2026 FIFA Dünya Kubokunun K qrupunda Özbəkistan millisi ilə keçirilən oyunda dubla imza atan Cristiano Ronaldo daha üç tarixi rekorda nail olub.

41 yaşlı hücumçu dünya çempionatları tarixində altı fərqli turnirdə qol vuran ilk futbolçu kimi tarixə düşüb. 

Bundan əlavə, o, Dünya Kubokunda bir oyunda iki qol vuran ən yaşlı futbolçu rekordunu da qırıb. Ronaldo turnirdəki 10-cu qolunu vuraraq Portuqaliya millisinin Dünya Kubokları tarixində ən məhsuldar futbolçusu olub və bu göstəricidə Eusebionu geridə qoyub.

Qrup liderliyinə yüksələn Portuqaliya son tur oyununa hazırlaşarkən futbol ictimaiyyətində Lionel Messinin çıxış etdiyi Argentina ilə mümkün qarşılaşma ehtimalı da müzakirə olunur. Bu baş verərsə, iki əfsanəvi futbolçu ilk dəfə böyük milli komanda turnirində üz-üzə gələcək.

Oyundan sonra jurnalistlərin bu barədə sualını cavablandıran Ronaldo bildirib ki, belə bir qarşılaşma maraqlı olardı, lakin hazırda əsas məqsəd komandanın uğurudur:“Buna necə cavab verəcəyimi bilmirəm, amma əlbəttə ki, maraqlı olardı. Bizim üçün ən vacib məsələ qələbə qazanmaq və növbəti mərhələyə yaxınlaşmaq idi. Qrup mərhələsini keçmək əsas hədəfimizdir”.

Mətbuat konfransında Lionel Messi ilə bağlı başqa bir suala isə Ronaldo cavab vermək istəməyib. O, həmçinin karyera müqayisələri və “Qızıl Buts” yarışı barədə sualları da cavabsız qoyaraq diqqətin fərdi nailiyyətlərə deyil, komandanın nəticələrinə yönəlməli olduğunu vurğulayıb.

“Ən vacib olan komandadır. Biz birlikdə hərəkət etməliyik. Kənardan gələn şərhlərə nəzarət edə bilmərik. Xüsusilə qələbə qazana bilmədiyimiz vaxtlarda mən daha çox hədəfə çevrilirəm”, - deyə Ronaldo bildirib.

"AzPolitika.info"