Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov qardaş ölkədəki diplomatik fəaliyyətini başa vurmağa hazırlaşır.

"AzPolitika" səfir bununla bağlı sosial media hesabında paylaşım edərək Türkiyənin xarici işlər naziri ilə vida görüşü keçirdiyini açıqlayıb.

"Qardaş Türkiyə Respublikasındakı diplomatik fəaliyyət müddətimin başa çatması münasibətilə Türkiyə Respublikasının xarici işlər naziri cənab Hakan Fidanla vida görüşü keçirdim", - deyə Rəşad Məmmədov qeyd edib.

Qeyd edək ki, Rəşad Məmmədov Azərbaycan Prezidentinin 26 iyul 2021-ci il tarixli sərəncamı ilə Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, son beş il ərzində iki qardaş ölkə arasında siyasi, iqtisadi, hərbi və humanitar əməkdaşlığın daha da inkişaf etdiyi dövrdə Azərbaycanın Ankaradakı diplomatik nümayəndəliyinə rəhbərlik edib.

Rəşad Məmmədov diplomatik fəaliyyətə 2000-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində başlayıb. O, müxtəlif illərdə Azərbaycanın Rusiyadakı Səfirliyində üçüncü və ikinci katib, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq hüquq məsələləri şöbəsinin müdiri vəzifələrində çalışıb.

2008-2015-ci illərdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş Konsulluğunda əvvəlcə baş konsulun səlahiyyətlərini icra edib, daha sonra baş konsul vəzifəsini tutub. 2015-2021-ci illərdə isə Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərib.

Beş ilə yaxın müddətdir Azərbaycanın Türkiyədəki diplomatik korpusuna rəhbərlik edən Rəşad Məmmədovun yaxın vaxtlarda diplomatik missiyasını rəsmi şəkildə başa vuracağı gözlənilir.

Elman

"AzPolitika.info"