Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil” mövzusunda tədbirdə geniş hesabat xarakterli çıxış edib. Nazir çıxışında ölkədəki müəllim kontingentinin mövcud vəziyyəti, əməkhaqqı dinamikası, dərs yükləri, həmçinin məktəb idarəçiliyindəki ən aktual problemlərə toxunub və medianın suallarını cavablandırıb.
"AzPolitika" xəbər verir ki, Emin Əmrullayev çıxışında müəllimlərin sertifikatlaşdırılması prosesinə ilk dəfə 2022-ci ildə start verildiyini xatırladıb. Onun sözlərinə görə, ilkin mərhələdə Bakı, Sumqayıt, Abşeron, eləcə də Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının, həmçinin Gəncə şəhərinin ibtidai sinif müəllimləri bu prosesə cəlb olunublar.
“Sonrakı mərhələlərdə isə coğrafiya coğrafiyası genişlənərək digər regionların ibtidai sinif müəllimlərini, habelə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, xarici dil, biologiya, kimya, fizika, coğrafiya və informatika fənlərini tədris edənləri əhatə edib. Cari ildə isə tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimlərinin sertifikatlaşdırılması həyata keçirilib”, - o əlavə edib.
Nazir vurğulayıb ki, 2022-2026-cı illər ərzində ümumilikdə 104 min 435 müəllim ən azı bir dəfə sertifikatlaşdırma prosesində iştirak edib. Bu rəqəmin müəllimlərin sırf sayını ifadə etdiyini deyən Emin Əmrullayev, bəzi müəllimlərin prosesdə artıq iki dəfə iştirak etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, 104 mindən çox müəllimin cəlb olunması o deməkdir ki, bu sistem demək olar ki, ölkədəki bütün müəllim kontingentini əhatə edir: “Qanunvericiliyə uyğun olaraq istisna qrupa daxil edilən və ya işə yeni başlayan müəllimlər bura daxil deyil. Eyni zamanda, 60 yaşdan yuxarı müəllimlər də bu imtahanlarda tamamilə könüllü əsaslarla iştirak edirlər”.
Təhsil sahəsində çox müzakirə olunan məsələlərdən birinə aydınlıq gətirən nazir, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsindən keçərək məktəblərə yerləşən müəllimlərin sertifikatlaşdırma nəticələrini açıqlayıb. O qeyd edib ki, müəllimlərin süni şəkildə “MİQ-dən gələn” və “gəlməyən” kimi kateqoriyalara bölünməsi düzgün deyil, çünki bütün müəllimlər eyni peşə funksiyalarını yerinə yetirirlər. Lakin rəqəmlər MİQ sisteminin savadlı kadr seçmək baxımından effektiv alət olduğunu sübut edir:
“Məsələn, əvvəlki illərdə MİQ imtahanında iştirak edərək 30 və daha yüksək bal toplamış müəllimlərin 99 faizi sertifikatlaşdırmadan uğurla keçib. Onların 62 faizi isə sertifikatlaşdırma imtahanında 51 və daha yüksək bal toplayaraq ən yüksək əməkhaqqı artımı kateqoriyasına daxil olublar. Detallara varsaq, MİQ imtahanında 30-40 bal toplayaraq işə qəbul olunan 7 960 müəllim sertifikatlaşdırmada orta hesabla 48 bal, 41-50 bal toplayan 9 886 müəllim orta hesabla 51 bal, 51-60 bal nəticə göstərən 5 531 müəllim isə sertifikatlaşdırmada orta hesabla 52 bal toplayıb. Ümumilikdə 23 377 mərkəzləşdirilmiş qaydada işə qəbul olunan müəllimin sertifikatlaşdırma üzrə orta göstəricisi 51 bal təşkil edib. Müqayisə üçün qeyd edilib ki, MİQ-də iştirak etməyən digər müəllimlər üzrə bu orta göstərici 42 bal olub. Ümumi göstəricilərə əsasən sertifikatlaşdırma imtahanında 51 baldan yuxarı nəticə göstərən müəllimlərin payı cəmi 29 faiz olduğu halda, MİQ sistemi ilə gələnlər arasında bu göstərici 66 faiz təşkil edib”. Nazir əlavə edib ki, bu müqayisə digər müəllimlərin bilik səviyyəsinin aşağı olması anlamına gəlmir, sadəcə ümumi statistik mənzərəni əks etdirir.
Qeyd edək ki, ETN-nin yaydığı məlumata görə, son 12 il ərzində müəllimlərin orta aylıq əməkhaqqında kəskin artım dinamikası qeydə alınıb. Belə ki, 2014-cü ildə müəllimlərin orta aylıq əməkhaqqı cəmi 267 manat təşkil edirdi. 2015-ci ildə diaqnostik qiymətləndirmənin tətbiqi ilə bu rəqəm 365 manata yüksəlib. 2016-cı ilin aprelindən tətbiq edilən 10 faizlik artımdan sonra əməkhaqqı 403 manat olub və 2018-ci ilə qədər bu səviyyədə sabit qalıb.
Dinamika növbəti illərdə də davam edib: 2019-cu il sentyabrın 1-dən tətbiq edilən 20 faizlik artım nəticəsində orta əməkhaqqı 533 manata yüksəlib və 2021-ci ilədək dəyişməz qalıb. 2022-ci il yanvarın 1-də reallaşan 20 faizlik artımdan sonra maaşlar 651 manata, həmin ilin sentyabrında sertifikatlaşdırma prosesinin işə düşməsi ilə 720 manata çatıb. 2023-cü ilin fevralında 10 faizlik artımdan sonra orta əməkhaqqı 790 manata, sentyabr ayında isə 830 manata yüksəlib.
Sertifikatlaşdırma mexanizminin genişlənməsi ilə artım tendensiyası sonrakı illərdə də qorunub. Beləliklə, 2024-cü ilin sentyabrında orta aylıq əməkhaqqı 920 manat, 2025-ci ildə 965 manat, 2026-cı ilin sentyabr ayı üçün isə 1030 manat təşkil edib. Ümumilikdə, 2014-cü illə müqayisədə ölkə müəllimlərinin orta aylıq əməkhaqqı 4 dəfəyə yaxın artıb.
Emin Əmrullayev müəllimlərin həftəlik dərs saatı ilə aldıqları orta aylıq əməkhaqqı arasında birbaşa əlaqənin olduğunu statistik rəqəmlərlə əsaslandırıb. Nazirin təqdim etdiyi statistikaya görə, qruplar üzrə bölgü aşağıdakı kimidir:
500 manata qədər əməkhaqqı alan 14 372 müəllim var ki, onlar ümumi heyətin 12 faizini təşkil edir və bu qrupun həftəlik orta dərs yükü cəmi 8 saatdır. 500-1000 manat aralığında əməkhaqqı alanlar isə təhsildə ən böyük qrupu təşkil edir. Bu qrupa 45 126 müəllim daxildir və onların həftəlik orta dərs saatı 17 saat olaraq qeydə alınıb.
Eyni zamanda, 1000-1500 manat aralığında əməkhaqqı alan 40 240 müəllim ümumi müəllim heyətinin 36 faizini təşkil edir və bu qrup üzrə həftəlik orta dərs yükü 25 saatdır. 1500-2000 manat aralığında əməkhaqqı alan 14 228 müəllim ümumi kontingentin 12 faizidir və onların həftəlik dərs yükü 31 saat olaraq müəyyən edilib. Ən yüksək, yəni 2000 manat və daha çox əməkhaqqı alan 1 426 müəllim ümumi müəllim heyətinin cəmi 1 faizini təşkil etsə də, onların həftəlik orta dərs saatı 34 saat ilə ən pik göstəricidir.
Media nümayəndələrinin suallarını cavablandıran nazir vurğulayıb ki, mövcud qanunvericiliyə əsasən, sertifikatlaşdırmanın birinci mərhələsində 51 və daha yuxarı bal toplayan müəllimlərin əməkhaqqısına 35 faiz artım tətbiq edilir. Növbəti mərhələlərdə 50 bal nəticə göstərən müəllimlər üçün isə qanunvericiliyə uyğun olaraq əməkhaqqı artımı 10 faiz təşkil edir. Nazirlik birinci mərhələ tam yekunlaşdıqdan sonra prosesin nəticələrini təhlil edərək gələcək tənzimləmələrlə bağlı müvəqqəti qiymətləndirmə aparacaq.
Emin Əmrullayev təhsil sisteminin qarşısında duran ən kritik vəzifələrdən birinin məktəb direktorlarının düzgün seçilməsi olduğunu bəyan edib. Nazir bildirib ki, hər yaxşı müəllimdən yaxşı direktor yetişməsi mütləq deyil və bəzən bu yanlış yanaşma həm yaxşı müəllimin itirilməsinə, həm də zəif idarəçinin formalaşmasına gətirib çıxarır.
Məktəb idarəçiliyində bacarıqlı, vicdanlı və peşəkar kadrların yer almasının vacibliyini qeyd edən nazirin sözlərinə görə, müəllimlikdən birbaşa direktor vəzifəsinə keçid hər zaman effektiv nəticə vermir, idarəçilik təcrübəsinin formalaşması şərtdir. Keyfiyyətli direktor heyətinin formalaşması üçün isə güclü direktor müavinləri və metodistlər bazası olmalıdır, əks halda idarəetmədə səhv ehtimalı yüksək olaraq qalacaq.
“AzPolitika.info”

Şərhlər