İnformasiya suverenliyi qadağalarla yox, yaddaşla başlayır

  Ramiz YUNUS,

Xəzər Beynəlxalq Universitetinin politologiya professoru

Müharibədə düşmənə güzəştə gedilməsi mümkün olmayan elə şeylər var ki, onları itirmək bəzən döyüş meydanındakı məğlubiyyətdən daha baha başa gəlir. Şəhərləri, strateji yüksəklikləri və obyektləri geri qaytarmaq olar, lakin insanların şüurunu və dövlətin informasiya məkanını itirmək fəlakətdir.

Bu gün Rusiya-Ukrayna müharibəsinin ən həlledici döyüşlərindən biri məhz bu müstəvidə — informasiya cəbhəsində gedir.

Dörd ildən artıqdır davam edən genişmiqyaslı müharibədə Ukrayna öz səmasını, şəhərlərini və dövlətçiliyini müdafiə etməyi öyrəndi. Lakin bu informasiya cəbhəsində qazanılacaq qələbə, döyüş meydanındakı uğurlar qədər vacibdir. Çünki Rusiya heç vaxt yalnız tanklar və raketlərlə müharibə aparmayıb. Rusiya imperiyası dövründə də, SSRİ zamanında da belə olub, bu gün də belədir: Hərbi ekspansiya hər zaman ideoloji ekspansiya, məna və narrativlərin diktəsi ilə müşayiət olunub.

DTK-dan gələn miras və Rusiyanın təbliğat maşını

Bir çoxları Rusiya təbliğatını sadəcə televiziya ekranlarında hər gün imperiya əzəmətindən dəm vuran bir qrup çığırtqandan ibarət hesab edir. Əslində isə bu sistem fərqli auditoriyalar üçün müxtəlif alətlərlə işləyən mürəkkəb bir mexanizmdir:

-Daxili auditoriya üçün xüsusi tezislər hazırlanır;

-Qərb cəmiyyəti üçün tam fərqli simalar və arqumentlər işə salınır;

-Postsovet məkanı üçün isə səhnəyə rəngarəng "yaxşı ruslar" çıxarılır.

Simalar, intonasiyalar və şüarlar dəyişsə də, strateji hədəf eynidir: Rusiyanın öz sərhədlərindən kənarda ictimai rəyə təsir imkanlarını qoruyub saxlamaq.

Bu sistem dünən yaranmayıb. Hələ sovet dövründə bu nəhəng ideoloji təsir maşını SSRİ DTK-sının Beşinci İdarəsinin nəzarəti altında, general Filip Bobkovun rəhbərliyi ilə qurulmuşdu. Erasalar dəyişdi, Sovet İttifaqı dağıldı, DTK-nı FTX (FSB) əvəz etdi, lakin şüurların manipulyasiyası məntiqi olduğu kimi qaldı. Alətlər yeniləndi, amma məqsəd dəyişmədi. Bu manipulyasiya özünü ən qabarıq şəkildə postsovet məkanında göstərir.

Azərbaycanın prinsipiallığı və Ukraynanın "yaddaş zəifliyi"

Bir azərbaycanlı olaraq, məni və bir çox həmvətənlərimi düşündürən qanunauyğun bir sualı verməyə bilmərəm: Niyə Azərbaycan ilk gündən Ukraynanın suverenliyini və ərazi bütövlüyünü prinsipial şəkildə, beynəlxalq hüquq müstəvisində dəstəklədi? Və niyə bu gün bir çox ukraynalı, vaxtilə eyni prinsiplərin digər xalqlara qarşı pozulmasına haqq qazandıran insanları heyranlıqla dinləməyə davam edir?

Postsovet məkanının tarixi ayrı-ayrı münaqişələr toplusu deyil. Bu, fəsillərə bölünmüş vahid bir tarixdir: Çeçenistan. Gürcüstan. Moldova. Azərbaycan. Ukrayna...

Bunlar fərqli kitablar deyil, eyni kitabın müxtəlif səhifələridir.

Bütün bu proseslərdə dövlətlərin suverenliyi prinsipi ilə imperiya təfəkkürü toqquşub. Və bütün bu hadisələrdə elə insanlar olub ki, ya Rusiyanın təcavüzkar siyasətini açıq şəkildə dəstəkləyiblər, ya da baş verənlərə göz yummağı üstün tutublar.

Həmin bu "yaxşı ruslar"ın - Rusiya liberal müxalifətinin nümayəndələrinin hekayəsi xüsusilə rüsvayçıdır. 24 fevral 2022-ci ildən sonra onlar Ukrayna telekanallarının, ekspert platformalarının və Qərb forumlarının daimi qonaqlarına çevriliblər. Çox doğru sözlər danışır, müharibəni pisləyir, Kremli tənqid edir və Rusiyanın "demokratik gələcəyi"ndən bəhs edirlər.

Bəs onda sual olunur: Bu insanlar iki Çeçenistan müharibəsi zamanı harada idilər? 2008-ci ildə Gürcüstana qarşı aparılan müharibədə onların səsi niyə çıxmırdı? Moldovanın ərazi bütövlüyü parçalananda hansı bəyanatı vermişdilər?

Ən əsası, təxminən otuz il ərzində Azərbaycana qarşı beynəlxalq hüquq ayaqlar altına alınanda bu "demokratiya fədailəri" harada idilər? Niyə iki Qarabağ müharibəsi zamanı ọlar beynəlxalq hüququn yanında olan Azərbaycanı deyil, işğalçı Ermənistanı dəstəkləyirdilər?

"Xameleonlar"ın siyasi bioqrafiyası: Xodorkovski və Kasparov nümunəsi

Ukraynanın bu sualları verməyə tam haqqı var. Çünki bir insanın siyasi bioqrafiyası onun dilindən çıxan sözlərin Ukraynanın xoşuna gəldiyi gündən başlamır. O bioqrafiya çox daha əvvəl yazılıb. Əgər dünən kimsə başqa xalqlara qarşı beynəlxalq hüququn tapdalanmasına haqq qazandırırdısa, bu gün eyni prinsipiallığı Ukrayna üçün tələb edirsə, onun təkcə siyasi baxışları deyil, həm də mənəvi dürüstlüyü ciddi şübhə altındadır.

Gəlin bu gün Ukrayna auditoriyası üçün mənəvi avtoritet rolunda çıxış edən Rusiya liberal müxalifətinin ən parlaq simalarının bioqrafiyasına baxaq:

Mixail Xodorkovski: Çeçenistan kampaniyası zamanı Rusiya ordusunu necə dəstəklədiyini özü dəfələrlə etiraf edib. Bu gün isə Kremlə qarşı ən kəskin tənqidçilərdən biridir. Ukrayna cəmiyyəti sual etməlidir: Xodorkovskinin bu transformasiyası prinsiplərin yenidən dərk edilməsidir, yoxsa Rusiyadakı biznesini, təsir rıçaqlarını itirdikdən və mühacirətə qaçmağa məcbur olduqdan sonra Rusiya hakimiyyəti ilə yaranan şəxsi konfliktin nəticəsidir?

Harri Kasparov: Azərbaycanda doğulmuş, uzun illər öz Vətəninin və Azərbaycan dövlətinin dəstəyindən bəhrələnmiş bu şəxs İkinci Qarabağ müharibəsi zamanı tamamilə ermənipərəst və beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirdi. Bəs prinsiplər harada qaldı, Harri? Yoxsa bu prinsiplər ermənilərə şamil olunur, azərbaycanlılara yox? Bu gün isə həmin Kasparov Ukraynanın ən fəal müdafiəçisi kimi çıxış edir, Xodorkovski ilə birlikdə Rusiyanın "Müharibə Əleyhinə Komitəsi"ni yaradır.

Və Ukraynanın müdafiəçisi cildinə girmiş bu cür "yaxşı rus" xameleonların sayı-hesabı yoxdur. Problem onların bu gün Ukraynanı dəstəkləməsində deyil — bu gün Ukraynanı dəstəkləmək yeganə doğru addımdır. Problem ondadır ki, ọnlar eyni prinsipləri dünən digər xalqlara münasibətdə qorumurdular.

40 illik böyük siyasətin təcrübəsi: "Faydalı idiotlar" və təsir agentləri

Mən təxminən 40 ildir ki, böyük siyasətdəyəm və tam məsuliyyətlə deyə bilərəm: Hazırkı Rusiya liberal müxalifət düşərgəsində qurbanın kimliyindən (Çeçenistan, Gürcüstan, Azərbaycan və ya Moldova) asılı olmayaraq, təcavüzə qarşı ardıcıl və prinsipial şəkildə çıxış edən tək bir adam belə yoxdur. Lakin özlərində "demokratik prinsipləri" yalnız müharibə Ukraynaya çatanda kəşf edənlərin sayı minlərlədir.

Müharibə insanlara başqalarının təcrübəsini öyrənməyə vaxt qoymur. Ukrayna şəhərlərinə raketlər yağarkən cəmiyyətin öz sağ qalma mübarizəsinə köklənməsi təbiidir. Lakin məhz bu məqamda Ukraynanın siyasi elitasının, ekspert cameəsinin və mediasının üzərinə böyük məsuliyyət düşür. Onların vəzifəsi insanın bu gün nə dediyinə baxmaqla yanaşı, dünən nə dediyini də unutmamaqdır.

Azərbaycan bu dərsi çox ağrılı şəkildə öyrənib. Birinci Qarabağ müharibəsindən sonra ölkəmiz mühüm nəticələr çıxardı ki, bunlardan ən birincisi milli birliyin öz informasiya məkanını qorumadan qeyri-mümkün olması reallığı idi. Məhz buna görə İkinci Qarabağ müharibəsində Azərbaycan cəmiyyəti tam konsolidasiya nümayiş etdirdi. Biz müttəfiqlərlə yol yoldaşlarını, səmimi dəstəklə siyasi konyunkturanı, real prinsiplərlə pafoslu sözləri bir-birindən ayırmağı öyrəndik.

Hələ SSRİ dövründə Moskva təkcə rəsmi təbliğat və xüsusi xidmət orqanları ilə işləmirdi. Kreml həm də özlərini müstəqil intellektual, hakimiyyətin tənqidçisi hesab edən "yol yoldaşları" vasitəsilə fəaliyyət göstərirdi. Həmin insanlar elə bilirdilər ki, sistemdən öz məqsədləri üçün istifadə edirlər, əslində isə sistem onları idarə edirdi. Qərbdə bu cür insanlara "faydalı idiotlar", postsovet məkanında isə təsir agentləri deyirdilər. Onların Kremldən birbaşa təlimat alması və ya casus olması şərt deyil, ọnlar sadəcə Moskvaya sərf edən dünya nizamı mənzərəsini tirajlayırdılar.

Ümumi yaddaş və informasiya suverenliyi

Təcavüzü açıq şəkildə müdafiə edənlər qədər, dünən Çeçenistan, Gürcüstan və ya Azərbaycana qarşı təcavüzə bəraət qazandırıb, bu gün Ukraynanın mənəvi xilaskarı kimi qəbul edilməsini tələb edənlər də təhlükəlidir.


Tarix bizə sadə bir həqiqəti öyrədir: İmperiyalar nadir hallarda yalnız döyüş meydanında uduzurlar. Onlar daha çox o zaman uduzurlar ki, onların hədəfinə çevrilən xalqlar təkcə açıq düşməni deyil, həm də öz evinə dost cildində girənləri ayırd etməyi bacarırlar.

Ukrayna bu gün yalnız öz torpaqlarını qorumur, o, sərhədlərinin güc tətbiq etməklə dəyişdirilməsinin qeyri-mümkünlüyü prinsipini müdafiə edir. Lakin bu prinsip ya hamı üçün universal olmalıdır, ya da o, ümumiyyətlə mövcud deyil. Bu prinsip Kiyev, Tbilisi, Kişinyov və Bakı üçün eyni dərəcədə işləməlidir. Yaddaş da ümumi olmalıdır, çünki unudulmuş ədalətsizlik hər zaman yeni bir müharibə ilə geri qayıdır.

Nikkolo Makiavelli deyirdi: "Dövlətin ən etibarlı qalası öz xalqının etibarıdır". 

İnformasiya suverenliyi qadağalarla yox, yaddaşla başlayır. Öz evində yadlar qapını qırıb içəri girəndə təhlükəli deyillər; ọnlar o zaman təhlükəlidirlər ki, sən onları özününkü hesab etməyə başlayırsan...

"AzPolitika.info"