Əli Məsimli: “Bu addım , büdcəyə milyardlarla manat əlavə vəsaitin cəlb edilməsi üçün güclü zəmin yaradar”

2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Maliyyə Nazirliyinin yaydığı rəsmi məlumatına görə, bu dövrdə xəzinə əməliyyatlarına dair müraciətlərin qanunvericiliyin tələblərinə uyğun, sürətli və xətasız icrası təmin edilib, xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı vaxtında və tam şəkildə icra olunub.

Nazirlik bildirib ki, cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat təşkil edib ki, bu da proqnozu 350,5 milyon manat və ya 1,9 faiz üstələyib. Birinci yarımildə dövlət büdcəsinin xərcləri isə 17 milyard 230,6 milyon manatlıq proqnoza qarşı 16 milyard 775,5 milyon manat məbləğində icra edilib ki, bu da planın 97,4 faizini təşkil edir. Beləliklə, 2026-cı ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri xərclərini 2 milyard 403,9 milyon manat üstələyib və büdcə artıqlığı (profisit) yaranıb. Həmçinin qeyd olunan dövr ərzində icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat, xərcləri isə 19 milyard 124,4 milyon manat məbləğində icra edilib.

Maliyyə Nazirliyinin açıqladığı bu rəsmi göstəriciləri “AzPolitika”ya şərh edən iqtisadçı alim, millət vəkili Əli Məsimli dövlət büdcəsinin gəlirlərinin proqnozu üstələməsinin əsas səbəbləri sırasında qeyri-neft-qaz sektorundakı artımı, vergi və gömrük orqanlarının xətti ilə daxilolmaların çoxalmasını, eləcə də digər daxilolmaların proqnozu keçməsini göstərib.

Millət vəkili qeyd edib ki, həmin amillər arasında 2019-cu ildən qüvvədə olan və qeyri-neft-qaz, qeyri-dövlət sektorunda işləyən şəxslərin maaşlarının 8 000 manata qədər olan hissəsinə tətbiq edilən 7 illik vergi güzəştinin 2026-cı il yanvarın 1-də başa çatması və bu ilin yanvarın 1-dən həmin kateqoriyaya aid olanların gəlirlərinin gəlir vergisinə cəlb olunması xüsusi rol oynayır.

Bununla yanaşı, iqtisadçı idxal əməliyyatlarından yığılan vergi və rüsumların müəyyən edilmiş proqnozu qabaqlamasını dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən əldə edilən gəlirlərin proqnozlaşdırılan hədəflərdən yüksək icra olunmasını, büdcə gəlirlərinin formalaşmasında sair daxilolmalar kateqoriyası üzrə daxilolmaların artmasını, rəqəmsallaşma və idarəetmədə xəzinə əməliyyatlarının sürətli, xətasız yerinə yetirilməsi kimi amillərin də dövlət gəlirlərinin planlaşdırılandan 350,5 milyon manat çox toplanmasına zəmin yaratdığını vurğulayıb.

Ə.Məsimli bildirib ki, gələcəkdə büdcə gəlirlərinin daha da artırılması kontekstində Ümumi Daxili Məhsulun (ÜDM) artım templərinin ölkəmizin potensial imkanlarına uyğun səviyyədə sürətləndirilməsi mühüm rol oynaya bilər. O vurğulayıb ki, ÜDM-in artım tempinin sürətləndirilməsinin hər bir faizi 1,3 milyard manatdan çox yeni əlavə dəyər yaradır.

Əli Məsimli ikinci çox böyük mənbə kimi kölgə iqtisadiyyatının dairəsinin daraldılması və qanunlar çərçivəsində onun müəyyən hissələrində “ağartmaya” gedilməsi işinin daha miqyaslı şəkildə davam etdirilməsini göstərərək deyib ki, bu, büdcəyə milyardlarla manat əlavə vəsaitin cəlb edilməsi üçün güclü zəmin yaradar.

İqtisadçı alim üçüncü mənbə olaraq rəqəmsallaşdırma kontekstində innovasiyalara geniş meydan verilməsi hesabına yeni əlavə dəyər yaradılmasının miqyaslarının artırılmasını qeyd edib:”Maliyyə mənbələri iqtisadi fəaliyyət subyektləri üçün əlçatan olmalı, onların hüquqlarının müdafiəsi sistemi əsaslı surətdə gücləndirilməlidir. Xüsusilə də kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından və sistemlərindən, habelə kapital bazarının imkanlarından istifadə etməklə operativ və davamlı alternativ maliyyələşmə kanallarına əlverişli çıxış imkanlarının yaradılması və maliyyələşmədə iştirak edən investorların hüquqlarının etibarlı şəkildə müdafiəsi təmin edilməlidir”.

Əli Məsimli dördüncü mənbə kimi şəffaflığın, məsuliyyətin artırılması və hesabatlılığın gücləndirilməsini önə çəkib. Yekunda millət vəkili vurğulayıb ki, təsərrüfat fəaliyyətinin səmərəliliyinin artırılması, iqtisadi artım templərinin sürətləndirilməsi, kölgə iqtisadiyyatının dairəsinin məhdudlaşdırılması və sadalanan digər məqamlar üzrə nəzərəçarpan müsbət nəticələrə nail olmaqdan ötrü, dayanıqlı büdcə sisteminə daha geniş anlamda keçidi təmin edən zəruri islahatlara gedilməli, bütün səviyyələrdə idarəetmə sistemi əsaslı surətdə təkmilləşdirilməli, bir-biri ilə daxili məntiqi əlaqədə götürülmüş iqtisadi, institusional, struktur və hüquqi islahatlar həyata keçirilməli, eləcə də iqtisadi siyasətin monetar, fiskal və təşviqləndirici istiqamətlərinin effektiv kombinasiyasına nail olunmalıdır.

E.Rüstəmli

“AzPolitika.info”