ABŞ-də 3,7 milyard dollarlıq dələduzluqda ittiham olunan şəxs Türkiyədə saxlanılıb.
ABŞ Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kaş Patelin sözlərinə görə, İbrahim Haldun Hilmi Medicare sisteminə qarşı qurulduğu iddia edilən 3,7 milyard dollarlıq dələduzluq sxeminin təşkilatçılarından biri olmaqda ittiham edilir. O, 2025-ci ilin may ayından etibarən axtarışda olub.
FBI rəhbəri sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, əməliyyat FBI-ın Mayami ofisi, ABŞ Ədliyyə Nazirliyi və Türkiyənin aidiyyəti qurumlarının birgə əməkdaşlığı nəticəsində həyata keçirilib. Türkiyədə saxlanılan Hilmi ekstradisiya olunaraq ABŞ-yə aparılıb və Mayamidə məhkəmə qarşısına çıxarılacaq.
Kaş Patel əməliyyatın uğurla nəticələnməsində iştirak edən FBI əməkdaşlarına, ABŞ Ədliyyə Nazirliyinə və Türkiyə təhlükəsizlik orqanlarına təşəkkür edib. O, həmçinin ABŞ-nin Türkiyədəki səfiri Tom Barrackın prosesdə mühüm rol oynadığını vurğulayıb.
ABŞ-ın vitse-prezidenti C.D Vens də məsələyə münasibət bildirərək İbrahim Haldun Hilminin ABŞ tarixinin ən böyük Medicare dələduzluğu araşdırmalarından birində təqsirləndirildiyini qeyd edib.
"Bu şəxs 2025-ci ilin mayında Türkiyəyə qaçmışdı. Lakin ABŞ rəsmiləri onu yenidən Mayamiyə gətirməyə nail oldular. O, Amerika xalqına qarşı törətdiyi iddia olunan cinayətlərə görə ədalət mühakiməsi qarşısında cavab verəcək", – deyə Vens bildirib.
Vitse-prezident əlavə edib ki, "Amerika xalqının pulunu oğurlayanlar üçün dünyanın heç bir yerində təhlükəsiz sığınacaq yoxdur".
"AzPolitika.info"

Şərhlər