İsveçrədə İran və ABŞ nümayəndələri arasında danışıqlar vasitəçilər araçılığı ilə davam edir.
Bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, İran nümayəndə heyəti otelə qayıdıb, lakin Amerika tərəfi ilə danışıqlar "qeyri-rəsmi formatda" davam edir.
Daha əvvəl İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirmək hədələrinə görə üzr istəməyənə qədər müzakirələri davam etdirmək niyyətində olmadığı bildirilmişdi.
***
İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın hədələrindən sonra İsveçrədə keçirilən danışıqlar meydanını tərk edib.
Bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin mənbəsi bildirib ki, İslam Respublikası bu addımı amerikalı liderin bəyanatlarına etiraz olaraq atıb. “Al Hadath” telekanalının məlumatına görə isə Tehran Vaşinqtondan tərəflərin bir-birini hədələməsini qadağan edən qarşılıqlı anlaşma memorandumunun birinci bəndinə əməl olunmasını tələb edir.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp İslam Respublikasını Livandakı nəzarətində olan qüvvələrini dərhal problem yaratmağı dayandırmağa məcbur etməyə çağırmışdı. Əks halda, ABŞ siyasətçisi İrana çox ağır zərbə vuracağı ilə hədələmişdi.
Xatırladaq ki, iyunun 18-nə keçən gecə ABŞ və İran hərbi əməliyyatların dayandırılmasını təsbit edən və yeni danışıqlar mərhələsinə start verən müvəqqəti memorandum imzalamışdılar. Ölkə nümayəndə heyətlərinin İsveçrədəki rəsmi görüşü növbəti günə planlaşdırılsa da, İsrailin Livandakı “Hizbullah” hərəkatının obyektlərinə endirdiyi yeni zərbələr səbəbindən iki gün təxirə salınmışdı.
***
İsveçrənin ev sahibliyi etdiyi İran-ABŞ diplomatik təmaslarında tərəflər daxili müzakirələr aparmaq üçün dialoqa müvəqqəti ara vermək qərarına gəliblər.
Bu barədə məlumatı İranın “Fars” agentliyi yayımlayıb.
Pakistan və Qətərin vasitəçilik missiyasını yerinə yetirdiyi görüşlərdə diplomatların fasilə zamanı öz hökumətləri ilə əlaqə quracağı və son vəziyyəti dəyərləndirəcəyi bildirilir.
İran XİN-in sözçüsü İsmayıl Bəqai qeyd edib ki, tərəflər daxili məsləhətləşmələri yekunlaşdırdıqdan dərhal sonra yenidən masa arxasına əyləşəcəklər. Onun sözlərinə görə, diplomatik marafonun bugünkü raundunun saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) yekunlaşması planlaşdırılır.
***
Qətər Xarici İşlər Nazirliyi danışıqların başladığını və ABŞ, İran və Pakistan nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli komitənin ilk iclasının keçirildiyini elan edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Qətər XİN bəyanat yayıb.
"Qətər dövləti, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası və iki vasitəçi ölkənin - Qətər dövləti və Pakistan İslam Respublikasının nümayəndələrinin iştirakı ilə zirvə görüşünün başladığını elan edir", - deyə məlumatda qeyd olunub.
Rəsmi Doha ümid etdiyini bildirib ki, bu görüşlər ABŞ və İran arasında anlaşma memorandumunda nəzərdə tutulan bütün aspektləri əhatə edən hərtərəfli və davamlı bir razılaşmanın əldə olunmasına gətirib çıxaracaq.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari tərəflərin yekun razılaşmanın bəndlərini müzakirə etmək üçün ixtisaslaşmış texniki qruplar yaratdıqlarını bildirib. Diplomatın sözlərinə görə, bu, bütün tərəflərin danışıqlar prosesinin xoşməramlı şəkildə irəliləməsinə sadiqliyini əks etdirir.
Əl-Ənsari həmçinin Pakistanın tərəfdaş və vasitəçi kimi rolunu, Vaşinqton və Tehranın diplomatik həllərə sadiqliyini və Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyənin danışıqlar prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
15:40
Hazırda İran, ABŞ və Qətər nümayəndələri arasında üçtərəfli görüş başlayıb.
Bu barədə IRIB məlumat yayıb.
Görüşdə Livanda atəşkəs və İran aktivlərinin blokdan çıxarılması müzakirə olunur.
İsveçrənin Bürgenstok kurort zonasındakı danışıqlarında İran nümayəndə heyəti memorandumun beş bəndinin həyata keçirilməsinə nail olmağa çalışır, lakin qalan üç bənd barədə məlumat verilməyib.
Qeyd edək ki, İran Livanda atəşkəs elan olunana qədər ABŞ ilə sanksiyalar və İranın nüvə proqramı ilə bağlı yeni danışıqlara başlamayacağını bəyan edib.

Şərhlər