Dahi Lev Tolstoyun müasirlərindən olan şair Fyodr Tyutçevin məşhur sözü var: “Rusiyanı ağılla dərk etmək mümkün deyil”
Bu gün Lev Tolstoyun kötücəsi, Rusiya Dövlət Dumasının sədr müavini, Vladimr Putinin hakim “Vahid Rusiya” partiyası Ali Şurasının üzvü Pyotr Tolstoyun açıqlamaları Tyutçevin 19-cu əsrdə dediklərinin hələ də aktual olduğunu, eləcə də rus şovinist, imperiyaçı zenhiyyətində heç nəyin dəyişmədiyini göstərir…
Pyotr Tolstoy keçmiş SSRİ respublikaları olan qonşu ölkələrə növbəti dəfə hədə-qorxu gələrək, onların öz suverenliklərini itirmələrilə təhdid edib.
Rusiya kanallarının birinə son müsahibəsində Pyotr Tolstoy keçmiş Sovet respublikalarına ultimatum verərək deyib ki, bu ölkələr ya Moskvaya təslim olmalı, ya da müstəqilliklərilə vidalaşmalıdırlar: “Müstəqil olmaq istəyirlərsə, onların bir yolu var - Rusiya ilə bir yerdə olmalıdırlar. Əgər Rusiyanı müstəmləkəçilikdə günahlandırsalar, tarixi yaddaş muzeyləri yaratsalar, Pribaltikanın, Ukraynanın keçdiyi yolu getsələr, onlar müstəqil dövlət kimi qalmayacaqlar. Bu, 100 faizdir. Siz ya Rusiyanın dostusunuz və Rusiya ilə bir yerdəsiniz, ya da sizin suverenliyinizə və müsətəqilliyinizə heç kim təminat verməyəcək”.

Göründüyü kimi, adamın təhdidi bütün beynəlxalq norma, hüquq və tələblərdən kənara çıxmaqla yanaşı, həm də absurddur. Bir tərəfdən deyir ki, Rusiya ilə bir yerdə, yəni onun təsiri altında olmalısınız, Rusiyanın dedikləri ilə oturb durmalısınız. Digər yandan da deyir ki, “müstəqil və suveren” olmanızın yolu məhz Rusiyanın əlaltısı olmaqdan keçir.
Məsələn, Azərbaycan əsrlərdir “Rusiyanın yanında olmağın” nə demək olduğunu çox yaxşı bilir. Azərbaycan Prezidenti IV Şuşa Qlobal Media Forumunda bu mövzuyla bağlı konkret fikir bildirib: “Biz SSRİ-nin bir hissəsi idik, bəli, amma hüquqlarımız yox idi. Bizim tarixi yaddaşımızda müstəmləkə olmağın və sonra azad dövlətə çevrilməyin nə demək olduğu anlayışı qalıb”.
Prezident əlavə edib ki, Sovet dövründə Azərbaycandan milyardlarla ton neft ixrac olunurdu, lakin SSRİ-nin dağılmasından sonra ölkə elektrik enerjisi çatışmazlığı ilə üzləşdi və hələ də intensiv neft hasilatının yaratdığı ekoloji ziyanı aradan qaldırmaq məcburiyyətində qalır.
İndi Tolstoyun dediklərindən isə belə çıxır ki, Azərbaycan və digər müstəqil respublikalar bu həqiqətləri deməli deyillər. Tolstoy deyir ki, tarixi köklərinizə qayıtmayın, uzun illər, əsrlər boyu Rusiyanın müstəmləkəsi olduğunuza dair tarixi həqiqəti deməyin, bununla bağlı yaddaşı silin, muzeylər yaratmayın və sair. Adamdan soruşarlar: “Axı niyə?”
O, həmin müsahibəsində Rusiya daxilindəki qeyri-rus xalqlara da “yerlərini bilməyi” tövsiyə edib və deyib ki, onlar hamısı rus xalqının ətrafında birləşiblər və ilk növbədə ruslara hörmət etməli, Rus Provaslav Kilsəsinin tarixi rolunu dərk etməlidirlər və sair. Tolstoy hətta əlavə edib ki, bu xalqların tarix və milli kimlik barədə təsəvvürləri guya təhrif olunub və onlar “rusların səbrindən sui-istifadə etməməlidirlər”. Bu, əlbəttə ki, ilk növbədə tatarlara, başkirlərə, çeçenlərə və digər müsəlman xalqalara yönələn açıq təhdiddir, meydan oxumaqdır. Onların öz tarixini, dilini, dinini bir kənara qoyub, ruslara, Rus Pravoslav Kilsəsinə beyət etmək tələbidir.
Tolstoy deyib ki, bütün keçmiş Sovet respublikaları öz infrastrukturuna görə Rusiyaya minnətdar olmağa borcludurlar və keçmişlərini müstəqil şəkildə qiymətləndirmək, onalara qarşı müstəmləkə siyasətini müzakirə etmək və ya öz yollarını seçmək hüququna malik deyillər.
Əlbəttə ki, bu kimi təhdidlər bir daha nədən keçmiş Sovet respublikalarının Moskvadan uzaq durmağa çalışmasını bir daha izah etmiş olur. Rusiya bu ölkələrə dostluq və bərabər əməkdaşlıq deyil, köhnə imperiya modeli, müstəmləkəçilik, itaət təklif edir. Lakin xüsusilə də Ukraynaya hücumdan sonra qonşu respublikalar Rusiyanın "qardaş millətlər", "ortaq tarix" və "rus dilində danışanları qorumaq" söhbətlərinin arxasında hansı qansız vəhşiliklərin durduğunu gördülər. Məhz buna görə də region ölkələri Türkiyə, Avropa, Çin və ABŞ ilə münasibətlərini gücləndirir, Rusiyadan asılılıqlarını azaldırlar…
Moskva əslində, bu cür təhdidlərlə özünün bu respublikalardakı olan-qalan nüfuzunu, təsirini də məhv etmiş olur. Bunu bilə-bilə bu cür təhdidlərin davam etdirilməsi, doğrudan da rus imperiya zehniyyətinin ağılla çətin başa düşülən cəhətlərindən biridir...
Digər yandan, niyə bu qonşu ölkələr əsas müttəfiqi Şimali Koreya və İran olan, nə beynəlxalq hüquq, nə sərhəd, nə vicdan, nə humanizm tanımayan və istənilən an yüz cür bəhanə tapıb qonşu ölkəyə soxulmağa hazır olan bir dövlətlə yaxınlaşmağa can atmalıdır ki?
Nə təklif edir Rusiya bu qonşu ölkələrə - işğal, təzyiq, istismar, özbaşınalıq, hüquqsuzluq, korrupsiya, milli və dini ayrıseçkilik və s.
Bir daha qeyd edək ki, Pyotr Tolstoy heç də Rusiya hakimiyyət iyerarxiyasında sonuncu adam deyil. O, spikerin müavini, hakim partiyanın Ali Şurasının üzvü və Moskva şöbəsinin başçısıdır. Yəni, birbaşa siyasi elitadadır. Onun dedikləri də Kremlin başında duranların dili ilə deyilir. Əgər belə olmasaydı, indiyə qədər onun dəfələrlə təkrarlanan bu cür açıq imperiyaçı bəyanatlarının, təhdidlərinin qarşısı alınardı.
Tolstoy 2023-cü ilin iyulunda da Azərbaycana qarşı təxribatçı fikirlər səsləndirmişdi. Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna üçün Rusiyadan başqa istiqamət yoxdur, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olmayacaq.
Ancaq buna görə Kremldə heç kim onun ağzının üstündən vurmadı və vurmur. Bütün bunlar onu göstərir ki, ən böyük şovinistlər, imperiyaçılar və qatı millətçilər Rusiyanın başında oturanların özləridir!
Cəlal Məmmədli
“AzPolitika.info”

Şərhlər