ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Vaşinqtona 350 milyard dollar təzminat ödəməli olduğunu bəyan edib. Ağ Ev rəhbərinin sözlərinə görə, bu nəhəng məbləğ Co Bayden administrasiyası dövründə Ukraynaya dəstək üçün xərclənib və Avropa bunun əvəzini mütləq geri qaytarmalıdır.
“AzPolitika” xəbər verir ki, Fransada keçirilən "G7" sammitindən ABŞ-yə qayıdan Tramp "Endryus" aviabazasında jurnalistlərə mühüm açıqlamalar verib. O, sammit zamanı avropalı liderlərə Vaşinqtonun Kiyevə etdiyi yardımların miqyasını şəxsən xatırlatdığını bildirib.
"Bir anlıq düşünün, biz sizə (Avropaya) təyyarələr, hər növ silahlar və digər yardımlar şəklində düz 350 milyard dollar vermişik", - deyə ABŞ Prezidenti vurğulayıb.
Tramp qeyd edib ki, əvvəlki Bayden administrasiyası avropalı müttəfiqlərdən bu xərclərin kompensasiya edilməsini tələb etməyib və bu, böyük bir xəta olub:
"Co Bayden tərəfindən Ukraynaya həddindən artıq çox pul verildi. Bunun bədəlini avropalılar ödəməli idi. Lakin heç kim onlardan bu pulu ödəməyi xahiş etməyib. Mən onlardan soruşdum: "Niyə ödəmədiniz?" Cavab verdilər ki, "Axı bizdən bunu istəyən olmayıb". Amma mən indi tələb edirəm".
Xatırladaq ki, Trampın ABŞ yardımları ilə bağlı səsləndirdiyi rəqəmlər Ukrayna tərəfindən bir qədər fərqli qarşılanır. Hələ 2025-ci ilin fevralında Ukrayna Prezidenti Volodimir Zelenski Trampın "300 milyard dollardan çox yardım" barədə iddialarını təkzib edərək, real rəqəmlərin qat-qat aşağı olduğunu bildirmişdi.
Tramp administrasiyası Ağ Evə gəldikdən sonra Ukraynaya silah ötürülməsi də daxil olmaqla, birbaşa maliyyələşdirmədən imtina edib. Lakin rəsmi Vaşinqton hazırda fərqli bir strategiya yürüdür. ABŞ birbaşa Kiyevə deyil, NATO-dakı müttəfiqlərinə silah tədarük edir. Həmin müttəfiqlər isə bu silahları "PURL" (Prioritized Ukraine Requirements List - Ukraynanın Prioritet Tələbləri Siyahısı) proqramı çərçivəsində Ukraynaya ötürürlər. Bununla da Tramp, müharibənin əsas maliyyə yükünü rəsmi olaraq Avropanın üzərinə yıxmağa çalışır.
Rasim
“AzPolitika.info”

Şərhlər