Ukrayna Silahlı Qüvvələri getdikcə ilhaq edilmiş Krımda həyatı mümkünsüz vəziyyətə gətirir. Ukrayna hücumları nəticəsində yanacaq böhranı yaşayan yarımada indi də elektrik kəsintiləri səbəbindən qaranlığa qərq olur.
“AzPolitika” xəbər verir ki, bu gün Krımdakı Sevastopol işğalçı administrasiyası Ukraynanın enerji infrastrukturuna dron hücumlarından sonra şəhərin tamamilə elektriksiz qaldığını bəyan edib. Şəhərin Rusiya tərəfindən təyin olunmuş meri Mixail Razvojayev yaydığı bəyanatda acizlikdən doğan qəzəbini gizlətməyib: "Düşmən yenə də qorxaqcasına hücum edir, bizi adi həyat şəraitimizdən məhrum etməyə və panika yaratmağa çalışır. Obyektlərdə xüsusi rejim tətbiq edilib, mütəxəssislər zərərin miqyasını qiymətləndirir və enerjini bərpa etmək üçün əlindən gələni edirlər".
Bunu nəzərə alaraq, o, şəhər sakinlərini telefon batareyalarını qorumağa və onlardan yalnız təcili rabitə üçün istifadə etməyə, elektrik enerjisi bərpa edildikdə şəbəkəni həddindən artıq yükləməməyə və sakit qalmağa çağırıb. Razvojayev daha sonra elektrik kəsilməsi səbəbindən səhərdəki trolleybusların işləməyəcəyini bildirib. Eləcə də şəhərdəki uşaq bağçaları "xüsusi rejimə" keçirilib və uşaqların mümkün qədər evdə qalması xahiş edilib.
"Krımskiy veter" kanalının məlumatına görə, dron hücumları yarımadanın əsas elektrik yarımstansiyalarından biri olan Sevastopoldakı Balaklava İstilik Elektrik Stansiyasını sıradan çıxarıb. Yerli sakinlər altı və ya yeddi zərbə barədə məlumat veriblər. Bundan əlavə, gecə ərzində Kerçdə, Baxçasarayda və Rusiya Aerokosmik Qüvvələrinin elektron batalyonunun radar stansiyasının yerləşdiyi Ay-Petri dağının yaxınlığında partlayışlar eşidilib.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri də Kerç İstilik Elektrik Stansiyasında və Qərbi Krım elektrik yarımstansiyasında yanacaq çənlərinin vurulduğunu bildirib.
Qeyd edək ki, bir gün əvvəl Krımın Rusiya tərəfindən təyin olunmuş rəhbərinin müşaviri Oleq Kryuçkov yarımadada "profilaktik şəkildə” elektrik kəsintilərinin tətbiq olunduğunu elan edib. Bundan əvvəl elektrik şəbəkələrinə dəyən ziyan Krımın Şimal-Qərb, Mərkəzi və Cənub Sahil elektrik rayonlarında elektrik kəsintilərinə səbəb olmuşdu. Bu fonda Sevastopolda da müvəqqəti elektrik kəsinti cədvəli tətbiq edilib. Bu gün isə bütünlükdə Sevastopol şəhəri işıqsız qalıb.
Qeyd edək ki, Sevastopol yarım milyona yaxın əhalisi ilə Krımın ən böyük şəhəridir.
“AzPolitika.info”

Şərhlər