərə verdiyi açıqlamada Amerika Prezidenti Tehranla müqavilənin bu həftə sonu, özü də ehtimal ki, Avropada imzalana biləcəyini söyləyib. Lakin ABŞ Prezidenti 14 iyunda 80 illik yubileyi ilə əlaqədar imzalanma mərasimində şəxsən iştirak edə bilməyəcək. Onun əvəzinə bunu vitse-prezident C.D. Vens edəcək.

Tramp müqavilənin İranın "heç vaxt nüvə silahına sahib olmayacağı" və Hörmüz boğazının yenidən açılacağı anlamına gəldiyini söyləyib: "Onların nüvə silahı olmayacaq, onlar buna razılaşıblar. Onun sözlərinə görə, İran heç bir növ nüvə silahına sahib olmayacaq, almayacaq və inkişaf etdirməyəcək”.

İran Xarici İşlər Nazirliyi isə Trampın açıqlamalarını spekulyativ adlandırıb. Nazirliyin sözçüsü İsmail Baqai İran mediasına bildirib ki, "bu məqamda İran müqavilə ilə bağlı yekun qərara gəlməyib": "Sazişin imzalanmasının vaxtı və yeri ilə bağlı məlumatlar spekulyativ olaraq qalır və hələlik heç bir nəticə əldə edilməyib".

Diplomat vurğulayıb ki, Vaşinqton son bir neçə ay ərzində atəşkəsi dəfələrlə pozaraq mövqeyini dəyişib. Lakin Baqai həm də tərəflərin əksər məsələlərdə razılığa gəldiyini təsdiqləyib: "Biz artıq bildirmişik ki, sazişin mətninin əsas hissəsi praktik olaraq razılaşdırılıb. Problem Amerika rəsmilərinin həm nümayəndələri, həm də media ilə çoxsaylı müsahibələr vasitəsilə dəfələrlə yeni tələblər irəli sürməsi və ya mövqelərini dəyişdirməsi səbəbindən yaranıb".

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Tehranın prinsipial mövqelərindən geri çəkilmək niyyətində olmadığını vurğulayıb.

Bu arada İran Parlamentinin sədri Məhəmməd Qalibaf ABŞ-yə xəbərdarlıq edib ki, Tehranla müharibədə impulsiv qərarlar "sonsuz bataqlığa" səbəb olacaq: "Fərqli bir İranla tanış olacaqsınız".

C.Məmmədli

“AzPolitika.info”