Yaxın Şərq isə öz gələcəyi uğrunda aparacağı növbəti qanlı döyüş raundundan əvvəl müvəqqəti möhlət qazandı
Ramiz YUNUS,
Xəzər Universitetinin politologiya professoru
Bu cümə günü İsveçrədə ABŞ ilə İran arasında Yaxın Şərqdəki növbəti hərbi qarşıdurmaya son qoymalı olan mühüm bir sənədin imzalanması gözlənilir. Razılaşmanın mətni hələlik ictimaiyyətə açıqlanmayıb. Oxşar sənədləri ənənəvi olaraq müşayiət edən məxfi əlavələrin və ya pərdəarxası razılaşmaların olub-olmaması da məlum deyil. Lakin reallıq bəri başdan bəzi ilkin və kifayət qədər ciddi nəticələr çıxarmağa imkan verir.
Bu nəticələrin ən başlıcası isə ilk baxışdan paradoksal səslənir: ABŞ qalib gəlmədi, İran isə uduzmadı.
Məqsıd Tehranda rejim dəyişikliyi üçün zəmin yaradılması idi, ancaq...
Bu müharibə başlayanda ABŞ Prezidenti Donald Tramp administrasiyası və onun Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrail qarşılarına sadə bir atəşkəsdən qat-qat böyük və iddialı hədəflər qoymuşdular. Söhbət İranın nüvə proqramının tamamilə ləğv edilməsindən, İslam Respublikasının hərbi infrastrukturunun darmadağın olunmasından, regiondakı proksi-qruplaşmalara dəstəyin kəsilməsindən və faktiki olaraq, Tehranda rejim dəyişikliyi üçün zəmin yaradılmasından gedirdi.

Təsadüfi deyil ki, Donald Tramp Yaxın Şərqdə son yarım əsrin ən böyük başağrısı olan "İran problemini" qəti şəkildə həll etmək niyyətində olduğunu dəfələrlə bəyan etmişdi. Hələ özünün ilk prezidentlik dönəmində o, Obama administrasiyasının imzaladığı nüvə sazişindən (JCPOA) çıxmış və bunu qeyri-effektiv addım hesab etmişdi. Bu dəfə isə Vaşinqton stavkanı problemin birbaşa güc yolu ilə həllinə qoymuşdu.
Müharibə boyu ABŞ və İsrail İranın hərbi infrastrukturuna kütləvi zərbələr endirdi. Silah anbarları, komanda məntəqələri, mühüm hərbi obyektlər məhv edildi. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ali komandanlığının nümayəndələri, eləcə də İranın ali dini lideri bu zərbələrin hədəfinə çevrildi. Bir çox analitiklər gözləyirdilər ki, belə bir genişmiqyaslı kampaniya Tehrandakı mövcud hakimiyyətin süqutuna və deyilən rejim dəyişikliyinə səbəb olacaq. Lakin bu baş vermədi. Rejim tab gətirdi.
Bəli, Tehran ciddi itkilər verdi. Onun hərbi və strateji imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdı. Lakin müharibənin əsas siyasi hədəfinə nail olunmadı – İslam Respublikası idarəetməni qoruyub saxladı. Dövlət institutları fəaliyyətini davam etdirdi, siyasi sistem çökmədi. Deməli, ABŞ-ın strateji qələbəsindən danışmaq ən azı vaxtından əvvəl atılmış addım olardı. Radar sistemlərini, zavodları, anbarları və qərargahları məhv etmək olar. Lakin öz mövcudluğu üçün ən ağır bədəli ödəməyə hazır olan bir dövləti tamamilə sıradan çıxarmaq göründüyündən qat-qat mürəkkəbdir.
İsrailin qarşılaşdığı yeni geosiyasi reallıq
Müharibənin nəticələri İsrail üçün də az mürəkkəb olmadı. Şübhəsiz ki, İsrail ordusu (TSAHAL) özünün yüksək effektivliyini və hərbi üstünlüyünü bir daha nümayiş etdirdi. Lakin strateji qələbə vurulan hədəflərin sayı ilə deyil, yaranan yeni siyasi reallıqla ölçülür.

Siyasi reallıq isə dəyişməz qaldı:
İran regionun ən böyük geosiyasi oyunçusu olaraq qalır.
Tehranın qonşu ölkələrə təsir rıçaqları hələ də aktivdir.
İranın regional müttəfiqlərinin gələcəyi ilə bağlı suallar gündəmdən düşməyib.
Əgər yekun razılaşmada Livana dair xüsusi bəndlər yer alacaqsa, bu, "Hizbullah" probleminin də hələ tam həll olunmadığının göstəricisidir.
Hörmüz boğazı və ABŞ daxili siyasətinə "benzin zərbəsi"
Xüsusilə Hörmüz boğazı ətrafındakı vəziyyət indiki mənzərəni tam çılpaqlığı ilə ortaya qoyur. Müharibədən əvvəl bu boğaz beynəlxalq gəmiçilik üçün tam açıq idi. Konflikt zamanı isə məhz bu strateji su yolunun bloklanması təhlükəsi qlobal enerji bazarında əsas qeyri-sabitlik amilinə çevrildi və risklərin artması dərhal neftin qiymətlərində özünü göstərdi.
Buna görə də, sənəd imzalandıqdan sonra Hörmüz boğazı yenidən əvvəlki statusuna qayıdacaqsa, bu, sadəcə müharibədən əvvəlki status-kvonun bərpası demək olacaq. Buna "qələbə" demək çətindir.

Üstəlik, enerji bazarındakı bu qeyri-sabitlik Birləşmiş Ştatların özünə də ciddi zərbə vurdu. ABŞ-da benzinin qiymətinin kəskin artması, 3 noyabr 2026-cı ildə keçiriləcək mühüm Konqresə aralıq seçkiləri fonunda Ağ Ev administrasiyası üçün ciddi daxili siyasi çağırışa çevrildi. ABŞ-dakı bəzi neft nəhəngləri bu vəziyyətdən milyardlar qazansa da, sıravi amerikalı istehlakçı tamamilə fərqli və acınacaqlı reallıqla üz-üzə qaldı.
Ona görə də, Vaşinqtonun gələcək sazişi "mütləq qələbə" kimi təqdim etmək cəhdləri həmişə sadə bir sualla qarşılaşacaq: Əgər məqsəd Tehrandakı rejimi dəyişmək idisə, bu rejim niyə hələ də hakimiyyətdədir?
İran üçün "Pürr qələbəsi": Ağır iqtisadi bədəl və daxili xaos riskləri
Digər tərəfdən, mövcud mənzərəni İranın qələbəsi kimi qiymətləndirmək də böyük bir yanlışlıq olardı. Bəli, rejim tab gətirdi, dövlətin ərazi bütövlüyü qorundu və ölkə rəhbərliyi daxili auditoriyaya fövqəladə xarici təzyiqlər qarşısında "böyük müqavimət" dastanı nümayiş etdirdiyini elan etmək fürsəti qazandı.

Lakin bu dözümlülüyün bədəli İran üçün həddindən artıq ağır və sarsıdıcı oldu:
Dağıdılmiş infrastruktur,
Hərbi-sənaye kompleksinə vurulmuş zərbələr,
Katastrofik inflyasiya və dərinləşən iqtisadi böhran,
İşsizliyin artması və kütləvi sosial narazılıq.
Bütün bu amillər yaxın illərdə İranın daxili siyasi mühitinə birbaşa təsir göstərəcək. Müharibə, eyni zamanda, İran elitası daxilindəki gizli hakimiyyət davasını da alovlandıracaq. Siyasi çəkisini artırmaq istəyən hərbi strukturlar, xüsusən də SEPAH öz iddialarını ortaya qoyacaq. Mülki siyasi institutlar – prezident, parlament və müxtəlif klanlar da kənarda qalmayacaq, öz növbəsində dini rəhbərlik də mövqelərini gücləndirməyə çalışacaq.
Sanksiyaların qismən ləğvi fonunda İranın dondurulmuş aktivlərinin və daxil olacaq resursların yenidən bölüşdürülməsi məsələsi daxili xaos və qarşıdurma üçün növbəti barıt çəlləyi rolunu oynaya bilər.
Buna görə də, əgər İranın "qələbəsi"ndən danışırıqsa, bu, klassik mənada sadəcə bir "Pirr qələbəsi"dir (faktiki olaraq məğlubiyyətə bərabər olan qələbə). Rejim hakimiyyəti saxladı, lakin ölkə gələcəyini qurban verdi.
Əsl qalib kimdir? Növbəti raunda qədər "taym-aut"
Real mənzərədə bu günün əsl qalibi nə Vaşinqtondur, nə də Tehran. Bu günün yeganə qalibi Zamandır.
ABŞ bu təhlükəli eskalasiya spiralından çıxmaq imkanı əldə etdi. İran nəfəs dərmək üçün vaxt qazandı. İsrail isə qüvvələrini yenidən qruplaşdırmaq şansı tapdı. Lakin regionun fundamental problemlərinin heç biri kökündən həll olunmadı.

Yaxın Şərq hələ də dərin ziddiyyətlərin, toqquşan maraqların və sürətlə dəyişən situasiya ittifaqlarının poliqonudur. Artıq bu gündən regionun bir çox dövlətləri öz təhlükəsizlik strategiyalarına yenidən baxır, yeni koalisiyalar qurur və öz maraqlarını qorumaq üçün alternativ mexanizmlər axtarırlar.
Ona görə də hazırda baş verənləri münaqişənin sonu deyil, sadəcə onun müvəqqəti pauzası kimi qiymətləndirmək lazımdır.
Bu gün Vaşinqton "diplomatik zəfər"dən, Tehran "şərəfli müqavimət"dən, İsrail isə "düşmənin zəiflədilməsi"ndən danışacaq. Lakin tarix müharibələri tamam fərqli meyarlarla qiymətləndirir və yalnız bir sual verir: "Bu müharibədən sonra dünya yeni bir müharibəni istisna edəcək qədər dəyişdimi?"
Hələlik bu sualın cavabı qəti şəkildə XEYRdir.
Məhz buna görə də bugünkü mənzərənin əsas yekun nəticəsi eyni olaraq qalır: ABŞ qalib gəlmədi, İran uduzmadı. Yaxın Şərq isə öz gələcəyi uğrunda aparacağı növbəti qanlı döyüş raundundan əvvəl sadəcə müvəqqəti bir möhlət qazandı.
Dahi Henri Kissincerin dediyi kimi: "Heç bir müharibə onu başlayanların planlaşdırdığı kimi başa çatmır".
"AzPolitika.info"

Şərhlər