Məlum olduğu kimi, bu günlərdə ölkədə sosial media platformalarında qeydiyyat üçün minimum yaş həddinin 16 yaş müəyyən edilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, 16 yaşadək uşaqların sosial şəbəkələrdə şəxsi hesab açması qadağan edilir, 16-18 yaş arası istifadəçilər üçün isə valideyn razılığı tələb olunur.
Eyni zamanda platformaların istifadəçi yaşını yoxlaması, manipulyativ alqoritmlərin (sonsuz "scroll", avtomatik video oynatma və s.) yeniyetmələr üçün məhdudlaşdırılması, şəxsi məlumatların kommersiya məqsədilə istifadəsinin qadağan olunması nəzərdə tutulur.
Müasir dünyanın olduqca sürətli rəqəmsal inkişafı və buna paralel olaraq internetin, sosial şəbəkələrin hər birimizin həyatına “icazəsiz” müdaxiləsi kontekstində bu sahənin qanunla tənzimlənmə səviyyəsinin artırılması təbii görünür. Bu baxımdan yeni qanun özündə yeniyetmələr qarşı yeni qadağalar yox, qoruma mexanizmlərini ehtiva etmiş olur.
Çünki internet təkcə tez əlçatan bilik, məlumat, əyləncə mənbəyi deyil, həm də kibercinayətkarlıq üçün olduqca münbit mühitdir. Bu cinayətlərin hədəflərinin bir çox hallarda, hələ nə fiziki, nə də psixoloji baxımdan bərkiməmiş, təcrübəsiz uşaqların, yeniyetmələrin olması ona gətirib çıxarıb ki, dünyanın ən demokratik sayılan dövlətləri belə sosial şəbəkələrə yaş məhdudiyyətləri qoymağa başlayıblar. Məsələyə dərindən baxsaq, Azərbaycan bəlkə də bu məsələdə hələ bir qədər gecikib də. İndiyə qədər məhz sosial şəbəkə qurbanları olan çoxlu sayda yeniyetmələrin faciəli sonluğuna, yaxud həm özlərinə, həm ailələrinə yaratdıqları ciddi problemlərə dair xeyli faktlar var.
Məsələnin bir də sırf hüquqi məsuliyyət və sosial şəbəkələr vasitəsilə törədilən cinayətlərin ağırlıq miqyası tərəfi var. Bu kontekstdən baxıldıqda, uşaqların, yeniyetmələrin sosial şəbəkə ilə əlaqələri dövlət təhlükəsizliyi məsələlərinə qədər gedib çıxa bilir. Məsələn, bu gün Rusiya və Ukrayna arasında gedən müharibədə hər iki tərəfin xüsusi xidmət orqanları qarşı tərəfin ərazisində həyata keçirdikləri kəşfiyyat, diversiya və hətta terror əməliyyatlarında yeniyetmələrin “xidmətlərindən” istifadə etməyə qətiyyən çəkinmirlər. Bəs onların belə əməliyyatlara cəlb edilməsi hansı vasitə ilə həyata keçirilir? Əlbəttə ki, ilk növbədə sosial şəbəkələrlə.
İş o yerə çatıb ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin açıqlamasına görə, onun rəhbərlik etdiyi qurum bir sıra maddələrdə cinayət məsuliyyəti yaşının 12 ilə endirilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb.
Əlbəttə ki, söhbət xüsusilə də sosial şəbəkələr vasitəsilə törədilən və bir çox hallarda xarici xüsusi xidmət orqanlarının planladığı cinayətlərdən gedir. Hesablamalara görə, Ukraynadakı müharibə dövründə Rusiya Federasiyasında terror aktları (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi) və ya təxribat (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 281-ci maddəsi) ittihamları ilə 18 yaşından kiçik ən azı 240 nəfər saxlanılıb. Onların bir çoxu real həbs cəzasına çatdırılıb. Eyni mənzərə əlbəttə ki, qarşı tərəfdə - Ukraynada da müşahidə olunur.
Azərbaycan hazırda müharibə şəraitində olmasa da, ölkəmizdə marağı olan xarici dövlətlərin kəşfiyyat orqanlarının “nəzəri hər zaman üzərimizdədir”. Yeniyetmələrimiz istənilən vaxt onların əlində alətə çevrilə bilər.
Odur ki, təhlükəsizlik çağırışları ölkəmiz üçün də aktualdır və bu cür qanunlar həm yeniyetmələrimizi kimlərinsə qurbanına çevrilməkdən, həm də milli təhlükəsizliyimizi xarici müdaxilələrdən qorumaqda kömək etməlidir.
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər