Xəbər verdiyimiz kimi iyunun 18-də Ukrayna Silahlı Qüvvələri müharibənin başlanmasından bəri Rusiya paytaxtına ən genişmiqyaslı və dağıdıcı dron hücumunu həyata keçirib. Hücumun əsas hədəfi Moskvanın cənub-şərq kənarında yerləşən və şəhərin yanacaq tələbatının (benzin və dizel) təxminən 40%-ni təmin edən strateji əhəmiyyətli Kapotnya Neft Emalı Zavodu (NEZ) olub.

Bu hücum təkcə hərbi yox, həm də Rusiya daxilində ciddi siyasi və sosioloji sarsıntılara səbəb olub. Məlumdur ki, Ukrayna tərəfi bu hücumu paytaxtın ən sıx hava hücumundan müdafiə (HHM) sistemlərini sıradan çıxarmaq üçün yeni nəsil reaktiv aparatlar və hibrid qanadlı raketlərlə idarə olunan yüzlərlə dron vasitəsilə həyata keçirib. Moskva meri Sergey Sobyanin təkcə paytaxt səmasında 190-dan çox dronun vurulduğunu desə də, real mənzərə fərqli olub. Çünki dronların bir hissəsi Kapotnyadakı zavoda birbaşa zərbə endirib, nəticədə obyektdə 5 fərqli nöqtədə nəhəng yanğınlar başlayıb və ətrafa xüsusi "yağlı qara yağış" yağıb. Moskva ətrafındakı bütün hava limanları (Şeremetyevo, Domodedovo, Vnukovo) fəaliyyətini dayandırıb və təxliyə edilib.

Bu miqyasda böhran qarşısında Rusiya rəhbərliyi dərhal informasiya blokadası tətbiq edib. Kremlin birbaşa tapşırığı ilə "Birinci Kanal" və NTV öz yekun xəbər buraxılışlarında paytaxta edilən bu tarixi hücumu tamamilə görməzdən gəlib. "Rossiya-1" isə sadəcə Müdafiə Nazirliyinin quru və rəsmi statistikası ilə kifayətlənib.

Dövlət kanallarının təbliğatçıları alovlanan Moskvanın və Kapotnyadakı partlayışların görüntülərini çəkib sosial şəbəkələrdə paylaşan moskvalıları "vətən xaini" adlandırıb və onlara qarşı "dövlətə xəyanət" maddəsi ilə cinayət işlərinin açılmasını tələb ediblər.

"AzPolitika" xəbər verir ki, tanınmış rusiyalı müxalif siyasətçi Andrey Pivovarov və sosioloq Dmitri Dubrovski yerli mətbuata müsahibələrində Kremlin bu zərbədən sonra düşdüyü çıxılmaz vəziyyəti, artan daxili narazılığı və qarşıdan gələn parlament seçkiləri ərəfəsində gözlənilən təhlükəli ssenariləri geniş təhlil ediblər.

Andrey Pivovarov qeyd edir ki, rəsmi təbliğatın hadisəni gizlətmək və ya sıradan bir hadisə kimi təqdim etmək cəhdləri effektsizdir. Müharibə artıq birbaşa olaraq Moskvanın mərkəzinə və elitar təbəqənin gözünün qarşısına gəlib.

Pivovarovun sözlərinə görə, cəmiyyətdə (həm müharibə əleyhdarları, həm də radikal "Z-vətənpərvərlər" arasında) hakimiyyətə qarşı ciddi qəzəb doğuran vahid bir tələb formalaşır:

"Moskva alovlar içində idi və bu, müharibə boyu bir ilk idi. İndi həm müharibədən bezənlər, həm də imperiya iddialı radikallar hakimiyyətə eyni sualı verir: "Əgər bu müharibəni siz başlamısınızsa, lütfən, ya o illərdir öyündüyünüz, hədə-qorxu gəldiyiniz gücü nəhayət göstərin və bunu bitirin, ya da bizim həyatımızı məhv etməyi dayandırın!"

Lakin Kreml hərbi mənada Ukrayna dronlarının bu hücumları qarşısında çarəsizdir. Pivovarov vurğulayır ki, Vladimir Putin üçün neçə rusiyalının öləcəyi və ya iqtisadiyyatın nə qədər zərər görəcəyi önəmli deyil – onun üçün insanlar sadəcə "sərfiyyat materialı"dır. Putinin yeganə böyük qorxusu "heç vaxt uduzmayan, hər şeyə nəzarət edən lider" imicinin zədələnməsidir.

Ukrayna cəbhəsində ciddi irəliləyiş əldə edə bilməyən Putinin bu imic zərbəsini ört-basdır etmək üçün tam fərqli bir ssenariyə əl ata biləcəyi xəbərdarlığı edilir:

"Sentyabrın 20-nə Putin parlament seçkiləri təyin edib. Seçiciyə təcili olaraq qələbə eyforiyası satılmalıdır. Ukraynada bu alınmadığı üçün, Putinin öz gücünü nümayiş etdirmək və diqqəti yayındırmaq məqsədilə NATO-ya qarşı tamamilə məntiqsiz, gözlənilməz və çox ağrılı bir hərbi təxribata əl atacağını gözləyirəm."

Sosioloq Dmitri Dubrovski isə məsələnin daxili siyasi və psixoloji tərəflərinə diqqət çəkib. Onun rəyinə görə, rusiyalılar uzun illərdir real siyasi proseslərdən tamamilə kənarlaşdırılıblar və ölkədə açıq müzakirə mühiti yoxdur. Buna görə də, müstəqil sosioloji sorğularda Putinin yüksək görünən reytinqi əslində siyasi dəstək yox, tamamilə fərqli bir psixoloji faktordur:

"Rusiyada Putinin reytinqi əslində onun şəxsiyyətinə olan inam deyil, insanların öz şəxsi həyatlarının təhlükəsizliyinə və gələcəyinə dair bəslədikləri ümidsiz inamın göstəricisidir. Sistem elə qurulub ki, Putinin əleyhinə səs verən və ya narazılıq edən hər kəs dərhal 'marginal', 'xarici agent' elan edilir və cəmiyyətdən təcrid olunur".

Ancaq sosioloq bildirir ki, "Kapotnya zərbələri" artıq bu süni qorxu və inam divarını da çatladır. İnsanlar ölkə daxilində yanacaq qıtlığının başladığını (bəzi regionlarda benzinin fərdi qablarda satılmasına qadağalar qoyulub, Rusiya xaricdən dəniz yolu ilə yanacaq idxal etməyə hazırlaşır), internetin tez-tez kəsildiyini və başlarının üzərindən dronların uçduğunu görürlər. Hakimiyyətin bu reallığı gizlətməsi artıq mümkün deyil.

Məhz bu daxili gərginlik fonunda Kremlin siyasi texnoloqları sentyabrda keçiriləcək Dövlət Dumasına seçkilər öncəsi böyük rüsvayçılıqla üz-üzədirlər. Məlumata görə, hakim partiya olan "Vahid Rusiya" brendi hazırda Rusiya cəmiyyətində o qədər güclü antipatiya və qıcıq doğurur ki, partiyanın seçki proqramını cəmiyyətdən gizlədirlər və yalnız səsverməyə bir neçə gün qalmış açıqlayacaqlar.

Dubrovski xatırladır ki, Putin özünü bilərəkdən bu partiyadan uzaq tutur və "millətin partiyalarüstü atası" rolunu oynayır. Lakin xalqın getdikcə artan qəzəbi, cəbhədən gələn tabutlar və paytaxtın mərkəzində partlayan neft zavodları Kremlin seçki ssenarilərini tamamilə alt-üst edə bilər. Hakimiyyət daxili narazılığı boğmaq üçün inzibati resursları və qadağaları nə qədər artırsa da, Kapotnya alovları Rusiyada müharibənin daxili fəsadlarının yeni bir mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.

Rasim Əliyev

“AzPolitika.info”