Qazaxıstanda Konstitusiya Məhkəməsinin son qərarı ölkədə hakimiyyətin gələcəyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.

"AzPolitika" xəbər verir ki, iyulun 1-dən qüvvəyə minən yeni konstitusiyanın şərhi prezident Kasım-Jomart Tokayev üçün 2029-cu il prezident seçkilərində yenidən namizəd olmaq imkanını hüquqi baxımdan açıq saxlayıb. Bununla da son aylar “Tokayevdən sonra ölkəyə kim rəhbərlik edəcək” sualı ətrafında aparılan müzakirələr yeni məzmun qazanıb. Mövzu Konstitusiya Məhkəməsinin qərarından dərhal sonra Tokayevin iyulun 8-də Berik Asılovu baş prokuror təyin etməsi fonunda daha da aktuallaşıb. Məhkəmə bildirib ki, yeni Konstitusiyanın qüvvəyə minməsi ilə ali dövlət vəzifələri üzrə səlahiyyət müddətlərinin hesablanması yenidən başlayır. Bu yanaşma prezident postuna da şamil olunur və əvvəlki Konstitusiya dövründə keçilən müddətlər yeni sistemdə nəzərə alınmır.

Rəsmi Astana qərarın sırf hüquqi xarakter daşıdığını bildirir. Prezident Administrasiyası rəhbərinin birinci müavini Erlan Karin bunun keçid dövrü ilə bağlı prosedur məsələlərinə aydınlıq gətirdiyini və siyasi məqsəd daşımadığını deyib. Lakin ekspertlər hesab edirlər ki, hüquqi izahın siyasi nəticələri qaçılmazdır.


Əsas məsələ ondan ibarətdir ki, Tokayev 2022-ci il seçkiləri zamanı yalnız bir prezident müddəti ilə kifayətlənəcəyini bəyan etmişdi. İndi isə Konstitusiya Məhkəməsinin qərarı ona 2029-cu ildə yenidən seçkilərdə iştirak etmək üçün hüquqi imkan yaradır. Prezident bu variantdan istifadə edib-etməyəcəyini açıqlamasa da, belə bir imkanın yaranması hakimiyyət daxilində varislik məsələsinə münasibəti də dəyişir.

Picture backgroundQazaxıstanlı politoloq Dosım Satpayev nəşrə deyib ki, Mərkəzi Asiyada yeni konstitusiyaların qəbulundan sonra prezidentlik müddətlərinin yenidən hesablanması artıq tanınmış siyasi mexanizmə çevrilib. Onun sözlərinə görə, bu cür qərarlar təkcə hakimiyyətin uzadılması deyil, həm də müxtəlif siyasi ssenarilərin açıq saxlanılması məqsədi daşıyır. Ekspert hesab edir ki, Tokayev parlament seçkilərindən sonra hansı modeli seçəcəyinə qərar verə bilər.

Rusiyanın İMEMO İnstitutunun eksperti Stanislav Pritçin isə hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarı Tokayev üçün "ehtiyat plan" rolunu oynayır. Əgər 2029-cu ilə qədər hakimiyyət daxilində varislik uğrunda mübarizə güclənərsə və ya potensial namizədlər arasında rəqabət ölkədə sabitliyi risk altına salarsa, Tokayev yenidən namizəd olmaq variantından istifadə edə bilər.

Ekspertlərin fikrincə, hazırda Qazaxıstanda Tokayevin konkret varisinin adı açıqlanmasa da, hakim elita daxilində müxtəlif ssenarilər müzakirə olunur. Məhz buna görə Konstitusiya Məhkəməsinin qərarı təkcə prezidentin gələcəyi deyil, həm də hakimiyyətin ötürülməsi modelinə təsir edən addım kimi qiymətləndirilir.

Maraqlıdır ki, yeni konstitusiyada vitse-prezident institutunun bərpası da diqqət çəkən yeniliklərdən biridir. Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin hesab edir ki, bu institut gələcəkdə hakimiyyətin varislik mexanizmini təmin etmək üçün əlavə alət rolunu oynaya bilər. Onun fikrincə, Tokayev hələlik ikinci prezidentlik müddətindən imtina edəcək siyasətçi təsiri bağışlamır.(musavat.com)