Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyası çərçivəsində keçirilən tədbirdə mühüm bəyanatla çıxış edib.
Komitə sədri İslam dünyasının qarşısında duran qlobal çağırışlardan, iqtisadi inkişafla ekoloji təhlükəsizlik arasında balansın qorunmasının vacibliyindən danışıb.
"AzPolitika" xəbər verir ki, Sadiq Qurbanov XXI əsrdə dövlətlərin gücünün yalnız malik olduqları yeraltı və yerüstü sərvətlərlə ölçülmədiyini vurğulayıb. Komitə sədri qeyd edib ki, əsas meyar bu sərvətlərdən necə istifadə olunması, ətraf mühitin necə qorunması və gələcək nəsillərə hansı irsin qoyulmasıdır.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dünya əhalisinin təxminən dörddə birini təmsil etdiyini, zəngin enerji ehtiyatlarına, mühüm nəqliyyat dəhlizlərinə və böyük istehlak bazarına malik olduğunu xatırladan S.Qurbanov, bu böyük potensialın yaşıl iqtisadiyyat kontekstində birləşdirilməsini təklif edib. O, iqlim dəyişikliyi, su qıtlığı, torpaqların deqradasiyası (yararsız hala düşməsi) və biomüxtəlifliyin azalması kimi qlobal problemlərə qarşı İslam dünyasının 4 əsas strateji istiqamətdə birgə fəaliyyət göstərməli olduğunu bəyan edib.
Komitə sədri İslam ölkələri arasında iqtisadiyyat və ekologiya məsələlərinə vahid strateji yanaşmanın tətbiq olunmasını təklif edərək bu prioritetləri açıqlayıb:
Yaşıl ticarətin təşviqi və ekoloji standartlar. İslam ölkələri arasında ətraf mühitə minimum zərər vuran məhsulların istehsalı və qarşılıqlı ticarəti genişləndirilməlidir. Bərpa olunan enerji texnologiyaları, su qənaəti sistemləri, ekoloji kənd təsərrüfatı və tullantıların təkrar emalı sahəsində birgə layihələrin icrası xüsusi əhəmiyyət kəsb edir.
Karbonsuzlaşdırılmış logistika və "yaşıl dəhlizlər". Xəzər hövzəsindən Afrikaya, Mərkəzi Asiyadan Körfəz ölkələrinə qədər uzanan geniş coğrafiyada yeni ticarət marşrutları formalaşdırılır. Bu nəqliyyat dəhlizləri qurularkən mütləq şəkildə karbon emissiyalarının azaldılması, enerji səmərəli sistemlərin tətbiqi və yaşıl logistika prinsipləri əsas götürülməlidir.
Qlobal su böhranına qarşı birgə cəbhə. BMT-nin məlumatlarına görə, Yaxın Şərq və Şimali Afrika dünyanın ən yüksək su stresi (qıtlığı) yaşayan regionlarıdır. İslam ölkələrinin böyük hissəsi quraqlıq riski altındadır. Bu baxımdan müasir suvarma texnologiyalarının tətbiqi və transsərhəd su resurslarının səmərəli idarə olunması üçün təcrübə mübadiləsi mütləqdir.
Ekoloji innovasiyalar və Yaşıl Startaplar: Universitetlər, elmi mərkəzlər və biznes strukturları arasında əməkdaşlıq gücləndirilməli, yaşıl texnologiyaların inkişafı üçün ortaq fondlar yaradılmalıdır. Gənc alimlərin və ekoloji startapların dəstəklənməsi gələcək inkişafın təminatıdır.

"Bu gün qəbul etdiyimiz qərarlar sabahın iqtisadiyyatını və ekoloji təhlükəsizliyini müəyyənləşdirəcək". - Sadiq Qurbanov
Sadiq Qurbanov çıxışında Azərbaycanın qlobal ekoloji proseslərə və yaşıl keçidə verdiyi töhfələrdən də geniş bəhs edib. O bildirib ki, rəsmi Bakı Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat-logistika mərkəzi statusunu qorumaqla yanaşı, yaşıl enerjini dövlət siyasətinin prioritet istiqaməti elan edib: "Ermənistanın işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun Prezident İlham Əliyev tərəfindən 'yaşıl enerji zonası' elan olunması, regionda nəhəng günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi, həmçinin Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərində fəal iştirakı bu qətiyyətin bariz nümunəsidir".
Komitə sədri çıxışının sonunda əminliyini ifadə edib ki, İslam ölkələri arasında ticarət əlaqələrinin yaşıl iqtisadiyyat üzərində qurulması həm iqtisadi rifaha, həm də bəşəriyyətin gələcəyi qarşısında daşınan tarixi məsuliyyətin yerinə yetirilməsinə xidmət edəcəkdir.
Rasim Əliyev
"AzPolitika.info"

Şərhlər