Donald Trampın Ankarada İrandan gözlənilən mümkün sui-qəsd təhlükəsi səbəbindən kiçik bir yük maşınına mindirilməsi dünyanın diqqətini cəlb edib. Lakin daha da diqqətəlayiq olanı, bu qərarın İsrail kəşfiyyatının məlumatına əsasən qəbul edilməsidir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi artıq İsrailin bu cür kəşfiyyat məlumatlarına etimad göstərmir.

“AzPolitika” xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat verib.

Qəzetin yazdığına görə, bu fonda ekspertlər müttəfiqlər – ABŞ və İsrail arasında artan gərginliyi qeyd edirlər.

Yazıda deyilir ki, Tramp altı ay əvvəl Tehranın nüvə silahı hazırlamaq ərəfəsində olduğu barədə İsrailin hesabatlarına əsaslanaraq İrana qarşı müharibəyə başladı. İndi Ağ Ev sahibi qlobal iqtisadiyyatı sarsıdan və onun daxili reytinqinə xələl gətirən bu münaqişədən çıxış yolu tapmaqda çətinlik çəkir. Vaxtilə Vaşinqtonu qətiyyətli addımlar atmağa məcbur edən İsrail özü isə İrandakı hədəflərə zərbələri dayandırıb.

Nəşr qeyd edir ki, son üç ay ərzində Trampla uzun müddətli müttəfiqi Benyamin Netanyahu arasında çatlar yaranıb. Mənbələrə görə, Amerika Prezidenti şəxsi söhbətlərində İsrail Baş nazirini Livana endirilən zərbələrə və İran üçün sülh planını təhlükəyə atmasına görə sərt tənqid edib.

Trampın İsrailin İrandan gələn sui-qəsd xəbərdarlığından sonra Türkiyədəki NATO zirvə toplantısından qəfil çıxması Amerika kəşfiyyat icmasında olan dərin şübhələri ortaya çıxarıb. “The Washington Post” qəzetinin məlumatına görə, ABŞ MKİ-si İsrail kəşfiyyatını etibarsız kimi qiymətləndirib.

“The Independent” qəzetinə müsahibə verən ekspertlərin fikrincə, Tramp və Netanyahu arasında bir vaxtlar güclü olan əlaqə daxili siyasətin təzyiqi altında zəifləyir. Bununla yanaşı, heç bir lider İranla bağlı bəyan etdikləri hərbi və siyasi məqsədlərə çata bilməyib.

“AzPolitika.info”