ABŞ və İran arasında qarşılıqlı zərbələr daha geniş coğrafiyanı əhatə etməyə başlayıb. İran iyulun 12-də Bəhreyn, Küveyt, Qətər, Oman və İordaniyada yerləşən ABŞ hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldığını açıqlayıb.

Birləşmiş Ərəb Əmirliklərində də raket təhlükəsi qeydə alınıb. Reuters-in məlumatına görə, son hücumlar əhatə dairəsini kəskin genişləndirib.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniyadakı ABŞ bazasında komanda-idarəetmə mərkəzi və pilotsuz uçuş aparatı anqarlarını, Küveytdə radar məntəqəsini, Omanda ABŞ qüvvələrinə xidmət edən platformaları, Qətərdə isə hərbi təyyarələrə texniki xidmət mərkəzini vurduğunu iddia edib. Bu məlumatların hamısı ABŞ tərəfindən təsdiqlənməyib.

Bəhreyn bir neçə hava hücumunu zərərsizləşdirdiyini, Küveyt raket və PUA-ların qarşısının alındığını, Oman isə bəzi obyektlərin pilotsuz aparatlarla vurulduğunu açıqlayıb. İordaniyada üç İran raketinin düşməsi nəticəsində cüzi dağıntı yaranıb, xəsarət alan olmayıb.

İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları (PUA) həmçinin ABŞ-ın Küveytdəki yeni bazasında rabitə sistemlərini və bazaya aparan yolları sıradan çıxarıb

SEPAH 4 ədəd "Fateh-110" raketinin buraxıldığını və onların İran ərazisini atəşə tutmağa hazırlaşdığı iddia edilən beş HIMARS qurğusunu hədəf aldığını açıqlayıb..

İlkin məlumatlara əsasən, hücum nəticəsində bir neçə ABŞ hərbçisi həlak olub.

Bundan əlavə, İranın Küveyt-İraq sərhədində yerləşən üç sərhəd-keçid məntəqəsini də vurduğu bildirilir. Bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.

Fars körfəzində fəaliyyət göstərən Küveyt Neft Şirkətinə məxsus dəniz qazma platformalarının da hücuma məruz qaldığı bildirilir. Hücum nəticəsində bir əməkdaş yaralanıb, avadanlıqlara ziyan dəyib.

Qətər İran raketlərinin qarşısının alındığını bildirib. Vurulan raketlərin qalıqlarının yerə düşməsi nəticəsində biri uşaq olmaqla üç nəfər yaralanıb. 

Gərginliyin yeni mərhələsi İranın Hörmüz boğazında Kipr bayrağı altında üzən GFS Galaxy konteyner gəmisini vurmasından sonra başlayıb. Gəminin mühərrik bölməsinə ciddi ziyan dəyib, 23 heyət üzvü xilas edilib, Hindistan vətəndaşı olan bir dənizçinin itkin düşdüyü bildirilib.

ABŞ buna cavab olaraq İran ərazisində genişmiqyaslı zərbələr həyata keçirib. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, bir gecə ərzində İranın raket və PUA mövqeləri, hərbi dəniz obyektləri, sursat anbarları, rabitə şəbəkələri və sahil müşahidə məntəqələri də daxil olmaqla təxminən 140 hədəf vurulub. Son üç gecədə vurulan İran obyektlərinin ümumi sayı 300-ü keçib.

İran Hörmüz boğazının növbəti bildirişədək bağlandığını elan edib və boğazın ABŞ-ın regiona müdaxiləsi başa çatanadək açılmayacağını bildirib. Tehran onun müəyyən etdiyi marşrutdan və əvvəlcədən icazə almadan keçən gəmilərin hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.

Bununla bağlı İranın Fars körfəzinə Nəzarət İdarəsi (PGSA) və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri açıqlama yayıb.

İdarənin "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib ki, ABŞ silahlı qüvvələrinin bölgədəki son qanunsuz hərəkətləri ilə əlaqədar hazırda Hörmüz boğazından keçid mümkün deyil.

Qeyd olunub ki, vəziyyət sabitləşdikdən və bölgədə sakitlik bərpa edildikdən sonra müraciətlər növbəlilik qaydasında nəzərdən keçiriləcək və müvafiq icazələr veriləcək.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə bəyan edib ki, Hörmüz boğazı ötən axşamdan bağlanıb və İran hakimiyyəti onun yenidən açılması barədə qərar qəbul edənədək keçid mümkün olmayacaq.

Açıqlamada həmçinin vurğulanıb ki, boğazdan keçməyə cəhd göstərən istənilən gəmi özünü təhlükə ilə üz-üzə qoymuş olacaq.

ABŞ Mərkəzi Komandanlığı isə İranın boğaza nəzarət etmədiyini və kommersiya gəmilərinin hərəkətinin davam etdiyini iddia edib. ABŞ Hərbi Dəniz Qüvvələrinin rəhbərlik etdiyi mərkəz gəmilərə Oman sahillərinə yaxın genişləndirilmiş cənub marşrutundan istifadə etməyi tövsiyə edib.

"AzPolitika. info"