Gürcüstanın separatçı regionu olan qondarma “Cənubi Osetiya Respublikası”nın “prezidenti” Alan Qaqloyev istefa verib. O, fəaliyyətini Rusiya Prezidenti Vladimir Putinin Administrasiyasında davam etdirəcək.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumat separatçı rejimin rəsmi resurslarında yayılıb.

Qaqloyev xalqa müraciətində separatçı bölgənin hədəflərindən danışarkən, əcdadlarının vaxtilə Rusiya ilə birgə olmaq barədə "tarixi seçim" etdiyini iddia edib: "Bu gün bizim vəzifəmiz xalqımızın əbədi arzusu olan Şimali Osetiya və Böyük Rusiya ilə birləşmək, bölünmüş xalq taleyinə son qoymaqdır".

Qondarma rejim rəhbəri bu ilin 9 mayında Rusiya ilə imzalanan "müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında" müqaviləyə toxunaraq, bunun birləşmə yolunda qətiyyətli addım olduğunu bildirib.

Qaqloyev qeyd edib ki, Moskvada Vladimir Putinlə keçirdiyi görüş zamanı Rusiya lideri ona prezident administrasiyasında müşavir vəzifəsini təklif edib. O, yeni postunda məhz həmin inteqrasiya müqaviləsinin icrasına və Rusiya ilə separatçı bölgə arasında əlaqələrin "təkmilləşdirilməsinə" rəhbərlik edəcək.

Alan Qaqloyev Putinin təklifini qəbul etdiyini və onun yanında yer almağa hazır olduğunu vurğulayıb. Onun gedişindən sonra separatçı regionun rəhbərliyinə qondarma qurumun "baş naziri" Marat Kambolovun gətiriləcəyi bildirilir.

"AzPolitika.info"