Sabiq deputat, fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev "facebook" səhifəsindən paylaşdığı "Kitabxanalar, uçan göyərçinlər, timsahın nəmli dərisi və laqonda…" başlıqlı yazıda  ölkədə kitab dükanlarının, kitabxanaların və incəsənət ocaqlarının kütləvi bağlanmasına görə sabiq nazirlər Polad Bülbüloğlu və Əbülfəz Qarayev  ittiham edib.

"AzPolitika" həmin yazını təıqdim edir:

"KİTABXANALAR, UÇAN GÖYƏRÇİNLƏR, TİMSAHIN NƏMLİ DƏRİSİ VƏ LAQONDA…" 

Milli Məclisdə iyunun 10-da “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirə keçirilib. İctimai müzakirədən yayılan fotolardan gördüm ki, tədbirə kitabı bilən bir neçə nəfər də dəvət olunmuşdu. Məsələn, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu hansı inkişaf perspektivlərindən danışa bilər?

Mirzə Ələkbər Sabirin məşhur “Çatlayır, Xanbacı, qəmdən ürəyim” satirik şeirindəki “Biz olan evdə haçan vardı kitab?” ritorik sualını xatırlamaq yerinə düşərdi. Polad Bülbüloğlu və Əbülfəz Qarayevin nazir olduqları dövrlərdə kitab dükanlarının, kitabxanaların və incəsənət ocaqlarının kütləvi bağlanması prosesi həyata keçirildi. Bu iki “intelligent” kitaba divan tutdu.

Sovet İttifaqı dövründə Bakıda kitab mağazalarının sayı təxminən 160-a çatırdı. 60 kitab köşkü fəaliyyət göstərirdi. İndi Bakıda fəaliyyət göstərən kitab mağazalarının sayı 8–10 aralığındadır. Sumqayıt və Gəncə kimi böyük şəhərlərdə isə kitab mağazalarının və kitabxanaların sayının çoxluğundan danışmaq belə mümkün deyil. Kəndlərdə və rayonlarda demək olar ki, kitab mağazası yoxdur. Sovet dövründə kifayət qədər kitab mağazası olan Bakıda bu gün ixtisaslaşmış kitab mağazalarının sayı demək olar ki, yoxdur. Kitab mağazası olan yerlərin əksəriyyəti profilini dəyişib. İndi kitab mağazalarının yerləşdiyi məkanlarda ya geyim, ya da ərzaq malları satılır.

Vaxtilə ən böyük kitab satışı məkanları olan möhtəşəm “Kitab Passajı” və “Kitab Evi” bağlandı. Neftçilər prospektində yerləşən dünya səviyyəli “Abunə” kitab mağazasının yeri satıldı.

“Azərkitab” Kitab Ticarəti Birliyi də ləğv edildi. Əli Həsənov ət və kolbasa əmtəəşünası işləmiş kirvəsi Əlvan Əliyevin bu quruma rəhbər təyin olunmasına nail olduqdan sonra kitab mağazaları sürətlə yox edilməyə başladı.

Sovet dövründə, xüsusilə 1970–1980-ci illərdə Azərbaycanda kitabxana şəbəkəsi çox geniş idi. Həmin illərdə ölkədə ümumilikdə təxminən 4245 kütləvi kitabxana fəaliyyət göstərirdi. Bu kitabxanaların fondlarında ümumilikdə 38 milyon nüsxədən çox ədəbiyyat vardı.

Sovet hakimiyyəti illərində kitabxanaların mərkəzləşdirilməsi aparılmış, kənd və qəsəbələrdə çoxlu sayda yeni kitabxana açılmışdı. Məsələn, 1969–1980-ci illər ərzində respublikada 1155 yeni kitabxana tikilmişdi.

Müstəqillik illərində, xüsusilə 1990-cı illərdən sonra kitabxanaların dislokasiyasına (yerləşməsinə) yenidən baxılmış və bəzi oxucusuz kitabxanalar bağlanmışdır. Hazırda (2026-cı il üçün) ölkədə kütləvi kitabxanaların sayı təxminən 2900 civarındadır. Bunların da böyük əksəriyyətində fəaliyyət şəraiti acınacaqlıdır.

Kitabxanalar və kitab mağazaları mədəniyyətin əsas göstəricilərindən biridir. Bu sadə məntiqi Polad Bülbüloğlu və Əbülfəz Qarayev başa düşmədilər.

Bu adamlar Səttar Bəhlulzadə adına möhtəşəm Sərgi Salonunu “Kimyəvi Təmizləmə” şəbəkəsinə satdılar. Sərgi salonunun girişində məşhur polyak heykəltəraşlarından birinin müəllifi olduğu tuncdan hazırlanmış “Göyərçinlər” barelyefi yerləşirdi. Deyirlər ki, unudulmaz Heydər Əliyev bu “Göyərçinlər” barelyefini böyük çətinliklə Polşadan gətizdirmişdi. Ona baxanlar yaxşı xatırlayırlar: sanki göyərçinlər bir-bir havaya qalxaraq qanad açırdı. Canlı bir mənzərə yaranırdı. Onun qarşısından keçərkən barelyefə baxmamaq mümkün deyildi. Söküb dağıtdılar. Əsərin taleyi barədə məlumatı olan varmı?

“Səadət” sarayının əsas giriş qapısının sağında və solunda, təxminən bir metr hündürlükdə, üz-üzə baxan iki timsah barelyefi var. İtalyan heykəltəraş bu əsərləri elə yaratmışdı ki, sanki timsahlar indicə sudan çıxır. Müəllif timsahın nəmli dərisinin fakturasını elə ustalıqla işləmişdi ki, əsər canlı təsiri bağışlayırdı.

Bu adamlar...

Sarayın təmiri zamanı heç bir sənətşünasdan, heykəltəraşdan, rəssamdan və ya memardan məsləhət almadan timsahları adi daş təmizləyən fəhlənin laqondasının qurbanına çevirdilər.

Bir neçə min yaşı olan Kolizey və ya eramızın V əsrində Afina Akropolunda inşa edilmiş Parfenon abidələri bu günə qədər necə qorunub saxlanılıb? Onları necə mühafizə ediblər? Bizdə isə təcrübəni öyrənmək əvəzinə laqondanı işə salırlar.

Kitab mağazalarını və kitabxanaları bağladıqdan sonra isə mövcud vəziyyətə görə dizlərinə döyürlər...