Ukrayna ordusunun Rusiyanın daxilindəki neft emalı zavodlarına (NEZ) endirdiyi ardıcıl və dağıdıcı zərbələr Rusiya Federasiyasında misilsiz yanacaq böhranına yol açıb. Artıq ölkənin onlarla vilayətində, o cümlədən Sibir və mərkəzi regionlarda benzinin və dizel yanacağının satışına sərt limitlər tətbiq olunmağa başlayıb.

"AzPolitika" yerli “Teleqram” kanallarına istinadla xəbər verir ki, iyunun 23-də Novosibirsk, Saratov, Penza, Voronej, Omsk, İrkutsk, Vladimir vilayətlərində, Krasnoyarsk diyarında və Şimali Osetiyada rəsmi qurumlar yanacaq qıtlığını idarə etmək üçün xüsusi rejimə keçdiklərini bəyan ediblər.

Analoji böhran cəmi iki gün əvvəl - iyunun 21-də Kerç boğazındakı logistik qovşağın vurulmasından sonra ilhaq edilmiş Krımda da yaşanmış və yarımadada benzinin azad satışı tamamilə dayandırılmışdı.

Rusiyanın müxtəlif vilayətlərində "spekulyativ tələbatın qarşısını almaq" bəhanəsi ilə tətbiq edilən limitlər belədir:

Saratov vilayətiində avtomobil üçün cəmi 30 litr benzin limiti qoyulub.

Voronejdə "Lukoyl"a məxsus yanacaqdoldurma məntəqələrində şəhər daxilində bir dəfəyə 30 litr benzin və 60 litr dizel, magistral yollarda isə 60 litr benzin və 200 litr dizel buraxılır.


Omsk vilayətində isə şəhərdə maksimum 40 litr benzin, 80 litr dizel, magistrallarda 40 litr benzin, 200 litr dizel verilir.

Krasnoyarsk diyarındakı "Qazpromneft"ə məxsus yanacaqdoldurma məntəqələrində bir çənə maksimum 40 litr benzin vurulur.

Penza vilayətində isə vəziyyət belədir: Yanacağın qablara doldurulması qəti qadağan edilib, yalnız avtomobilin çəninə vurulur. Fiziki şəxslər üçün limit 100 litr benzin və 200 litr dizeldir.

Vladimir vilayətinin rəhbəri Aleksandr Andreyev isə əhaliyə müraciət edərək logistik problemlər səbəbindən şəxsi avtomobillərdən istifadəni minimuma endirməyə çağırıb. Şimali Osetiya rəhbəri Sergey Menyaylo isə defisiti nəzərə alaraq yanacağın "toxunulmaz ehtiyatının" yaradılması barədə əmr verib.

Böhranın gizlədilməsi cəhdləri də diqqətdən qaçmayıb. İrkutsk vilayətinin qubernatoru İgor Kobzev iyunun 22-də "Telegram" kanalında rəsmi olaraq etiraf etmişdi ki, "Qərbdə Ukrayna PUA-ları tərəfindən neft emalı obyektləri sıradan çıxarılıb" və bir çox regionlar, o cümlədən İrkutsk "əl ilə idarəetmə" rejiminə keçib.

Lakin "Sibir.Realii" nəşrinin diqqətini çəkən məqam o olub ki, iyunun 23-də qubernator həmin postu redaktə edərək Ukrayna PUA-larının zərbələri və NEZ-lərin sıradan çıxması barədə hissəni tamamilə silib. Görünür, Kreml rəsmi şəxslərin bu dərəcədə açıq etiraflarından narahat olub.

Federal Antiinhisar Xidməti (FAX) ölkədə spekulyativ təkrar satışların qarşısını almaq üçün Rusiya daxilində onlayn ticarət platformalarında (marketpleyslərdə) benzinin satışına tam qadağa qoyub. İyunun ortalarından etibarən ölkədə yanacağın qiyməti astronomik sürətlə artmaqdadır.

"Reuters" agentliyinin sahə üzrə anonim mənbələrə istinadən yaydığı məlumat Rusiya iqtisadiyyatının qan itirdiyini göstərir. 

Məlumata görə, Ukrayna dronlarının intensiv hücumları nəticəsində Rusiya iyun ayının ortalarına olan göstəriciyə görə gündəlik benzin istehsalının tam 25 faizini itirib.

Göstərici Həcm (Gündəlik) Status
Rusiyanın daxili benzin tələbatı 110 000 ton Pik yay mövsümü minimumu
Hazırkı real istehsal həcmi 90 000 ton Defisit: 20 000 ton/gün

Mənbələr bildirir ki, təkcə ötən həftə Rusiyanın iki ən nəhəng müəssisəsinin - Moskva NEZ-i və Tatarıstandakı "TANECO" NEZ-inin fəaliyyətinin tamamilə dayanması bazardan əlavə olaraq gündəlik 15 000 ton benzinin itməsinə səbəb olub. Bu isə istehsalı son ayların ən minimal səviyyəsinə endirib və ölkə daxilində kütləvi benzin qıtlığı zənciri yaradıb.

Rasim Əliyev

"AzPolitika.info"